“DİM-in tələbləri məktəbin şagirdə verdiyi bilikdən çox yüksəkdə durur” - NƏ ETMƏLİ?

16-09-2021, 08:51           
“DİM-in tələbləri məktəbin şagirdə verdiyi bilikdən çox yüksəkdə durur” - NƏ ETMƏLİ?
Son illərdə ölkəmizdə repetitorluq fəaliyyəti geniş vüsət alıb. Bu da məktəblərimizdəki təhsilin keyfiyyətini şübhə altına alır və zaman-zaman bu istiqamətdə müzakirələrə səbəb olur. Universitetlərə qəbul imtahanlarından sonra mövzu yenidən gündəmə gəlib. Doğrudur, aparılan müzakirələrdə fikirlər haçalanır, lakin əsas problem kimi daha çox diqqət çəkən bir neçə məqam var.

AYNA mövzu ətrafında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci Qrant Müsabiqəsinin qalibi, Gəncə şəhəri S.Vurğun adına 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimovla həmsöhbət olub.

- Bilirik ki, bəzi müəllimlərin özləri də repetitorluq etməkdən şikayətçidirlər. Onlar deyirlər ki, maaşları yüksək olsa, məktəbdə dərslərini keçməklə kifayətlənərlər. Sizcə, bunu çoxluq haqqında deyə bilərikmi, yoxsa nə qədər yüksək maaş verilsə də, repetitorluq qədər olmaz və buna görə də elə müəllimlərin əksəriyyəti də repetitorluğun tərəfdarıdır?

- Savadlı müəllimlərin repetitorluq fəaliyyətinə başlamasının başlıca səbəbi elə maaşların aşağı olmasından irəli gəlsə də, ikinci əsas səbəb təhsilalanların buna ehtiyac duymasıdır. Şagirdlərin təhsil aldığı qurumla, onların biliyini qiymətləndirən qurumun fərqli olması tələblərin də müxtəlif olmasına gətirib çıxarır. Orta məktəbin məqsədi respublikamıza layiqli vətəndaş yetişdirməkdir, ali məktəbə tələbə hazırlamaq deyil. Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə tələbləri isə məktəbin şagirdə verdiyi bilik və bacarıqlardan çox yüksəkdə durur. Tez-tez müşahidə edirik ki, məktəbi əla qiymətlərlə bitirən şagirdlər ali məktəblərə qəbul imtahanlarında çox aşağı nəticə göstərirlər və ya əksinə.

Sualın ikinci tərəfinə cavab olaraq deyə bilərəm ki, müəllimlərin maaşları qalxdığı müddətcə belə, yenə məktəbdə işləməyən savadlı kadrlar olacaq və bu işlə onlar məşğul olacaqlar. Çünki repetitorluq təkcə müəllimlərin maaşlarının aşağı olmasından deyil, həm də ali məktəblərə qəbul prosesində tələblə təklifin uzlaşmaması, yəni şagirdlərin imtahana hazrlaşmaq tələblərinin yüksək olmasıdır. Ola bilər ki, gələcəkdə yüksək maaş alacaq müəllimlər repetitor kimi fəaliyyət göstərməsin, amma məktəbdənkənar müəllimlər də var ki, bu işlə peşəkar məşğul olurlar. Hətta məktəbdə dərs saatlarını azaldaraq, günün çox hissəsini repetitorluq fəaliyyətinə sərf edirlər. Həm məktəb, həm də repetitorluq fəaliyyətini paralel aparan müəllimlər üçün isə əmək fəaliyyəti əsl işgəncəyə çevrilir. Yüksək hiss, həyacan, gərginliklə bərabər zehni yüklənmə və yorğunluq onların məhsuldarlığını aşağı salır, məktəbin inkişafı üçün görüləcək işləri kölgədə qoyur.

Arzuladığım odur ki, hər iki sahədə olan müəllimlər işini vicdanla və ədalətli görsünlər. Yaxşı gəlir götürmək maraqlarına görə nə məktəbi, nə də repetitorluq fəaliyyətini kölgədə qoysunlar. Repetitor nüfuzundan istifadə edərək, fərdi hazırlıqda eyni dərsə 20-30 şagird yığan müəllimlər və repetitor dərslərindən yorulub məktəb dərslərini “yola verən” müəllimlər buna misaldır. Təhsil vicdan məsələsidir. Ona haram qatmaq olmaz.

