"Pomidor qadağası öz həllini tapacaq" - AÇIQLAMA

29-01-2021, 09:57           
 "Pomidor qadağası öz həllini tapacaq" - AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin sədr müavini Yuliya Şvabauskene arasında növbəti görüş keçirilib. Tərəflər arasında Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və almaya tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə birgə nəzarət tədbirləri yüksək qiymətləndirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a deyib ki, Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyət qoyması subyektiv və siyasi qərardır və doğru deyil:

"Çünki illərlə Rusiya Azərbaycandan meyvə-tərəvəz idxal edib və istisnalar olmaqla hər hansı bir problem olmayıb. Azərbaycan almasının, pomidorunun keyfiyyəti yüksəkdir. Rusiya Türkiyə ilə də zaman-zaman bu istiqamətdə problem yaşayıb və sonra həll edilib. Bu qadağanın uzun müddət tətbiq ediləcəyinə inanmıram. Çünki Rusiyanın daxili bazarında qıtlıq yaranır. Bu problem öz həllini tapacaq".
O bildirib ki, Azərbaycanın pomidor məhsullarında müəyyən zərərli kimyəvi maddələrin olması ilə bağlı iddiaların əsası yoxdur: "Çünki son bir ildə ölkəmizə gətirilən gübrələrin həcmində artım yoxdur, hətta azalma var. Ümumilikdə məhsulların analizlərini daha ciddi aparmalıyıq və müvafiq qurumların üzərinə bununla bağlı çox iş düşür. Bundan başqa, Azərbaycan Avropa bazarlarına çıxa bilər və bunun üçün potensialımız var. Mikrobiologiya, gen mühəndisliyi sahəsində tədqiqatlar genişlənməlidir".

"Bu məhdudiyyətin Azərbaycan bazarı üçün müsbət tərəfi də var. Qış aylarında daxili bazarda pomidorun 50-60 qəpik olduğunu görməmişdik. Amma fermerlərin də maraqları qorunmalıdır", - deyə ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.