“Mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə üz-üzə qalmışıq” - “MTN işi”

9-12-2021, 09:19           
 “Mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə üz-üzə qalmışıq” - “MTN işi”
“MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə məktub ünvanlayıb. Surəti KİV-ə göndərilən məktbunda zərərçəkən yazır:

“Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Həmin iş üzrə mən zərərçəkənəm. 67 gün məni girovluqda saxlayıb ailəmdən 2 milyon dollar almaqla azad ediblər. Məni azad etdikdən sonra da daim təqib olunmuşam.

Möhtərəm Prezident, 2015-ci ilin oktyabrında Sizin tapşırığınıza əsasən MTN-dəki cinayət yuvası darmadağın edildi. Eldar Mahmudovun rəhbərlik etdiyi, Mövlam Şıxəliyevin rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstə ifşa olundu. Bundan sonra biz iş adamları, sahibkarlar rahat nəfəs ala bildik.

Hazırda Eldar Mahmudov azadlıqda olsa da, Mövlam Şıxəliyev və əlaltıları məhkəmə qarşısındadır. Bu günə qədər cinayət işi üzrə hazırlıq iclası və 6 məhkəmə prosesi keçirilib. Ötən müddət ərzində 32 zərərçəkən və 4 zərərçəkənin hüquqi nümayəndəsindən yalnız 1 nəfər 1 epizod üzrə dindirilib. Həmin dindirilən zərərçəkən mənəm. Lakin dövlət ittihamçısı bu günə qədər 1 dəfə də olsun ittihamı müdafiə etməyib. Ona acıq şəkildə “SUS!” əmri verilib!

Ümumilikdə 2 aya yaxındır ki, proses davam edir. Bu müddət ərzində biz zərərçəkənlər mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə üz-üzə, təkbətək qalmışıq.

Məhkəmə prosesini izləyən hər kəs təsdiq edə bilər ki, ittihamın sübut olunması yalnız biz zərərçəkənlərin maraq dairəsindədir. Dövlət ittihamçısı isə ötən müddət ərzində zərərçəkənlərin vəsatətlərinə, suallarına susqun razılıqla qarşılıq verir. Eyni tərzi təqsirləndirilənlər, onların vəkillərinə münasibətdə də sərgiləyir. Hətta mənə qarşı təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun təzyiq göstərməsinə belə dövlət ittihamçısı seyrçi mövqe tutmaqla kifayətləndi.

Sanki ittihamın irəli sürülməsi, müdafiə edilməsi, sübut olunması, ittihamın təsdiqlənməsi dövlət ittihamçısını maraqlandırmır.

Prokuror Vüsal Mehrəliyev məhkəməyə gəlməsə belə, nəsə dəyişməyəcək. Çünki Vüsal Mehrəliyev məhkəmədə qanun-qaydanın pozulmaması üçün formal olaraq iştirak edir. Əslində isə məhkəmədə bu şəkildə iştirakı ilə qanunun tələblərini kobud şəkildə pozur. Bunun səbəbi də aydındır: “MTN işi” üzrə istintaq alayarımçıq aparılıb. Bu gün məhkəmə də həmin alayarımçıq istintaqın davamıdır. Bunun da səbəbi sadədir. Mövlam Şıxəliyev və digərilərinin ittiham olunduğu cinayətlər bir günün içində törədilməyib. Həmin cinayətlər illərlə davam edib, yüzlərlə Azərbaycan vətəndaşına saxta qondarma ittihamlar verilib, həmin ittihamlar əsasında qanunsuz həbs olunublar. Mövlam Şıxəliyev MTN-in İstintaq Təcridxanasından şəxsi zindanı kimi istifadə edib. Məni girov götürməklə 67 gün qanunsuz olaraq azadlıqdan məhrum edib, həmin zindanda girov olaraq saxlayıblar. Pulumu, əmlakımı, malımı almayana qədər orada saxlayıblar. Bu gün Mövlam Şıxəliyev “qurbanlıq” rolunu bilərəkdən özü qəbul edir, dəmir barmaqlıq arxasında sakit oturub yaxın zamanda azadlığa çıxacağına ümidlidir. Bu vəziyyətdə ittihamçı onun üstünə getsə, ittihamı sübut etmək üçün qanuna müvafiq addımlar atsa, Mövlam Şıxəliyevin mövqeyi kəskin şəkildə dəyişəcək. Onun özü olduqca sərt ittihamçıya çevriləcək. Deyəcək ki, ittihamlar qondarma olubsa, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi, onun başında dayanan Rüstəm Usubov, Rüstəm Usubovdan yuxarıda dayanan Zakir Qaralov həmin ittihamları niyə təsdiq edib? Niyə onun və əlaltılarının vətəndaşların həbsinə dair vəsatətləri təmin edilərək məhkəmələrə təqdimatlar göndərilib? Niyə məhkəmələr saxta və uydurma ittihamları təsdiq etməklə günahsız vətəndaşlar barəsində qondarma hökmlər cıxarıblar?

