Nazim İbrahimov Rövşən Əkbərovun əleyhinə ifadə verdi

2-09-2021, 00:07           
Nazim İbrahimov Rövşən Əkbərovun əleyhinə ifadə verdi
General: “Qeyrəti, namusu, vicdanı, mənliyi olan yalan danışmaz!”

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov 20 il əvvəl Ukraynada adam öldürməkdə ittiham edilərək bu ilin martından həbsdə olan Milli Qəhrəman, general Rövşən Əkbərovun əleyhinə ifadə verib. Vaxtilə Ukraynada səfir olmuş N.İbrahimov sentyabrın 1-də məhkəmədə dindirilib. Dindirmə zamanı təqsirləndirilən generalla keçmiş səfir arasında gərginlik yaşanıb. Rövşən Əkbərovun qətl hadisəsini törədiyini şəxsən özünün ona etiraf etdiyini deyən Nazim İbrahimovu general yalan danışmaqda ittiham edib.

Söhbət 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərindəki “Sikora” kafesində 29 yaşlı azərbaycanlı sahibkar Elçin Əliyevin öldürülməsindən gedir.

Nazim İbrahimov məhkəmədə bildirib ki, səfir təyin olunmamışdan əvvəl özü də Ukraynada iş adamı kimi fəaliyyət göstərib. Mərhum Elçin Əliyevlə də o dövrdə – 1994-cü ildə tanış olub, sonradan bu tanışlıq ailəvi dostluğa çevrilib. 1997-ci ildə səfir təyin ediləndən sonra sahibkarlıqla məşğul olmadığını deyən Nazim İbrahimovun sözlərinə görə, Elçin Əliyevlə dostluq münasibətləri isə davam edib:

“Elçin Əliyev dostum olmaqla yanaşı, həm də səfirliyin texniki təminatına kömək edirdi. Özünün “Ford” avtomobilini də səfirliyin istifadəsinə vermişdi. Səfirlik Elçinin ofis kimi icarəyə götürdüyü binada yerləşirdi. Sonradan Bakıdan səfirliyə avtomobil verildi, həmin bina da rəsmi şəkildə səfirlik üçün Ukrayna dövlətindən alındı. Onda Elçinin maşını qaytarıldı”.

Nazim İbrahimov dostunun necə öldürüldüyünü şəxsən görməyib. Deyir ki, 2000-ci ilin avqustunda keçirilən parlament seçkiləri ilə əlaqədar Bakıya gəlib və hadisənin baş verdiyi 2001-ci il iyunun 1-nə qədər Kiyevə qayıtmayıb. Onun qətlə yetirilməsindən də Bakıda xəbər tutub:

“Dərhal Elçinin ailəsi ilə danışdım, meyitin gətirilməsini də üzərimə götürdüm. Onun biznes ortağı Səməd Novruzovla danışdım. Onu səfir olduğum dövrdən tanıyırdım. Birlikdə getdik. Morqda həkim dedi ki, ürəyindən bıçaqlanıb”.

Həmin vaxt Kiyevdə “Dnepr” hotelində qaldığını söyləyən sabiq komitə sədrinin dediyinə görə, səfirliyin komendantı Qüdrət Əhmədov onunla əlaqə saxlayıb, general Rövşən Əkbərovun görüşmək istədiyini bildirib. O da görüşməyə razılıq verib. Az sonra otelin foyesində görüşüblər. Həmin vaxt səfirliyin komendantı da onların yanında olub:

“Orada Rövşən Əkbərova dedim ki, hamı bu hadisəni sənin elədiyini deyir. Rövşən Əkbərov da təsdiqlədi. Hadisənin necə baş verdiyini də danışdı. Həmin gün gecəyə qədər qonaqlıqda olublar, oradan çıxıb “Sikora” kafesinə gediblər. Elçin Əliyev və Məzahir Şıxəliyevlə bir stolda oturublar. Rövşən Əkbərovun Məzahirlə mübahisəsi düşüb. Mübahisə zamanı Rövşən Əkbərov Məzahiri vurub. Bıçağa əl atanda Elçin qarşısına keçib, onun ürəyindən dəyib…”



