Bakıda qarğaların sayı niyə azalıb? - ARAŞDIRMA

2-02-2021, 05:58           
Bakıda qarğaların sayı niyə azalıb? - ARAŞDIRMA
Son dönəmlərdə Bakıda qarğaların sayında azalma müşahidə edilir. Bunu bir neçə amillə əlaqələndirirlər.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Bəziləri hesab edir ki, şəhərdə qarğaların azalması təmizliklə əlaqədardır. Belə ki, əsasən, zibilliklərdə qidalanan bu quşların yem tapmadığı üçün şəhərin mərkəzindən üz çevirdiyi ehtimallar arasındadır.

Şəhər ərazisində quraşdırılan yeni, qapaqlı konteynerlər, şəhərin ümumi təmizliyi və zibillərin vaxtında daşınıb qapalı məkanlarda utilizasiya edilməsi də öz təsirini göstərməkdədir.

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl şəhərimizin bəzi parklarında qarğa leşləri aşkarlanmışdı.

Keçmiş SSRİ dönəminin 60-cı illərinə qədər sovet ölkələri bu quşların kütləvi artımını dayandırmaq üçün qarğaların vurulmasını təşkil edirdilər. İri şəhərlərdə kommunal xidmət əməkdaşları bir növ qarğa ovuna çıxmışdılar. Lakin sonda bu, heç bir nəticə vermədi, əksinə, həmin şəhərlərdə siçan və siçovulların sayı artdı ki, bu da öz növbəsində antisanitariyaya səbəb oldu.

Sovet alimləri sonda belə bir qənaətə gəlmişdilər ki, qarğaların təbii yolla sayının azaldılması üçün zibilliklərin, yəni onların qida bazasının azaldılması, şəhərin daha təmiz olması vacibdir. Bu halda, qarğaların bir hissəsi qida tapa bilmədikləri üçün şəhərdən ətraf ərazilərə üz tutacaqlar.

Ornitoloqlar hesab edir ki, qarğaların azalması təbiətdə biomüxtəlifliyə də təsir edir. Bir müddət əvvəl müşahidə edilən qarğaların sayının azalması isə təbiətdə balansı tənzimləyir.

Qeyd edək ki, xalq arasında qarğaların 300 il yaşadığına dair mif dolaşsa da, əslində, bu canlıların ən uzunömürlüsü 40 il yaşayır. Əsasən, 15-20 il yaşayan növlərinə rast gəlinməkdədir. Bəzilərində isə bu müddət daha az – 4-8 il təşkil edir. Onlar ölü heyvan qalıqları, tullantılar və həşəratlarla qidalanırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.