- Kurikulumun çətin və bizim təhsil sistemində faydasız olduğunu, repetitorluğa zəmin yaratdığını hesab edənlər var. Bu haqda sizin düşüncələriniz necədir?

- Kurikulum proqramı dövrün tələblərindən irəli gələrək, ənənəvi təhsilin çatışmazlıqlarını aradan qaldırmaq üçün milli təhsil sisteminin tələbələrinə uyğun hazırlanıb. Tarix boyu islahatlar birmənalı qarşılanmayıb. Kurikulum proqramını çətinləşdirən amil onun müəllimdən daha çox bilik və bacarıq tələb etməsi, şagirdlərə isə daha çox sərbəstlik verməsindən irəli gələn qısqanclıqdır. Halbuki ənənəvi təhsil proqramı bunun tam əksini ehtiva edirdi: Müəllim avtoritar təhsilverən, şagird isə daha çox yüklənmiş təhsilalan idi. Uzun müddət ənənəvi təhsil proqramı ilə fəaliyyət göstərmiş müəllimlər üçün isə bu, tamamilə fərqli sistemdir. Bütün dərslərini kurikulum proqramının tələblərinə uyğun qurmuş müəllim gün ərzində ard-arda 3-4 dərs keçə bilməz, halbuki bizim müəllimlər 5 dəqiqə tənəffüslə bir gündə 6-7 dərs tədris edirlər. Bu, ənənəvi təhsildə mümkün idi. Kurikulum proqramının tələbləri buna imkan vermir.

Demək istədiyim odur ki, kurikulum proqramına keçərkən dərs saatlarının miqdarı, dərsarası tənəffüslər, müəllimin məvacibi də ona uyğunlaşmalıdır. Kurikulumu arzuolunmaz edən cəhətlərdən biri də müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarında onların nəzəri cəhətdən qiymətləndirilməsidir. Təklifim odur ki, müəllimin bilik və bacarıqları nəzəri cəhətdən deyil, dərsdə əyani yoxlanılsın. Nəzəri cəhətdən savadlı olan hər kadr yaxşı dərs tədris edə bilməz.

- Bu cür əsaslandırmanızdan sonra əminlik duymaq olur ki, kurikulum çox yaxşı proqramdır. Lakin bizim məktəblərdə müşahidə edilən bir hal var ki, şagirdlərimiz evə çox dərs aparır. Bu kurikulumdan sonra daha da kəskin formada özünü göstərməyə başladı. Valideynlər ya özləri övladının dərsinə kömək etməli olurlar, ya da xüsusi müəllim yanına hazırlığa göndərirlər. Şagirdlərin ev tapşırığı yükü məsələsinə də istərdim, münasibət bildirəsiniz. Bu problemi necə yoluna qoymaq olar ki, şagird ev tapşırıqları ilə çox yüklənməsin? Bu, ayrıca olaraq dərs və tapşırıq vəsaitlərinin çoxluğu problemini də gündəmə gətirir...

- Elm və texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə şagirdlərin daha çox yüklənməsi təbii haldır. Bütün sahələrdə insanların həyat standartlarının asanlaşması fonunda onların daha az dərs çalışmaq kimi istəyi formalaşır. Lakin biz daha yaxşı Azərbaycan təhsili istəyiriksə, şagirdlərin daha çox dərs oxumasına biganə yanaşmamalıyıq. Burada bir məqam var ki, şagirdlərə seçim verərək təmayülləşdirmək olar. Bu da onların artıq yüklənməsinin qarşısını alar. Cavabımın mahiyyəti odur ki, gələcəkdə yerli sənaye məhsulları istehsal edən və İKT xidmətləri göstərən ölkəyə çevrilmək istəyiriksə, çox oxumalı və çox çalışmalıyıq. Yaponiya, Koreya və Çin modeli buna sübutdur. Bu xalqların zəhmət və əməksevərliyi onların Qərbi Avropa ölkələri və Amerika ilə rəqabət apara bilməsinə gətirib çıxarıb. Uşaqların daha çox yüklənməsi təkcə ev tapşırıqları ilə deyil, paralel olaraq rəqs, musiqi kurslarına da yazılmasından irəli gəlir. Valideynlər öz övladlarını həm savadlı, həm musiqiçi, həm də idmançı görmək istəyirlər. Bu da praktiki olaraq hər kəs üçün əlçatan ola bilməz.