Nazim İbrahimovun sözlərinə görə, general ona mübahisənin nədən yarandığını açıqlamasa da, Kiyevdə olarkən bu haqda da eşidib:

“Məzahir Şıxəliyevi şəxsən tanımırdım, amma adını eşitmişdim. Mən qatı Heydər Əliyevçi idim. Eşitmişdim ki, Məzahir İsgəndər Həmidovun adamıdır. Eşitdiyimə görə, həmin gecə kafedə generalların şərəfinə sağlıq deyilib. Məzahir də deyib ki, mən bir general tanıyıram, o da içəridə yatır. İsgəndər Həmidovu nəzərdə tutub. Dava buna görə başlayıb”.

Keçmiş səfir əlavə edib ki, əgər hadisəni Rövşən Əkbərov törətməyibsə, ondan üzr istəməyə hazırdır.

General isə Nazim İbrahimovun dediklərinə etiraz edib. O bildirib ki, oteldə N.İbrahimovla görüşsə də, söhbətin məzmunu fərqli olub:

“Həmin gün otelə gəldim ki, sizdən soruşum, niyə Elçinin valideynlərinə mənim adımı vermisiz, niyə adımı hallandırmısız? Qeyrəti, namusu, vicdanı, mənliyi olan yalan danışmaz!!!”

Xatırladaq ki, Nazim İbrahimov 2000-ci illərdə bir neçə dəfə bu iş üzrə istintaqda dindirilib. Lakin həmin ifadələrdə hadisəni Rövşən Əkbərovun törətməsi haqda heç nə deməyib. Generalın vəkili 2003-cü ildə verilmiş ifadənin elan olunmasını istəyib. Amma prokuror və zərərçəkmiş tərəf buna etiraz edib.

“Axı, həmin vaxt dindirmədə məndən hadisəni kimin törətdiyini soruşmayıblar ki, mən də cavab verim. Hadisəni görüb-görmədiyimi soruşublar, mən də o suala cavab vermişəm”, – Nazim İbrahimov iradlara belə cavab verib.

Generala qəsdən adam öldürmə ittihamıyla yanaşı, Məzahir Şıxəliyevi yumruqla vurmağa görə xuliqanlıq ittihamı da irəli sürülüb. Məzahir Şıxəliyev hadisədən bir neçə il sonra vəfat edib. Onun qardaşı Rafiq Şıxəliyev zərərçəkmiş qismində ifadə verib: “2001-ci il iyulun 2-də telefon zəngi ilə öyrəndim ki, Kiyevdə qardaşım döyülüb, Elçin Əliyev qətlə yetirilib”.

R.Şıxəliyevin sözlərinə görə, hadisədən sonra mərhum qardaşı qətldə şübhəli bilinərək saxlanılıb, lakin bir neçə gün sonra azadlığa buraxılıb: “Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə gəldik. Onda Elçinin qaynı İdrak dedi ki, Rövşən Əkbərov eləyib. Hamı onun adını hallandırırdı…”

İdrak Qarayev mərhumun həm qaynı, həm də xalası oğlu olub. Ukraynaya meyiti gətirməyə o da gedib. Kiyevdə olarkən Məzahir Şıxəliyevlə görüşdüyünü, hadisə haqda danışdığını deyən İdrak Qarayev bildirib ki, o da hadisəni generalın törətdiyini bildirib: “Məzahir özünə görə də qorxurdu, deyirdi ki, burada qalsam, məni də öldürəcəklər. Bir müddət sonra Türkiyəyə getdi”.

1965-ci il təvəllüdlü Rövşən Əkbərovun işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırladaq ki, general 2020-ci ilin noyabrında ordudan ehtiyata buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.