Miras borc: Krediti kim ödəməlidir? - “Ölən şəxsin əmlakı varsa…”

8-03-2021, 17:06           
 Miras borc: Krediti kim ödəməlidir? -
Azərbaycanda bank kreditləri ilə bağlı hər zaman ciddi narazılıqlar və mübahisələr olub.

İstər kredit faizlərinin yüksək olması, istərsə də kredit müqvilələrinin vətəndaşın (borcalanın-müəll.) əleyhinə olması ciddi problemlərə səbəb olub. Problemin əsas qaynağı isə qanunlarda olan boşluqdur. Belə ki, qanun da bir növ bankların tərəfindədir.

Məsələn, bank özünü müflis elan edib bütün börc öhdəliklərindən xilas ola bilər. Bunu bağlanan bankların timsalında sığortasız əmanətlərin vətəndaşa qaytarılmamasında gördük. Amma vətəndaş-fiziki şəxs üçün belə bir imkan nəzərdə tutulmayıb.

Yəni vətəndaş heç bir gəliri olmasa belə, özünü müflis elan edə bilməz. Çünki qanun buna imkan vermir. Nəzərə alsaq ki, bu gün vətəndaşa verilən kreditlər, xüsusilə də istehlak kreditləri sığortalanmır, o zaman vətəndaşa borcu qaytarmamaq üçün hansı imkanlar yaradılır?

Məsələn, kredit götürən şəxs dünyasını dəyişərsə, o zaman bank krediti bağışlaya bilərmi? Qanun buna nə deyir?

Cebhe.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, müştərinin vəfat etməsi barədə məlumat alan bank borcun dərhal ödənilməsini tələb edə bilər: Əgər bankın razılığı olarsa, borcu vəfat edən müştərinin yaxınları da ödəyə bilər:

“İkitərəfli razılaşma varsa, qohumları, varisləri həmin borcu üzərinə götürürsə, bu halda bankın da razılığı tələb olunur. Bank onlarla kredit müqaviləsi bağlayırsa, artıq bundan sonra bankın qarşısında borc öhdəliyini həmin şəxslər daşıyır. Amma bankın razılığı olmadan bu hal mümkün deyil. Bank müştəri öldüyünə görə borcu dərhal qaytarmağı tələb edə bilər. Çünki müştəri vəfat edəndə kredit müqaviləsi qüvvəsini itirir”.

“Əgər borc 50 min manatdırsa...”

Əkrəm Həsənov bildirib ki, əgər kredit götürən şəxs dünyasını dəyişibsə, onun götürdüyü kredit girovsuz olsa belə, borc onun əmlakı hesabına banka ödənilməlidir:

“Bu borc ölən şəxsin mirasına sahib olan yaxının öhdəliyinə düşür. Amma borc yalnız mirasın dəyəri qədərində olanı qaytarılmalıdır. Məsələn, vəfat edən şəxsin borcu 20 min manat, mirası ilə 5 min manat civarındadırsa, mirasa sahib olan şəxs bank borcunun yalnız 5 min manatını qaytara bilər. Onun üzərində düşən öhdəlik yalnız bu həcmdədir. Əgər borc 50 min manatdırsa və birgə nikah dövründə əldə edilən evin qiyməti 60 min manatdırsa, bank 30 min manatdan artıq pul tələb edə bilməz. Çünki ev birgə nikah zamanı alındığından evin dəyərinin yarısı vəfat etmiş şəxsin həyat yoldaşının sayılır. Əks halda, yəni ev nikaha daxil olmamışdan əvvəl əldə edilibsə, bank evin bütövlükdə ödənişə yönəldilməsini məhkəmə yolu ilə tələb edə bilər. Varislər öz əmlakları hesabına krediti qaytarmağa borclu deyil”.

“Vəfat etmiş müştərinin əmlakı yoxdursa...”

Ekspert sonda onu da əlavə edib ki, əgər vəfat etmiş müştərinin əmlakı yoxdursa, onun borcuna görə ailəsi heç bir öhdəlik daşımır:

“Bu tipli fors-major hallarda faizlərin hesablanması dayandırılır. Bunun üçün müştərinin dünyasını dəyişdiyini göstərən rəsmi sənəd – ölüm haqqında şəhadətnamə banka təqdim edilməlidir. Şəhadətnamə banka təqdim edildiyi andan etibarən faizlərin hesablanması dayandırılır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.