“Bakı Atatürk Liseyi”ndə narazılıq – Növbəti tədris ili üçün təhsil haqqı indidən tələb olunur
14-04-2021, 20:09
“Bakı Atatürk Liseyi”nin direktoru Eylem Güntekin növbəti tədris ili üçün təhsil haqqını bu ildən tələb edir. REPORTYOR.info xəbər verir ki, artıq valideynlərə bu barədə bildiriş də göndərilib. Onlara deyilib ki, təhsil haqqı may ayına qədər ödənilməlidir. Direktorun tələbi valideynlərin ciddi narazılığına səbəb olub. Lisey rəhbərliyi valideynlərə bildirib ki, onları bu addımı atmağa Təhsil Nazirliyi məcbur edir. Lakin valideynlər buna inanmır.
Eylem Güntekin liseyin direktoru təyin ediləndən bəri bir neçə dəfə adı gündəmə gəlib. Ötən il direktorun müəllimlər arasında ayrı-seçkilik etməsi, azərbaycanlı pedaqoqları sıxışdırması barədə məlumatlar yayılmışdı.
Məktəbin təhsil haqqına gəldikdə isə, xatırladaq ki, 1992-2012-ci ilə qədər liseydə təhsil ödənişsiz olub. Lakin 2012-2013-cü illərdən başlayaraq, lisey şagirdlərindən ildə təxminən 700-1500 manat arası təhsil haqqı tələb edir.