Ömürlük məhbuslar da əfv üçün müraciət edib - Komissiya üzvü

15-04-2023, 00:04           
Ömürlük məhbuslar da əfv üçün müraciət edib - Komissiya üzvü
May ayında Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv olacağı gözlənilir.

Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin, keçmiş OMON-çuların olması cəmiyyəti maraqlandıran məsələlərdəndir.

TEREF.AZ-ın məlumatına görə, bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, müxtəlif maddələrlə həbs olunmuş məhkumların müraciətləri var:

“İndiyə qədər Əfv Məsələləri Komissiyasının 13 iclası olub, qarşıdakı həftədə də növbəti iclası gözlənilir. Bütövlükdə komissiya aprel ayının sonuna yəqin ki, işini başa çatdıracaq. Bu günə qədər 1500-dən çox müraciətə baxılıb və rəylərin hazırlanması üzərində qərarlar qəbul edilib. İclaslar başa çatdıqdan sonra bütün rəylər Prezidentə təqdim olunacaq və qəti qərarı ölkə başçısı verəcək. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin müraciətləri var. Eyni zamanda, müxtəlif cəzalara məhkum olunmuş şəxslər müraciət edib. Onların arasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan tutmuş uzun müddət və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş şəxslər var. Bütövlükdə bütün cəza növlərinə görə məhkum olunmuş ayrı-ayrı məhkumların nümayəndələri tərəfindən müraciət olunub”.

Lakin komissiya üzvü müraciət edənlərin konkret adlarını çəkməyib:

“Kimlərin müraciət etdiyini söyləyə bilmirik. Bunlar hamısı şəxsi informasiyalardır. Həmin şəxslər özləri könüllü olaraq məlumat verə bilərlər. Biz o məlumatı verməkdə haqlı deyilik və bu, eyni zamanda, etik davranış qaydalarının pozulmasıdır. Ona görə kim hansı kateqoriyadan müraciət edibsə onu demək, konkret fikir söyləmək doğru olmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.