Sülhməramlı nə ilə silahlanmalıdır? - Qadağan olunan texnikalar
28-11-2020, 09:05
Qarabağdakı Rusiya sülhməramlılarının silahlanmasında istifadə olunan texnikanın siyahısı mediada yayımlanandan sonra məsələ gündəmdə xeyli qaldı.
Maraqlıdır, beynəlxalq qaydalara əsasən, sülhməramlı necə silahlanmalıdır? Əsas missiyası sülhə xidmət etmək olan bu qüvvələrin hərbi texniki təchizatı ilə bağlı hansısa məhdudiyyət, limit nəzərdə tutulubmu?
Teref.az ted.az-a istinadən bildirir ki, hərbi ekspert Ramil Məmmədlinin dediyinə görə, sülhməramlıların missiyasının nədən ibarət olması onların silahlanmasına bir-başa təsir edir: "Məsələn, İraqda sülhməramlı missiyanı həyata keçirən qüvvələr fərqli, Əfqanıstandakılar isə tamamilə fərqli silahlanmışdılar. Eyni vəziyyəti Yuqoslaviya ilə bağlı da qeyd etmək olar. Afrika ölkələrində isə vəziyyət tamam başqa cürdür. Bu istiqamətdə konkret məqam yoxdur. Əlbəttə, texnika parkında zirehli texnikaların, Aviasiya vasitələrinin, döyüş təyyarələrinin, hərbi səhra şəraitində hospitalın qurulması üçün müvafiq vasitələrin olması vacibdir. Silahlanmaya gəldikdə isə əslində burada ağır artilleriyadan söhbət gedə bilməz. Çünki buna ehtiyac yoxdur. Sülhməramlıların silahlanmasına, əsasən, iri çaplı pulemyot, atıcı silahlar daxil edilir".
Ekspert vurğulayıb ki, sülhməramlı üçün limit qoyacaq xüsusi qayda yoxdur: "Ola bilər, sülhməramlı missiya vəziyyətə uyğun olaraq ağır texnikadan da istifadə etsin. Çünki tərəflər arasındakı vəziyyət bəzən sülhün bərqərar olunması üçün bu texnikanı zəruri edir. Söhbət yalnız Rusiyanın Qarabağdakı sülhməramlılarından getmir, məsələyə ümumi yanaşırıq. Amma onların Qarabağda ağır texnika, reaktiv yaylım atəş sistemləri ilə silahlanması o qədər də vacib məsələ deyildi. Çünki bu sülhməramlıların əməliyyat missiyası yalnız mühafizənin təşkili və sülhün bərqərar olunması üçün ermənilərə nəzarətdir. Onsuz da Azərbaycan razılaşmaya əsasən, üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirir"