Sərhəddə və Qarabağdakı silahlı insidentlərə üç tərəfli baxış: - ermənilərin planı nədir?

27-07-2021, 09:05           
Sərhəddə və Qarabağdakı silahlı insidentlərə üç tərəfli baxış: - ermənilərin planı nədir?
Son günlər Azərbaycan-Ermənistan sərhəddində, habelə Qarabağda atışmaların intensiv şəkil alması, proselərin gərginləşməsi müşahidə edilir. Hadisələrin yeni bir məcraya qədəm qoyduğu, proseslər ətrafında manipulyasiya edən tərəflərin diqqət çəkdiyi də sirr deyil. Bütün bunların fonunda nə baş verir? Zəif və gücsüz Ermənistan özündə bu cəsarəti haradan tapır ki, Azərbaycan Ordusuna hücumlar təşkil edir?

Hər iki istiqamətdə silahlı insidentlərin intensivləşməsinə 3 istiqamətdə baxa bilərik:

Birinci istiqamət odur ki, Rusiya bu işləri özü təşkil edir. Məqsəd həm Ermənistan hakimiyyətini təzyiq altında saxlamaqdır, həm də yaxın perspektivdə sərhəddin delmitasiya və demarkasiya prosesini təkbaşına həyata keçirməkdir. Bununla paralel olaraq, Kremlin əsas hədflərindən biri də Azərbaycan-Ermənistan sərhəddinə hər iki tərəfdən “tərəflər arasında barışığı təmin etmək məqsədi” altında öz qoşunlarını yeritməkdir.

Belə bir addımı atmaqla Rusiya həmçinin Paşinyanın təklif etdiyi “Qərb qoşunları da gəlsin” istəyinin üstündən xətt çəkmək, bölgənin tək hakimi olduğunu nümayiş etdirmək və istədiyi kimi, hər iki ölkəni təsir dairəsində saxlamaqdır.

Lakin bunun Rusiya üçün riskli tərəfləri də var. Ona görə ki, baş verənlər Rusiyanın nüfuzdan düşməsinə, onun regiondakı duruşuna xələl gətirir. Bu bir tərəfdən inamsızlıq, digər tərəfdən güvənsizliklə müşayət oluna bilər ki, Kremlin indiki halda Qafqazda arzulamadığı yeganə vəziyyət budur.

İkinci məqam odur ki, Ermənistan ordusu müharibədən sonra o vəziyyətdə deyil ki, təkbaşına müharibəyə başlasın və ya revanş etməyə cəhd göstərsin. Bunu Ermənistanın Müdafiə Nazirliyi də dəfələrlə təsdiq edib ki, müharibə üçün gücləri yoxdur.

Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə hərbi texnikasının, artilleriya qruğularının, habelə digər silahlarının 80 faizə qədərini itirən Ermənistana onları bərpa etmək üçün ən azı 4-5 il vaxt lazımdır. Çünki Ermənistan həmin silahları əldə etsə belə, onları daşımaq üçün quru yola malik deyil. Gürcüstan üzərindən daşınmalar, hətta hava yolu ilə mümkün deyil. Tiflis buna qadağa qoyub. Azərbaycan belə bir işə qətiyyət imkan verməz ki, onun ərazisindən Ermənistana silah daşınsın. İki yol qalır. Birincisi hava yoludur ki, Xəzər dənizinin üzərindən uçuşlar edərək, İranın hava sahəsindən istifadə etməklə yükləri daşımaq. Bu xeyli xərc tələb edir. İkincisi, Xəzər dənizi vasitəsi ilə hərbi texnikaları gəmilər vasitəsi ilə İrana, oradan da quru yolla Ermənistana daşımaq. Bu da xərc tələb etməklə yanaşı, uzun bir vaxt tələb edir.

Hərbi mütəxəssislər bildirirlər ki, 14 gün davamlı müharibə aparmaq üçün silah ehtiyatı yaratmağa 2 il vaxt lazımdır.

Belə olan təqdirdə, başaqa bir məsələ diqqəti çəkir. Müharibədən sonra Ermənistan ordusu sərhədləri təkbaşına qoruya bilmədiyini, bu səbəbdən də sərhədyanı kəndlərin sakinlərindən dəstək istədiyi sirr deyil. Bunu həmin kəndlərin icma rəhbərləri də təsdiq edirlər. Həmin “könüllü dəstələr” mütəmadi olaraq postlara qalxır, gecə qarovullarına çıxır, gündüzlər də postların mühafizəsi prosesində iştirak edirlər. Lakin onların hərbçilərdən fərqi odur ki, yerli “dəstələr” revanş arzusundadır, Azərbaycan Ordusunun onların düz bir addımlığına qədər gəlib çıxmasını həzm edə bilmirlər, üstəlik, İrəvandakı revanşistlərlə çox yaxındırlar.

Bəzi məlumatların təhlili də göstərir ki, çox vaxt sərhəddə baş verən silahlı insidentlər məhz həmin dəstələrin təxribatçı hərəkətlərindən dolayı baş verir. Belə ki, onlar postlarda Azərbaycan Ordusuna qarşı provakativ hərəkətlər edir, əsgərləri qızışdırır, postlarımıza hücumlar təşkil etməyə həvəsləndirir.

Məsələn, bir neçə gün əvvəl Naxçıvan istiqamətində baş verən silahlı insident zamanı yaralanmış Arazdəyən kəndinin icma rəhbərinin həmin yaranı məhz səngərdə aldığı elə ermənilər tərəfindən təsdiqlənmişdi. Bundan başqa, Zərkənd, Azat, Sotk kimi kəndlərin icma rəhbərləri də əllərində silah postlara çıxdıqlarını, erməni əsgərlərinə “mənəvi dəstək” verdiklərini dəfələrlə mətbuata açıqlayıblar. Hər halda ermənilərə “mənəvi dəstək” verməyin nə olduğunu hamımız yaxşı bilirik.

Elə Qarabağdakı atışmaların da kökündə dayanan amillərdən biri də budur. Orada da revanş arzusunda olanlar var. Orada silahlı dəstələrin olması şübhəsizdir.

Amma bu heç də o demək deyil ki, Ermənistan hakimiyyəti məsələdə maraqlı tərəf kimi çıxış etmir. Əksinə, bu revanşistlərin işinə hər nə qədər yarayan vəziyyətdirsə, Paşinyan hökumətinin xeyrinə də rol oynayır.

Üçüncü məqam isə odur ki, Ermənistan hakimiyyəti Qərblə, daha dəqiq ifadə etsək, Fransa ilə ciddi anlaşma içindədir. Paris İrəvanı Moskvanın cəngindən alıb, öz təsir dairəsinə salmaq istəyir. Bunu Paşinyanın seçkidən əvvəl Fransaya rəsmi səfər etməsi, seçkidən sonra Parisin İrəvandakı səfirinin davranışları və cəhdləri də təsdiq edir.

Böyük ehtimalla, Fransa Ermənistana müəyyən bir plan üzrə hərəkət etmək tapşırığı verib. Bu sırada sərhəddə gərginliyi artırmaq, oraya Qərb hərbçilərinin gətirilməsi üçün zəmin hazırlamaq ilk yerdə durur. İkincisi isə sərhəddə silahlı insidentlərin artması Ermənistanda Rusiya haqqında mənfi rəyin daha da dərinləşməsinə xidmət edir ki, bu da Fransanın işinə yarayır. Etiraf edək ki, belə vəziyyət elə ABŞ-ın da marağındadır.

Yekun olaraq onu da qeyd edim ki, sərhəddə baş verən proseslər yeni böyük bir müharibənin başlanması demək deyil. Bu “zəminhazırlama” prosesinin tərkib hissəsidir. Eyni zamanda, Azərbaycanı təxribata çəkərək, Ordumuzun Ermənistanın faktiki ərazisinə girməsinə hesablanmış addımdır. Ki, bununla da beynəlxalq aləmdə Azərbaycanın “aqressor” imicini formalaşdırmaq mümkün olsun. Bu prosesi Fransa xüsusi olaraq istəyir.

Lakin belə davam edərsə, Azərbaycan sərhəddəki vəziyyəti nəzarət altına almaqla yanaşı, İrəvan hakimiyyətini labirintə salacaq başqa bir addım ata bilər. Təbii ki, bu da Rusiyanın razılığı ilə mümkündür. Yəni, proseslərin gedişi Rusiyanın maraqlarına cavab verməyəcəyi təqdirdə, Kreml belə bir planın icrasına göz yuma bilər. Necə ki, 44 günlük savaşda belə bir praktika yaşanıb. Həmin addım da Qarabağda antiterror əməliyyatı keçirmək, Xocalı, Xocavənd, Ağdərə üzərində faktiki nəzarətini bərpa etməkdən ibarətdir.

Sual oluna bilər ki, Xankəndi niyə kənarda qaldı? Bəli, Xankəndi hələ bir müddət rusların nəzarətində qalacaq. Çünki Rusiya Xankəndini əlində saxlamaqla həm Ermənistan, həm də Azərbaycana qarşı təsir imkanlarını itirmək istəmir. Daha doğrusu, oranı hər iki tərəfə tərəfə təzyiq vasitəsi kimi istifadə etmək ümidlərini itirməyib.

JAMAZ.İNFO












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.