ÜST: “Buster doza “Omikron” ştamına qarşı müdafiəni gücləndirir”

24-01-2022, 12:47           
ÜST: “Buster doza “Omikron” ştamına qarşı müdafiəni gücləndirir”
“Omikron” ştamından qorunmaq üçün əsas diqqəti infeksiyanın ötürülməsinin qarşısını almağa və vaksinləmənin əhatə dairəsinin genişləndirməyə yönəltmək lazımdır.

Bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O deyib ki, “Omikron” ştamının xəstəlik dövrü “Delta” ştamına nisbətən daha yüngül keçsə də, xüsusən də peyvənd olunmamış şəxslər üçün bu ştam da təhlükəlidir. ÜST nümayəndəsi qeyd edib ki, vaksinin “Omikron” ştamına qarşı effektiv olduğunu göstərən daha çox sübutlar ortaya çıxır.

“Görünür ki, buster dozanın olması müdafiəni gücləndirir. Vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malik olmaqda davam edir”,- o əlavə edib.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etmək olmalıdır: “Riskə qarşı daha həssas kateqoriyalardan başlamaqla, əhalini peyvəndləməklə pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. "Omikron” ştamı “Delta” ştamına nisbətən daha sürətlə yayılır. Hətta peyvənd olunmuş və ya koronavirus xəstəliyini keçirmiş şəxslər arasında da infeksiyanın ötürülməsi halları baş verib”.

ÜST-ün rəsmi nümayəndəsi deyib ki, yoluxma hallarının artması xəstəxanaya yerləşdirilmə hallarının artmasına səbəb olacaq, bu isə səhiyyə sisteminin həddən artıq yüklənməsinə və xüsusən də əhalinin həssas qrupları arasında ölüm hallarının artmasına gətirib çıxara bilər: “Xəstəliyin ağırlına gəlincə, “Omikron” ştamının daha çox narahatlıq doğuran digər ştamlarla müqayisədə nisbətən yüngül olduğunu göstərən sübutlar ortaya çıxır. Faktlar göstərir ki, “Omikron”a yoluxma zamanı xəstəxanaya yerləşdirilmə riski “Delta”ya yoluxma ilə müqayisədə daha aşağıdır. Xəstəliyin ağırlığı yaşa görə və digər xəstəliklərin olmasına əsasən dəyişir. Bu həm də peyvənd olunmamış şəxslərə aiddir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.