- Müəllim, bəs yeni təhsil modelinə keçid olarsa, hansına keçidin təhsilimizdə uğurlu olacağını hesab edirsiniz?

- Ölkə olaraq inteqrasiya etdiyimiz Qərbi Avropanın tədqiqatçı pedaqoqları ümumtəhsil sistemində təhsilvermənin bir çox modellərindən, o cümlədən aşağıdakı yeni modellərindən (formalarından) də istifadə etməyi məsləhət bilirlər: 1) seçmə qruplar (selektiv) modeli; 2) birləşmiş qruplar modeli; 3) “qarışıq qabiliyyətlər” modeli; 4) inteqrativ təlim modeli; 5) innovasion təlim modeli.

Seçmə qruplar (selektiv) modelində son illərdə məktəbə qəbul edilənlər (V-X siniflərdə) testlər vasitəsi ilə seçilərək müxtəlif səviyyəli şagirdlərdən sinif qruplaşdırılır. Seçmə qruplar modeli ilə işləyən Almaniyada “Vahid məktəb”, İngiltərədə “Hərtərəfli” və ya “Universal məktəb” və Hollandiyada gimnaziya (illik), HAVO (orta təhsilin yuxarı pilləsi - illik), MAVO (peşə təhsilinə hazırlıq pilləsi – illik) adlanan məktəblər mövcuddur. Birləşmiş qruplar modeli ilə işləyən məktəblərdə həm “müxtəlif qabiliyyətli”, həm də “eyni qabiliyyətli” şagird qrupları təhsil alır.

Müxtəlif qabiliyyətli şagirdlərdən təşkil olunan qruplarda ictimai elmlər, ana dili, bəzi dəqiq elmlər üzrə fənlər və fiziki mədəniyyət fənni öyrənilir. Eyni qabiliyyətli (və ya yaxın qabiliyyətli) şagirdlərdən təşkil olunan qruplarda isə yuxarıda göstərilən fənlərdən başqa riyaziyyat, ingilis dili və fransız dili də öyrənilir. Bu modeldən Avropanın bir çox ölkələrində istifadə edilir. Berlin şəhərinin FEQA adlanan məktəbində bu model tətbiq edilir. Məktəbdə şagirdlər birinci yarımildə “qarışıq” qruplarda oxuyur, yoxlamadan keçdikdən sonra “eyni qabiliyyətli” müxtəlif qruplarda təhsilini davam etdirirlər.

“Müxtəlif qabiliyyətlilər” modelində bütün fənlərin öyrənilməsi sonadək “qarışıq qabiliyyətlilər” qruplarında aparılır. Bəzi fənlərin (riyaziyyat, xarici dillər, təbiət fənləri) tədris materialı müxtəlif müddətdə öyrədilir. Siniflərdə bütün şagirdlər baza təhsil planları və proqramları əsasında təhsil alırlar. Baza tədris kurslarının öyrənilməsi başa çatdıqda şagirdlərin bilikləri diaqnostik testlərlə yoxlanılır. Baza proqramlarını yaxşı mənimsəyən şagirdlərə əlavə materialları da öyrənməyi təklif edirlər. Baza kurslarını mənimsəyə bilməyənlərə, kurs materialını təkrar etmək, bir qədər korrektə edilmiş material və tapşırıqların öyrənilməsi təklif olunur. Qısa müddətdə təkraretmə qurtardıqdan sonra şagirdlərin hamısı birlikdə yeni bölmənin materialını öyrənirlər. Burada əlavə tapşırıq alan və kurs materiallarını təkrar edən şagirdlər qruplara ayrılmır, eyni sinifdə fəaliyyət göstərirlər.

