Aytən Niftəliyeva və 1 yaşlı qızının ölümündə xəyanət izi? - “Rəhmanın danışdığı qızın anasına zəng vurandan sonra...”

2-09-2021, 19:47           
Aytən Niftəliyeva və 1 yaşlı qızının ölümündə xəyanət izi? -
Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev Cebhe.info- ya açıqlama verib.

Rəhman Niftəliyev baş verən hadisə ilə əlaqədar axşam sosial hesabından canlı yayım açaraq açıqlamalar verəcəyini deyib:

“Özümün dərdim özümə bəsdir. Axşam canlı yayımla hər şeyi açıqlayacağam. Ürəyim sıxılır. Mən öz evimdəyəm, yalandan xəbər paylaşılar ki, ölkədən qaçıram”. Rəhman Niftəliyev deyib ki, balasının qanını yerdə qoyub heç bir yerə qaçmayacaq: “Mən niyə qaçıram ki?! Balamın qanını yerdə qoyub hara qaçacağam ki?! Hadisə baş verən zaman tələbələrim mənimlə axıradək dərsdə olublar. Həmin tələbələrim də axşam mənimlə bir yerdə canlı yayımda olacaqlar. Dərsdə olmağımla bağlı əlimdə sübutlarım var”.

Hadisə ilə bağlı mərhum Aytən Niftəliyevanı anası Mehriban Süleymanova da saytımıza danışıb. O bildirib ki, hadisə nəticəsində iki zərif cins həlak olub:

“Rəhman kimi ərin hesabına iki can torpaq altındadır. Başqa qadınla bağlı evlərində söz- söhbətləri olub. Neçə aydır ki, bununla bağlı mübahisələri olub. Bunun üstündə daim Aytəni döyüblər. Qayınatası söz verib ki, o məsələni həll edəcək. Axır deyib ki, gedib özünüz həll edin”.

Mehriban Süleymanova bildirib ki, hadisə qızının Rəhmanın danışdığı qızın anasına zəng vurmasından sonra baş verib:

“Aytən Rəhmanın danışdığı qızın anasına zəng vurub ki, sənin qızın mənim ərimlə danışır. Bunun üstündə Rəhman qızımı döyüb. Deyib ki, qıza bir şey olsa, səni öldürəcəyəm. Rəhman nişanlı vaxtından həmişə Aytənə qarşı zorakılıq edib. Nişanlı vaxtı qızımın qollarını göyərdirdi. Dedim ki, ondan sənə ər olmaz. Mənə dedi ki, onu sevirəm. Başının bəlasını tapdı. Qızım hamilə olanda kəmərlə döyülüb. Rəhman danışdığı qıza qarşı yəqin ki, fikri vardı deyə ailəsini heçə sayıb. O qız beynində olub. Günlərlə dərs keçirəm adı ilə ailəsi ilə məşğul olmayıb. Hadisənin araşdırılması üçün vəkil tutmuşuq”.

Xatırladaq ki, rəsmi məlumata görə, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər. Aytən Niftəliyevanın ailəsi isə hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. A.Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.