Şuşa adıyla alimlərdən yığılan pul necə oldu? - “Gecə ikən...” Şuşa adıyla alimlərdən yığılan pul necə oldu? - “Gecə ikən...”

10-06-2022, 13:05           
Şuşa adıyla alimlərdən yığılan pul necə oldu? - “Gecə ikən...”
Xəbər verdiyimiz kimi, Şuşada keçirləcək "Qarabağ 3" konfransı adıyla Azərbaycan Milli Elmlər Akademiyasının 370 nəfər alimindən pul alıb, onların konfransda iştirakını təmin etməyiblər. Bu barədə akademiyanın alimləri sosial şəbəkə hesablarında yazaraq etiraz ediblər.

Onlardan bu səfər üçün 70 manat pul alındığı hələ də pullarının geri qaytarılmadığı iddia olunub. Konfransı təşkil edən İKSAD-ın Azərbaycan üzrə Baş təmsilçisi Əlvan Cəfərov konfrans iştirakçılarının Şuşaya ekskursiyası üçün AMEA-nın Rəyasət Heyətinin Prezident Adminstrasiyasına rəsmi şəkildə müraciət etdiyini və razılıq alındığını yazsa da, etirazlardan sonra paylaşımı silib.

Seçimdən narazı olanlar Şuşaya gedən 100 nəfərin içərisində bir ailədən 3-4 nəfərin olduğu, alim olmayanların da həmin səfərdə iştirak etdiklərini vurğulayıblar. İyun ayının 10-da 470 nəfər AMEA aliminin Şuşaya səfəri gözlənilsə də, səfər ayın 8-i yalnız 100 nəfərin iştirakı ilə baş tutub. 100 nəfərin hansı şərtlərlə seçildiyi bəlli deyil. Teref.az xəbər verir ki, Şuşaya səfər üçün qeydiyyatdan keçən tarixçi alim Arif Gürşadoğlu Cebhe.info-ya açıqlamasında məsələ ilə bağlı polisə müraciət edəcəyini bildirib:

“Bizim ödənişlərimiz dünən gecə hesabımıza qaytarılıb. Mənim əlaqəm olduğu bir neçə nəfər var ki, onların da səfər üçün ödədikləri pul geri qaytarılıb. Pul geri qaytarılsa da, mütləq müraciət edəcəyəm. Sadəcə, gözləyirəm, dəvət etməsələr, özüm müraciət edəcəyəm. Məsələ maddi deyil, məsələ Şuşa üzərindən belə bir çirkin oyunun qurulmasıdır. Ona görə də mütləq polisə müraciət edəcəyəm”.

Tarixçi alim konfrans haqqında məlumatların onlara e_mail vasitəsilə gəldiyini də qeyd edib:

“Biz İKSAD-ın bütün konfranslarında iştirak etdiyimiz üçün təklif email vasitəsilə göndərilmişdi”.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.