Hamı ənənəvi təhsil istəyir: Reallıq isə distant təhsil deyir - RƏYLƏR

2-09-2021, 19:11           
Hamı ənənəvi təhsil istəyir:
"Yeni tədrsi ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək".

Cebhe.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib. O bildirib ki, tədrisin hansı formada təşkil olunacağına yaxın günlərdə aydınlıq gələcək:

"Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək".

Yeni tədris ilinin başlanmasına iki həftədən az vaxt qalıb. İndi ölkə əhalisini təhsilin hansı formada təşkil olunacağı maraqlandırır. Koronavirusa yoluxanların sayı isə avqust ayında kəskin artıb. Bir tərəfdən də sosial şəbəkə istifadəçiləri onlayn təhsilin effektiv olmadığını yazırlar.

Çıxış yolu nədir? Təhsil müəssisələri açılsın, yoxsa yox?

Mövzu ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya açıqlamasında bildirib ki, onlayn təhsilin problemlərini görən hər kəs ənənəvi təhsilin tərəfindədir:

“Həm müəllimlər, həm şagirdlər, həm valideynlər pandemiya şəraitində ənənəvi təhsilin nə qədər əhəmiyyətli olduğunu gördülər. Eyni zamanda, Təhsil Nazirliyi də. Bir sözlə, hamı ənənvi təhsilin olmasını arzulayır. Amma virusun getdikcə artması təhlükə törədir. Növbəti həftənin sonuna qədər gözləyirik ki, görək Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar verəcək. Amma hamı ənənəvi təhsil istəyir. Çünki reallıq göstərdi ki, bizdə internet problemi hələ də var, xüsusilə ucqar kəndlərdə internet heç yoxdur, ümumiyyətlə, bahadır. Şagirdlərin hamısı telefon və kompüterlərlə təmin olunmayıblar. Ümumi təhsilə nəzarət mexanizmi çox zəifdir. Onlayn və hibrid olarsa, bu nəzarət heç mümkün deyil”.

“Azərbaycan Həkimləri” İctimai Birliyinin (AHİB) İdarə Heyətinin üzvü Ədalət Rüstəm isə bildirib ki, koronavirusa yoluxanların sayı göstərilən rəqəmlərdən çoxdur:
“Operativ Qərargahda real rəqəmlər var. Onlar da bu statistikaya əsasən qərar verəcəklər. Amma sağa-sola, Rusiyaya, Türkiyəyə baxıb qərar qəbul edə bilmərik. Hələ evlərdə gündəlik rəsmi statistikadan başqa nə qədər xəstə var. Birini qonşusu müalicə edir, birisi deyir ki, mən virusa yoluxmamışam. Misal üçün, mən desəm ki, məktəb və universitetlər açılsın, sonra müəllimlərin kütləvi yoluxması olsa, buna kim cavab verəcək?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.