Ukraynanın azərbaycanlı Milli Qəhrəmanı – Donbas şəhidi

22-01-2021, 09:23           
Ukraynanın azərbaycanlı Milli Qəhrəmanı – Donbas şəhidi
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Ukrayna Silahlı Qüvvələrinin ən məşhur zabitlərindən biridir.

Vladimir Məmmədəliyev (Volodimir Mamadaliev) – Azərbaycan əsilli ukraynalı hərbçi, Ukrayna Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı.

Vladimir Məmmədəliyev 1977-ci il fevralın 14-də Ukraynanın Kirovoqrad vilayətinin Novoukrainka şəhərində anadan olub. Yerli 6 saylı orta məktəbdə oxuyub. Uşaqlıqdan hərbçi olmağı arzu edirdi, buna görə 1994-cü ildə Odessa Quru Qoşunları Məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi akademiyada təhsilinə davam edib. Ukraynalı hərbi analitik Aleksey Arestoviçin sinif yoldaşı olub. Məlumat və analitik mərkəzin baş zabiti kimi Cənub Əməliyyat Komandanlığının qərargahında xidmət edib.

Rusiya-Ukrayna müharibəsində

2014-cü ildə Ukraynanın şərqindəki hərbi əməliyyatların ilk günlərindən Vladimir ön sıralarda olub. O zaman yüksək vəzifəli kadrlar da yerlərdə bölmələrin döyüşə hazırlığını artırmaq üçün döyüş bölgəsinə göndərilən hərbi hissələrə cəlb edilirdi. Polkovnik-leytenant Məmmədəliyev 93-cü Mexanikləşdirilmiş Briqadaya göndərildi.

2014-cü il iyulun 4-də Donetskin Yasinuvata bölgəsindəki Novoselivka Perşa kəndi yaxınlığında nəzarət-buraxılış məntəqəsinə terrorçuların gecə saatlarında tank hücumu zamanı şəhid olub. Bundan sonra 93-cü Briqada müdafiəyə çəkilərək döyüşə başlayıb. Məmmədəliyevin mövqeyinə birbaşa tank mərmisi vurulub. Terror hücumu nəticəsində polkovnik Məmmədəliyev də daxil olmaqla, 7 hərbçi öldürülüb, 6 nəfər yaralanıb.

Vladimir Məmmədəliyev Novoukrainka şəhərində dəfn edilib. Evli idi, həlak olanda oğlu 12 yaşındaydı.

Ukraynanın Milli Qəhrəmanı

Polkovnik Məmmədəliyev ölümündən sonra Ukrayna prezidentinin sərəncamı ilə Ukraynanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bundan başqa Ukraynada “Ukrayna Silahlı Qüvvələrinin 15 illiyi” və “Vicdanlı xidmətə görə” medalları, eləcə də “Boqdan Xmelintski” ordeni ilə təltif edilib.

Xalq qəhrəmanı

Ukraynalı jurnalist Yuri Butusov Vladimir Məmmədəliyevin “Xalq qəhrəmanı” adını aldığını və bununla bağlı təsis edilmiş ilk ordenin azərbaycanlı polkovnikə verildiyini yazıb:

“24 iyul 2014-cü il tarixində cəbhədə döyüşlərin qızğın vaxtında Xarkova gəldim və bir il sonra Mükafat Komitəsinin üzvü olaraq ilk ordenləri təqdim etmək şərəfinə sahib oldum. “Xalq qəhrəmanı” xüsusi bir mükafatdır - dünyanın hər yerində yaşayan ukraynalıların bağışladığı gümüşlərdən hazırlanır. Hər mükafatda vətənpərvərlərin bir məhəbbəti və istiliyi var. Bu mükafatlar hökumət tərəfindən deyil, bir ictimai komissiyanın qərarı ilə verilir.

İlk “Xalq qəhrəmanı” ordeninin verilməsi iyunun 4-də 21 ukraynalının mükafatlandırıldığı Xarkovda baş tutdu. Mükafatlandırılanlar arasında cəsur döyüşçülər, həkimlər, könüllülər və bir keşiş var. Xarkovda fövqəladə bir atmosfer və enerji var idi - Ukraynanı müdafiə etmək üçün yaşayan bir çox vətənpərvər bir araya gəldi.

