Sovet-alman müharibəsində ən çox itki verən hərbi hissələr – Cərimə batalyonları
8-11-2020, 07:35
II dünya müharibəsində müharibə aparan ölkələrin ordularında xüsusi cərimə hissələri mövcud olub. Müharibə dövründə davamlı olaraq nizam-intizamı pozanlar, cinayət törədən hərbçilər (ağır cinayətlər və Hərbi Kollegiyanın qərarı ilə ölüm hökmünə məhkum edilənlər istisna olmaqla), hərbi əməliyyatlar zamanı vəzifə borclarını yerinə yetirməkdən imtina edənlər, əməliyyat ərazisini icazəsiz tərk edənlər cəza növü kimi bu hissələrə göndərilib.
1942-ci ildə sovet ordusunda da cərimə hissələri, cərimə batalyonları (“ştrafbat”) və cərimə rotaları yaradılıb. Moskva uğrunda gedən döyüşlərdə sovet ordusu uğur qazansa da, Leninqrad cəbhəsində və Xarkovda Vermaxt qoşunları hərbi əməliyyatlarda üstünlüyü ələ alaraq sovet qoşunlarını böyük itkilərə məruz qoyub. Qeyd edək ki, Xarkov döyüşlərində məğlubiyyət sovet-alman müharibəsində SSRİ-nin ən uğursuz əməliyyatlarından biri sayılıb. Bu uğursuzluğun əsas müəlliflərindən biri də ermənilərin mifləşdirdiyi İvan Xristoforoviç (Ovanes Xaçaturoviç) Baqramyan olub ki, məhz həmin ərəfədə o, cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidmət edib. Baqramyanın qeyri-peşəkarlığı sayəsində Xarkov əməliyyatı zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Bu uğursuz əməliyyat Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb. Stalin cənub-qərb cəbhəsinin hərbi şurasına məktub ünvanlayıb:
“Uğursuz Xarkov əməliyyatı üç həftə ərzində 20 diviziyanı alman qoşunlarına təslim etdi. Bu məğlubiyyət Baqramyanın qeyri-peşəkarlığının nəticəsidir. Onun bu gündən sonra cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidməti məqsədəuyğun sayılmır…”
Leninqrad və Xarkov cəbhələrində uğursuz əməliyyatlardan sonra Stalin “Orduda nizam-intizamın möhkəmləndirilməsi və döyüş ərazisini özbaşına tərk edənlər haqqında” 227 saylı əmr imzalayıb. Əmr hərbçilər arasında “Bir addım da geri çəkilməmək” kimi populyarlaşıb. Bu əmrdən sonra xüsusi direktiv hazırlanıb. Direktivdə sovet ordusunda cərimə hissələrinin yaradılması ilə bağlı bəndlər əks olunub.
Bütövlükdə sovet-alman müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində 65 cərimə batalyonu və 1048 cərimə rotası fəaliyyət göstərib. Ümumilikdə müharibə dövründə bu cərimə hissələrinə 427 min nəfər göndərilib. Bu sovet ordusunda xidmət edənlərin təxminən 1.2 faizi olub.
Cinayətkar qadınları cərimə hissələrinə göndərməyiblər. Onlar arxa cəbhəyə göndərilərək ağır işlərə cəlb olunublar.
Cərimə hissələrində tibb məntəqələri fəaliyyət göstərməyib. Zərurət yarandığı halda ətraf ərazilərdəki hərbi hissələin tibb məntəqələrindən tibb bacıları cərimə hissələrinə göndərilib.
Cərimə hissələrinə göndərilənlərin həmin hissələrdə qalma müddəti konkret vaxtla müəyyən olunub. Amma bununla yanaşı həmin hissələrin komandirlərinə cərimə hissələrinə göndərilənlərin fərqləndikləri halda onların buraxılaraq öz hərbi hissələrinə göndərmək səlahiyyəti verilib. Komandirlər bununla bağlı yuxarı instansiyalara təqdimat göndəriblər. O, cümlədən cərimə hissələrinin komandirlərinin bu hissələrdə döyüş əməliyyatlarında fərqlənənləri mükafatlandırmaq üçün təqdimat göndərmək hüququ da olub.
Cərimə hissəsində olanlar hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirmədikdə, yaxud da bundan imtina etdiyi halda, əməliyyat rayonunu özbaşına tərk etdikdə heç bir müzakirə, səhra məhkəməsi olmadan güllələnib.
Cərimə hissələrində canlı itkilərin sayı adi hərbi hissələrdən 3-6 dəfə çox olub ki, bu da həmin hissələrdə olanların ən ağır hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlıdır.
Cərimə hissələri ilə bağlı daha bir səlahiyyət “NKVD”-nin başçısı Lavrenti Beriyaya verilib. İslah-əmək düşərgələrində, həbsxanalarda cəza çəkən məhkumlar könüllü olaraq hərbi əməliyyatlarda iştirak etmək üçün müraciətlər edəndə yalnız Beriyanın icazəsindən sonra cərimə hissələrinə göndəriliblər.
Siyasi məhbusların, dövlət əleyhinə cinayət törədənlərin, “qanuni oğrular”ın cərimə hissələrinə göndərilməsinə icazə verilməyib.
Müharibə ərəfəsində orta ağır və yüngül cinayət törədən mülki şəxslər də öz müraciətləri əsasında cərimə hissələrinə göndərilib.
Tarixdən bir çox faktlar məlumdur ki, cinayət törətmiş mülki şəxslər cərimə hissələrində qəhrəmanlıq və şücaət göstərərək nəinki öz günahlarını yuyub, hətta ən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Məsələn, azərbaycanlı akademik Ziya Bünyadov məhz cərimə batalyonunun tərkibində vuruşaraq Sovet İttifaqı Qəhrəmanı fəxri adını alıb.
Cərimə hissələrinin yaradılması ilə bağlı hərbi ekspertlərin, siyasətçilərin fikirləri fərqli olub. Bəziləri bu hissələrin yaradılmasını kifayət qədər qəddar bir addım kimi dəyərləndirib, digərləri cərimə hissələrinin yaradılmasını zəruri sayıb. Fikir ayrılığına baxmayaraq hamının qəbul etdiyi bir fikir də mövcuddur: Müharibənin öz qanunları var və onlar çox sərt qanunlardır, müharibə gedən ölkədə hər bir kəsin bu qanunlara riayət etməsi mütləq və vacibdir…
Müharibədən sonrakı illərdə cərimə hissələri haqqında sənədli və bədii filmlər çəkilib, kitablar yazılıb, çoxsaylı məqalələr dərc olunub. 2004-cü ildə rejissor Nikolay Dostalın çəkdiyi “Ştrafbat” serialı isə bu silsilədən olan ən maraqlı əsərlərdən biridir.
İlham Cəmiloğlu