Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyir - Ermənistanın sabiq naziri
28-11-2020, 07:44
Yaxın gələcəkdə Ermənistanda ərzaq təhlükəsizliyi, ilk növbədə çörəyin mövcudluğu, həmçinin qiymət artımı nöqteyi-nəzərindən ciddi problemlər yaranacaq.
“Report” xəbər verir ki, bu barədə "News.am"a Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib.
O, qeyd edib ki, ərzaq təhlükəsizliyi bir zamanlar işğal olunmuş həm Qarabağ, həm də Ermənistan üçün ümumi xarakter daşıyıb. Lakin indi ermənilər Qarabağı tərk edib.
Birinci təhlükə taxılın mümkün çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edib. Sabiq nazirin sözlərinə görə, bunun 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb.
“Biz Ermənistanda istehsal edilən 75%-dən çox taxıl itirdik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Defisiti xaricdən idxalla doldurmaq lazım gələcək. Nəzərə alsaq ki, ABŞ dollarının məzənnəsi artmağa davam edəcək, onda bizdə çörəyin mövcudluğu və onun qiymət ilə bağlı problem yaranacaq”, - sabiq kənd təsərrüfatı naziri deyib.
“Taxılın əsas ixracatçı ölkələrinin koronavirusla əlaqədar məhdudiyyətlərini də unutmaq olmaz. Və əgər çörəyin qiyməti artsa, onda hər şeyin qiyməti artacaq”, - Artur Xaçatryan bildirib.
“Təəssüf ki, bizdə ərzaq təhlükəsizliyi strategiyaları yoxdur. Müstəqilliyin əldə edilməsi günündən Ermənistan kənd təsərrüfatı ilə məşğul olmayıb”, - o əlavə edib.