Təhsil Nazirliyinin yeni oyunu-“Direktor təlimləri”

18-03-2016, 01:31           
Təhsil Nazirliyinin yeni oyunu-“Direktor təlimləri”
Keçmiş təhsil naziri Misir Mərdanov yeni təyin olunanda hamı düşünürdü ki, vəssalam təhsildə rüşvətin sonu çatdı, daha heç kim rüşvət almayacaq, hamı halallıqla yaşayacaq. Amma vaxt ötdü, zaman keçdi, məlum oldu ki, Misir Mərdanov rüşvətin kökünü kəsə bilməsə də sələfi Lidiya Rəsulovanın atasına yaxşı rəhmət oxutdurur. Vaxt ötdü, vədə yetişdi, Misir Mərdanov da getdi, Mikayıl Cabbarov təhsil naziri təyin olundu. Hamı düşündü ki, nəhayət indi yaxşı olar, təhsildə rüşvətin, qohumbazlığın kökü kəsilər. Amma sən saydığını say gör Mikayıl Cabbarov nə sayır.

Misir Mərdanov kimi Mikayıl Cabbarov da tez-tez “məktəblərdə pul yığmaq qadağandır” desə də müşahidələr göstərir ki, bu elə söz xatirinə deyilmiş sözdür. Artıq neçə ildir ki, məktəblərdə fond pulu ilə yanaşı Müəllimlər günündə, 8 Martda şıdırğı pul yığımı davam edir. Direktorların pul yığımı müəllimlərdən də yan keçmir. Bəzi məktəb direktorları müəllimlərin maaş kartlarını da özündə saxlayır, əksəriyyəti isə maaş vaxtı siyahı üzrə müəllimlərin maaşlarını kəsib doğramaqla məşğuldurlar. Hamısının da bəhanəsi var “Bizdən də tələb edirlər”.

Ona görə də direktor vəzifəsi bu gün də gəlirli bir vəzifədir. Ona görə də Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra bu vəzifəni icra hakimiyyətlərinin təsir dairəsindən çıxartmaq üçün aktiv hərəkətə keçib. Təxminən 2 il olar ki, guya direktor vəzifəsinə təyin olunmaq istəyənlər üçün təlimlər təşkil edilir və guya həmin təlimləri bitirinlər direktor təyin olunur. Amma iş burasındadır ki, həmin təlimlərə düşmək özü də asan deyil. Yenilik.Az-a daxil olan informasiyaya görə, direktor olmaq istəyənlər üçün təlimlərə qəbul şəffaf təşkil edilmir, burda da dolayı yollardan istifadə olunur. Mənbənin verdiyi məlumata görə bu günlərdə yenə direktor olmaq istəyənlər üçün təlimlərə qəbul olmaq istəyənlərə müsabiqə təşkil edilib. İmtahan başlamamışdan bəzi müşahidələr nəticəsində məlum olub ki, namizədlərin bəziləri qabaqcadan imtahan suallarının məntiqdən ibarət olacağını bilirmiş, bir çoxu isə bilmirmiş. Həmçinin imtahan nəticələrinin əvvəlcə bayramdan sonra məlum olacağı deyilib, amma sonradan nə baş veribsə müsabiqədən 4 gün sonra namizədlərə bir-bir zəng etməklə elan edilib, hardasa dərc edilməyib, apellyasiya imkanı yaradılmayıb. halbuki bu müddət ərzində TQDK az qala nəticəni elan edib, hətta apellyasiya şikayətlərinə də baxır. Həmçinin müsabiqədə guya 90 bal toplayanlar növbəti mərhələyə keçib ki, bu da nonsensdir. Əgər imtahanın səhəri günü nəticələr olduğu kimi hardasa yerləşdirilsəydi onda inandırıcı olardı, amma üstündən 4 gün keçəndən sonra nəticəni bir-bir zəng edib bildirməklə nəinki direktor olmaq üçün təlimlərə qatılmaq istəyənləri, heç bələkdəki uşağı da inandırmaq olmaz. Bundan başqa təlimlərə kimsə ən yüksək bilik sahibi olub düşsə belə direktor təyin olunmaq şansı yoxdur. Bunun üçün direktor olmaq istəyən şəxsin tapşıran adamı və dolu cibi olmalıdır. Ona görə də məktəblərə direktor təyin olunanlar ora təhsil müəssisəsindən çox gəlir mənbəyi kimi baxırlar. Nəticə isə TQDK-nın keçirtdiyi qəbul imtahanları sayəsində hər il daha acınacaqlı formada üzə çıxır.

Təbii ki, bu cür maxinasiyalar barədə çox yazmaq olar, amma Təhsil Nazirliyi münasibət bildirməyəcək. Qeyd edək ki, bir aya yaxındır 15 saylı idman məktəbi ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğu hələ də cavabsız qalıb, düz 2 il bundan əvvəl Nazirlər Kabinetinə ünvanladığımız və oradan cavablandırılmaq üçün Təhsil Nazirliyinə göndərilmiş 11/s-30 nömrəli 28 noyabr 2014 tarixli sorğumuzun cavabı ya yoxdur, ya da nazirliyin hansı dəhlizində, hansı qaranlıq küncündə itib-batıb məlum deyil. Görünür bəzi məmurlar möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tövsiyyələrini eşidirlər, amma əməl etmək istəmirlər. Ümid edək ki, gənc nazirlərimizdən olan cənab Mikayıl Cabbarov ən azı mətbuat xidmətinə sorğuları cavablandırmaq vəzifələrini layiqincə yerinə yetirməli olduqlarını izah edib bu barədə öz tapşırıqlarını əsirgəməyəcək, təhsil sahəsindəki neqativ halların aradan qaldırılması üçün vaxtdan səmərəli istifadə edəcək. Axı indi AMEA-nın institutlarında boş direktor yeri də yoxdur ki, vəzifədən çıxarılanda gedib direktor işləsin, həm də axı hörmətli Mikayıl müəllim nazir vəzifəsinə institutdan gəlməyib…

Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
yenilik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.