Belə hökmlərlə dövlətin sütunlarından biri sayılan məhkəmə hakimiyyəti sarsılır və bu yol verilməzdir. Bu səbəbdən də Baş Prokurorluq “MTN işi” üzrə istintaqı formal, yarımcıq aparıb, Mövlam Şıxəliyevin və digərləri bu şəkildə məhkəməyə verilib. Barələrində tez bazar ittiham hökmün cıxarılmasına nail olmaq istəyirlər.

Mövlam Şıxəliyevin barəsində ittihamedici hökm çıxarılacaqsa, qanunun tələbidir ki, həmin ittihamları təsdiq edən vəzifəli şəxslər - Rüstəm Usubovla Zakir Qaralov da istintaqa cəlb edilməlidirlər.

Ən azı iş üzrə dindirilməlidirlər.

Məndən alınan pulun bölgüsündən hər iki vəzifəli şəxsə böyük vəsaitlər çatıb. Çox hissəsi Eldar Mahmudova, bir hissəsi Mövlam Şıxəliyevə, Rüstəm Usubovun özünə və onun vasitəsilə Zakir Qaralova çatıb. Pulumun tör-töküntüsü də iş üzrə müstəntiq Vüsal Ələkbərova verilib. Məhz bu səbəbdən Baş Prokurorluq uzun illər MTN-də aparılan istintaqlara nəzarət etməyib. Nəticədə MTN-də mütəşəkkil cinayətkar quldur dəstə yuva salıb, iş adamlarına, vətəndaşlara qarşı dövlətin gücündən istifadə eməklə quldurluq və bu kimi ağır cinayətlər davamlı olaraq törədilib.

Eldar Mahmudovun, Zakir Qaralovla Rüstəm Usubovun məsuliyyətdən kənar qalması Mövlam Şıxəliyevin barəsində formal hökmün cıxarılmasının əsas şərtidir.

Mən mütəşəkkil cinayətkar quldur dəstənin qurbanıyam. Bu günə qədər Mövlam Şıxəliyevin məndən 2008-ci ildə aldığı vəsaiti geri qaytara bilməmişəm. Ailə üzvlərim, mən hələ də banklara kredit qaytarırıq. Kirayələrdə yaşayırıq. Mövlam Şıxəliyev bizdən alınan pullar hesabına böyük varidat sahibi olub. Bu gün onu himayə edənlər var. İddia edir ki, barəsində məhkəmənin verəcəyi hökmdən az sonra azadlığa çıxacaq. Biz zərərçəkənlərdən aldığı pulların bir qismini himayəçisinə verməklə azadlığa çıxacağına əmindir. Buna görə Mövlam Şəxliyev bu gün dəmir barmaqlıq arxasında sakit oturub yaxın zamanda azadlığa çıxacağını gözləyir. Onun Azərbaycanda, Azərbaycandan kənarda böyük biznesi, çoxsaylı mal-mülkləri var. Xahiş edirəm ki, məhkəmənin obyektiv, düzgün aparılması, məndan alınan vəsaitin geri qaytarılması üçün müvafiq orqanlara sərt göstəriş verəsiniz".

Qeyd edək ki, Hüseyn Səfərov 2008-ci ilin sonunda saxlanılıb. Saxlanılarkən “Kapitalbank”ın “Tərəqqi” filialının müdiri vəzifəsində çalışıb. Hazırda Bakı Hərbi Məhkəməsində onun qanunsuz həbsi, ailəsindən hədə-qorxu ilə 2 milyon dollar alınması epizodları üzrə araşdırma davam edir.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.