Quru sərhədləri niyə hələ də açılmır? - "Heç bir məntiqi izahı yoxdur!"

10-06-2022, 20:07           
 Quru sərhədləri niyə hələ də açılmır? -
“Azərbaycanda quru sərhədlərinin bağlı olmasının heç bir məntiqi izahı yoxdur”.

Teref.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Müsahibimiz bildirib ki, bunun üçün nə epidemioloji əsas var, nə də virusla bağlı hər hansı təhlükə:
“Rəsmi qurumlar indiyə qədər quru sərhədlərin bağlı qalmasının məntiqi izahını verə bilmir. Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya kimi qonşu ölkələrin hamısında quru sərhədlər açıqdır, artıq bununla bağlı problem yoxdur. Bir tək Azərbaycanda qapalı saxlanılır və bunu epidemioloji vəziyyətlə əlaqələndirmək olmaz”.

N.Cəfərli deyib ki, quru sərhədlərin bağlı olması turizm sahəsinə ciddi zərbə vurur:

“Çünki aviabiletlərin çox baha olması turizm potensialına mənfi təsir göstərən amildir. Məsələn, Gürcüstana gələn xarici vətəndaşlar oradan quru yol ilə Azərbaycana da səfər etmək istəyərdilər. Şəxsi tanıdığım insanlar da olub ki, məhz quru sərhədlərinin bağlı olmasına, viza probleminə görə ölkəyə gələ bilməyiblər. Düzdür, indi viza almaq o qədər də çətin deyil, elektron viza xidməti var. Ancaq əsas quru sərhədlərin qapalı olması Gürcüstana gələn xaricilərin Azərbaycana səfər etməsinin qarşısını alan faktora çevrilir. Ümumilikdə turizmə böyük zərbədir və quru sərhədlərin açılması turizm potensialının azı 2 dəfə artırılmasına xidmət edə bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.