İnteqrativ təlim modeli. Bu modeldə fərdiləşdirməyə, fərdin inkişafına və müstəqilliyə xüsusi diqqət yetirilir. Modelin əsas xüsusiyyətləri aşağıdakılardır: təlim kursları, tədris materialları, kursların məzmunu ənənəvi təlimdə olduğundan fərqlənir; burada müəllimlər üçün yeni fəaliyyət imkanı yaranır; onların tədris kursunun məzmununu hər bir şagirdin tələbatına uyğunlaşdırmaq imkanları var. Bu modellə təhsil verilərkən koqnitiv (idraki), normativ və ekspressiv təcrübənin inkişaf etdirilməsinə təqribən eyni dərəcədə diqqət yetirilir, yəni şəxsiyyətin hərtərəfli inkişafına böyük əhəmiyyət verilir. Şagirdlər permanent qruplarda birləşdirilir, belə qruplarda müəllimlərin fəaliyyət imkanları – şagirdlərin idarə edilməsi, qruplarla işin təşkili, məsləhətvermə və s. daha da genişlənir.

İnnovasion təlim modelini “kiçik qruplu komanda” modeli adlandırıblar. Bu model innovasion təlim modelinə nümunə ola bilər. İnnovasion təlim modelində fərdi və sosial məqsədlərə xüsusi diqqət verilir. Bütün fənlərə aid kursları müəllimlər komandası tədris edir, şagirdlər permanent qruplarda (4-6 nəfərlik) təhsil alırlar. Bir müəllim bir neçə fəndən dərs deyir. Bu isə müxtəlif fənlər arasındakı maneələri zəiflədir, təhsilin məzmunu həm şagirdlər, həm də müəllimlər üçün real məna kəsb edir. 5-8 nəfərdən təşkil edilən “müəllimlər komandası” eyni yaşda olan 60-100 uşağın təlimini tam əhatə edə bilir. Şagirdlər kiçik permanent qruplarda bütün fənləri öyrənirlər. Bir neçə qrupun tərkibi sabit qalır. Müəllimlər komandası təlim prosesində belə kiçik qruplarda layihələrlə iş, məsləhətvermə, korrektiv tədris metodlarını uğurla tətbiq edirlər. Fənlərin tədris materialının həcmi və məzmunu məhdudlaşdırılmır və ciddi olaraq müəyyənləşdirilmir. Qruplarda təlim üsulları vəziyyətin diaqnostikası əsasında komandanın özü tərəfindən seçilir. Hər komandanın öz dərs cədvəli olur və bu cədvəl qarşıya qoyulan məqsəddən asılı olaraq tərtib edilir. Şagirdlərin idarə edilməsi tədris kurslarının öyrənilməsi ilə sıx əlaqələndirilir. Hər bir müəllim eyni zamanda yönəldici, məsləhətverici, hami, rəhbər olur.

Burada məqsəd kiçik qrupların fəaliyyətinə, onların sosial proseslərə yönəldilməsinə lazımınca dəstək verməkdir. Kiçik permanent qruplarda oxuyanlar qarışıq qabiliyyətli uşaqlardan təşkil olunduğundan, qruplarda yerdəyişmələr, dəqiqləşdirmələr 6-9 ay ərzində aparılır, bu müddətdən sonra isə tərkib təxminən sabit qalır. Modelin başqa xarakterik cəhətləri belədir ki, öyrənilən müxtəlif fənlərin tədris metodikası bir-birindən ciddi surətdə fərqlənmir, ona görə də seçilmiş müəyyən mövzuların, layihələrin öyrənilməsində müxtəlif fənlərin materiallarından, müxtəlif bilik sahələrindən istifadə olunmasına cəhd edilir; şagirdlərin daxil olduğu kiçik permanent qruplarda gedən sosial proseslərə tədris kurslarının bir hissəsi kimi baxılır; şagirdlərin idarə edilməsi və tədris planları bir-biri ilə sıx əlaqələndirilir, buna görə də, məktəbdə xüsusi məsləhətçilər olmur və buna ayrıca vaxt verilmir; komandaların avtonomluğuna icazə verilir, buna görə də, hər komandanın təlimə yanaşması müxtəlif olur; müxtəlif fənlərin məzmununu məntiqi şəkildə əlaqələndirməyə cəhd edilir; müəllimlərin permanent qrupları ilə şagirdlərin permanent qrupları arasında sıx bağlılıqlar mövcuddur. Düşünürəm ki, məktəbin inkişafı məktəbdə idarəetmənin təşkili və təhsilvermə üsullarının dəyişdirilməsi ilə bərabər, həm də innovasiya fəaliyyətinin məktəbdə effektiv şəkildə həyata keçirilməsi ilə bağlıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.