Beləliklə mükafatı 2014-cü il iyulun 4-də baş verən döyüşdə qəhrəmancasına şəhid olan polkovnik-leytenant, Cənub Əməliyyat Komandanlığının informasiya və analitik şöbəsinin baş zabiti Vladimir Məmmədəliyevin anasına təqdim edirəm. Vladimir peşəkar bir hərbçi idi, ordunun qərargahında yüksək vəzifədə xidmət edib. Ancaq müharibə gəldi və bütün dinc həyat başı üstə yıxıldı.

93-cü Briqada səriştəli zabit və çavuşlardan güclü onurğa sütununa sahib idi. 93-cü Briqada tezliklə döyüşə girmək əmri aldı, Ukrayna Donbasını nəyin bahasına olur-olsun azad etmək lazım idi.

Yüksək ixtisaslı kadr zabiti olan polkovnik-leytenant Vladimir Məmmədəliyev 93-cü briqadanın komandiri təyin edildi və hərbi hissənin ən qısa müddətdə yürüşdə olması üçün hər şeyi etdi. Əsgərlərlə birlikdə yaşayırdı, həmişə ön sıralarda idi. Vladimir 93-cü Briqadanın bir çox əsgər və zabiti tərəfindən sevilirdi. İyulun 4-də Donbasın azad edilmiş ilk bölgələrindən birində Vladimir Məmmədəliyev döyüş mövqeyində xidmətdə olarkən düşmən tərəfindən qəfil hücuma məruz qaldı. Rus muzdlular ilk dəfə Slavyanskdakı döyüş bölgəsi xaricində tanklardan istifadə etdilər.

Nəzarət məntəqəmizdə yalnız BMP var idi. İki minaatanın atəşi altında və snayper qrupunun müşayiəti ilə bir tank ona hücum etdi. Əsgərlərimiz qaçmadılar. Döyüş cədvəli üzrə mövqelərini aldılar və atəşə cavab verdilər. Məmmədəliyevin mövqeyi birbaşa tank mərmisindən zərbə aldı. Cavab atəşindən sonra düşmən geri çəkilməyə başladı. Bu döyüşdə yeddi Ukrayna hərbçisi həlak oldu. Bununla həm də Rusiyanın Donbasdakı işğalının ilk, ən çətin günlərində mübarizə aparan Ukrayna qəhrəmanlarını xatırlayırıq”.

“Tanrıya ruh, insanlara ürək, vətənə həyat və hər kəsə şərəf”

Polkovnikin həlak olması doğulduğu şəhərdə də kədərlə qarşılanmışdı. Yerli “Novoukrainka” qəzeti onun haqqında yazırdı:

“Novoukrainka şəhərinin bütün sakinlərini həmyerlimiz, Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı Vladimir Qayıboviç Məmmədəliyevin döyüş əməliyyatları zamanı həlak olması ilə bağlı kədərli xəbərdən sarsıldı. Vladimir uşaqlıqdan etibarən hərbçi, vətəninin müdafiəçisi olmağı arzu edirdi. Həyatının şüarı bu sözlər idi: “Tanrıya ruh, insanlara ürək, vətənə həyat və hər kəsə şərəf”.

Vladimir şərqdəki döyüş əməliyyatlarının ilk günlərindən etibarən cəbhədə idi. Amma bu gün terrorçuların əllərindəki silahların bir oğul, ər, ata, həqiqi dost – bir qəhrəmanın həyatını alması xəbəri bizi şoka saldı. Ürəklərimiz ağrıdan qopur ki, doğulduğumuz şəhərin küçələrində sizinlə heç vaxt görüşməyəcəyik, gülüşünüzü eşitməyəcəyik, gülümsəmənizi görməyəcəyik. Sizə minnətdarlığımız hədsizdir: insanlara olan sevginizə, bizim üçün qoruduğunuz həyat və sülhə, and içdiklərinizə və qeyri-insanlara nifrətinizə görə. Əbədi şərəf sizindir, Qəhrəman! Novoukrainka sakinləri sizi sonsuza qədər xatırlayacaq”.

Novoukrainka şəhərində onun adına küçə var.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.