Bakıda nadir tikili: Qız qalası

20-01-2021, 01:04           
Bakıda nadir tikili:
Qız qalası qədim dövrlərdə Anahitanın ibadət yeri olub və Zərdüştlər ziyarət üçün ora gediblər. Qala 1960-cı ildə restavrasiya edilib, 1964-cü ildən isə muzeyə çevrilib. 2000-ci ildə o, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.

Dünyanın o qədər fərqli cazibədar və görməli yerləri var ki, ömrünüzün bütün illərində səyahət etsəniz belə, hələ də görmədiyiniz yerlər qalır. Bu turistik məkanların bir çoxu o qədər də məşhur olmayan ölkələrdədir. Yeri gəlmişkən, həmin ölkələrə səyahət xərcləri heç də başgicəlləndirici deyil. Bu gün sizi belə turizm istiqamətlərindən biri ilə tanış edəcəyik.

Bakı hər il çox sayda səyahətçinin ziyarət etdiyi turizm şəhərlərindəndir. İrana nisbətən yaxın olduğundan, iranlılar arasında Bakı olduqca populyardır. Azərbaycanın paytaxtı olan bu şəhərdə bir çox görməli yerlər var.

Bakı dünyada ilk neft yatağının kəşf edilməsindən sonra məşhurlaşıb. Nəticədə keçmiş SSRİ dönəmində şəhərdə mühüm mərkəzlər, küçələr salınıb. Bu yazıda sizə Bakıdakı Qız qalasından bəhs edəcəyik.

Qız qalası Azərbaycanın ən mühüm tarixi rəzmlərindən biridir. O, xüsusilə Bakı şəhərinin rəmzidir. Bir çoxları bu qalanın Sasanilər dövründə tikildiyini, Zərdüştlük dininin tərəfdarları üçün məbəd olduğunu düşünür.

Qız qalasının tarixi və memarlığı

İngiliscə “Maiden Tower” adlanan Qız qalası Bakıda Sasanilər dövrünə aid tarixi abidələrindəndir. Hündürlüyü 29,5 metr, eni 16 metr qala 6 mərtəbədən ibarətdir. Bu tarixi abidə eramızın V-VI əsrləri (birinci mərhələnin inşasının başlanğıcı) ilə XII əsr (ikinci mərhələ) arasında tikilib. Qız qalası qədim dövrlərdə Anahitanın ibadət yeri olub və Zərdüştlər ziyarət üçün ora gediblər.

Qala 1960-cı ildə restavrasiya edilib, 1964-cü ildən isə muzeyə çevrilib. 2000-ci ildə o, UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Qız qalası gözəl və nadir memarlıq üslubuna malikdir. Bura hətta Bakının ən yaxşı və ən gözəl tarixi məkanlarından biri kimi tanınır. Qalanın bütün hissələri daşdan tikilib. Onun içərisi isə elə qurulub ki, oraya eyni anda 200 nəfər yerləşə bilir.

Qalanın şərq hissəsindən səmaya möhtəşəm mənzərə açılır. Bəziləri hesab edir ki, vaxtilə bu tikilidən astronomiya üçün də istifadə olunub.

Qız qalasının ikitağlı giriş qapısı var. İçəri girdikdə hündür tavan görürsünüz. Daş pilləkənlərlə yuxarı qalxarkən qala divarlarına yerləşdirilmiş kiçik pəncərələrin qarşısından keçirsiniz.

Su quyusu

Qız qalasını daha cəlbedici edən amillərdən biri də burada su quyusunun olmasıdır. 21 metrlik quyu qalanın üçüncü mərtəbəsindədir. Onun diametri 70 santimetrdir. Quyu qala divarının içərisindədir. Arxeoloqlar quyunun bəzi komponentlərini araşdırarkən onun XII əsrə aid olduğunu müəyyən ediblər. Quyuya birinci mərtəbədə də çıxışı var. O, bu yaxınlarda Abbas İslamov adlı arxeoloq tərəfindən aparılmış qazıntı işləri zamanı tapılıb. Quyudakı suyun içməyə yararlı olduğu müəyyən edilib.

Qız qalası muzeyi

Nəzərə alsaq ki, bir vaxtlar Qız qalasında çox sayda insan yaşayıb, onlardan çox sayda alət və əşyalar qalıb. Onlar buradakı eyniadlı muzeydə toplanıb. Qaladakı muzeydə qədim qablar, qaşıqlar və s. saxlanır.

Turunuza davam edərək, Qız qalasının ikinci mərtəbəsində onun tikilməsinin məqsədi, üsulu haqda tarixi məlumat ala bilərsiniz. Bir qədər də yuxarı qalxsanız, üçüncü mərtəbədə Qız qalasının maketinə və binada quyunun olduğuna dair əlamətlərə rast gələcəksiniz.

Muzeyin dördüncü mərtəbəsində tarixi Bakı şəhərinin böyük və rəqəmsal xəritəsi yer alıb. Burada şəhərin məşhur rəmzləri ilə tanış olmaq mümkündür.

Beşinci mərtəbədə ziyarətçilərə elektron kitab kolleksiyası təqdim edilir. Altıncı mərtəbədə isə bir sıra tarixi silahlar və xəncərlər nümayiş olunur. Oradan yuxarıda qədim atəş məbədi var.

Niyə məhz “Qız qalası”?

Tikilinin Qız qalası adlanmasına gəlincə, Bakının qabaqcıl alimlərindən sayılan professor Mahir Xəlifəzadəyə görə, burada “qız” sözü heç vaxt düşmənin əlinə keçməyən möhkəm və keçilməz binaya işarədir. Həmçinin dini baxımdan belə təfsir edilə bilər ki, Əhrimən (Zərdüşt dinində şər mənbəyi) heç vaxt qalaya toxuna bilməyib. Ancaq bu deyilənlərin heç bir arxeoloji və dəqiq əsası yoxdur. Demək, deyilənlər güclü arqument hesab edilə bilməz.

Qız qalasına necə getmək olar?

Qız qalasına çatmaq üçün Bakının tarixi və qədim hissəsi sayılan İçərişəhərə, Xəzər dənizinin yaxınlığına getmək lazımdır. Qala məhz bu ərazidədir. Oraya avtobus, metro və taksi ilə getmək mümkündür. Sadəcə, bunu avtobus və ya metro ilə etsəniz, bir qədər piyada getməli olacaqsınız.

(Fars dilindən tərcümə - WorldMedia.Az
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.