Rüstəm Muradovun müəmmalı İrəvan səfəri - Delimitasiya başlayır?
9-12-2021, 15:30
Ermənistanın "Hraparak” nəşri Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradovun rəhbərlik etdiyi Rusiya hərbçilərindən ibarət nümayəndə heyətinin Ermənistana gəldiyini yazıb.
Nəşr iddia edir ki, nümayəndə heyəti Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamaq üçün danışıqlar aparacaq. Rusiyanın nüfuzlu "Sputnik” agentliyi isə rusiyalı hərbçilərin gəlişini təsdiqləsə də, delimitasiya ilə bağlı yayılan məlumatı təkzib edib.
Maraqlıdır, Rüstəm Muradovun rəhbərlik etdiyi Rusiya hərbçilərindən ibarət nümayəndə heyəti Ermənistana hansı məqsədlə gəlib?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında verən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Rüstəm Muradovun rəhbərlik etdiyi Rusiya hərbçilərindən ibarət nümayəndə heyətinin Ermənistana gəlməsini sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin başlaması hesab etmək olar:
"Məsələ ondadır ki, noyabr ayının 26-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində keçirilən üçtərəfli görüşdə bu məsələyə dair razılıq əldə olunub. Eyni zmanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı arasında gedən danışıqlarda da bu məsələ müzakirə olunub. Yəni heç kəsə sirr deyil ki, delimitasiya və demarkasiya ilə bağlı həllini gözləyən vacib məsələlər var. İstənilər halda məsələnin yubadılması regionda vəziyyətin yenidən gərginləşməsinə gətirib çıxara bilər. Artıq gərginliyin elementləri hiss olunur. Misal üçün, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Qubaya səfəri zamanı Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. Ölkə başçısı bu xəbərdarlıqla bir daha diqqətə çatdırdı ki, sərhədlərin delimitasiya və demarkasiyası həyati məsələlərdir və həlli ən qısa zamanda olmalıdır”.
E. Nəsirov qeyd edib ki, sərhədlərin müəyyənləşməsi, eyni zamanda kommunikasiya və nəqliyyat əlaqələrinin bərpa edilməsi kimi məsələlər Ermənistanda narahatlıqla izlənilir:
"Təsadüfi deyil ki, Rüstəm Muradovun rəhbərlik etdiyi Rusiya hərbçilərindən ibarət nümayəndə heyətinin Ermənistana səfər etməsini bəzi erməni nəşrləri sərhədlərin delimitasiya və demarkasiyası kimi, bəziləri isə sadəcə rəsmi səfər kimi təqdim edir. Bütün hallarda isə biz deyə bilərik ki, bu istiqamətdə işlərin ən qısa zamanda başlaması zəruridir. Əks təqdirdə gərginlik yenidən artacaq”.
Turan Rzayev