Dövlət imtahanı ləğv olunsun, ya yox? - Ekspertlərdən fərqli yanaşma

31-05-2022, 11:44           
Dövlət imtahanı ləğv olunsun, ya yox? -
Xəbər verdiyimiz kimi, ölkənin ali məktəblərinin sonuncu kurs tələbələri dövlət imtahanının ləğv olunmasını tələb edirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir.
Tələbələr bildiriblər ki, pandemiya səbəbindən dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçirilib. Buna baxmayaraq, onlar dövlət imtahanı verməlidirlər. Bu isə düzgün qərar deyil. Tələbələr dövlət imtahanlarının ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət də ünvanlayıblar.
Teref.az yazır ki, məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında deyib ki, iki həftədən çoxdur ki, Azərbaycan ali və orta ixtisas təhsil müəssisələrində buraxılış kursunda olan tələbələr dövlət imtahanının keçirilməməsi ilə bağlı haqlı etiraz edirlər:

“Aidiyyəti bir qurum çıxıb açıqlama vermir ki, bəli, siz haqlısınız və ya haqsızsınız. Əslində hər iki təhsil pilləsində Boloniya sistemi tətbiq olunduğu üçün tələbələr müvafiq krediti topladıqları halda onlara sənədləri təqdim edilməlidir. Həmçinin Nazirlər Kabinetinin bu mövzuda müvafiq qərarları var. Bundan əvvəlki iki ildə buraxılış kurslarının tələbələri dövlət imtahanından azad olunmuşdu. Pandemiya şəraiti nəzərə alınaraq faktiki buraxılış kursları da azad olunmalıdır. Təhsil Nazirliyi nəyi gözləyir bilmirəm, amma mənə maraqlıdır ki, Təhsil Nazirliyi yanında İctimai Şura nə üçün bu məsələdə susur? Şura tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilmir. İctimaiyyətlə nazirlik arasındakı vasitəçilik unudulub. Məsələyə həm Təhsil Nazirliyi, həm də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən biganə münasibət göstərilir. Susmaq yerinə aidiyyəti qurumlar tələbələrin xeyrinə qərar qəbul etməlidirlər”.
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, bu gün ali təhsil müəssisələrində ali təhsilin keyfiyyəti qənaətbəxş deyil. Bu səbəbdən də təhsil alanlar nəyin bahasına olursa olsun dərslərin yüngülləşməsini istəyir:

“Azərbaycanda təhsil sahəsində ciddi problemlər var. Bu problemlər təkcə təhsil verənlərlə yox, eləcə təhsil alanlarla bağlıdır. Tələbələrin daha yüngül variantlara əl atmaq niyyəti onların təhsil almaq istəməməsindən irəli gəlir. Universitet məzunlarının əksər hissəsi işə qəbul imtahanında uğur qazanmaq üçün repetitor yanına hazırlığa gedirlər. Çünki, ali məktəbdə verilən təhsil qaneedici deyil. Bu səbəbdən də tələbələr ancaq universitetə gedib gəlmək istəyir, dərs oxumaq yox”.
Ekspert hesab edir ki, ali təhsil müəssisələrində ali təhsilin keyfiyyəti qənaətbəxş olmasa da dövlət imtahanının ləğvi vəziyyətdən çıxış yolu deyil:
“Hesab edirəm ki, dövlət imtahanı ləğv edilmək əvəzinə daha da ciddi olmalıdır. Ən başlıcası isə ali məktəblərdə yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində işlər görülməli, təhsilin səviyyəsi yüksəldilməlidir”.
Elşən Qafarov dövlət imtahanlarının ləğv edilməsinin əleyhinə olduğunu bildirib:
“Dövlət imtahanlarını ləğv etmək yox, qiymətləndirmə sisteminin təkmilləşdirmək lazımdır. Ən başlıcası isə ali məktəbə qəbul imtahanları sadələşdirilməlidir. Təəssüf ki, bizdə vəziyyət əksinədir. Universitetə qəbul imtahanı çox çətindir. Lakin qəbul olan tələbələr 4 il universitetə boş yerə gedib-gəlir. Sonda isə onların çoxu diplom alır. Hesab edirəm ki, diplom ancaq ən layiqli tələbəyə, yəni 4 il böyunca oxuyan, çalışan, zəhmət çəkən tələbəyə verilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.