“Qanlı göl”də 13 nəfərin qanını töküb videoya çəkiblər - məhkəmə hökm verdi

17-04-2023, 18:02           
“Qanlı göl”də 13 nəfərin qanını töküb videoya çəkiblər - məhkəmə hökm verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayonu ərazisində içlərində xarici vətəndaşın da olduğu 13 nəfərə qarşı cinayət törədən dəstəyə hökm oxunub.

TEREF.AZ musavat.com-a istinadla xəbər verir ki, hakim Novruz Kərimovun çıxardığı hökmə əsasən, Ağababa Musayev, Aqşin Məmmədov, Nihat Rəhimli və Elnur Vəliyev 11 il 6 ay, Sadiq Ovçiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən Sübhan Xanlarova şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, bu şəxslər sosial şəbəkələrdə saxta profil açaraq qadın adı ilə müxtəlif şəxslərlə tanış olublar. Qısa tanışlıqdan sonra qarşı tərəfə Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan ərazidə görüş təyin ediblər. Sonuncu belə şəxs Azərbaycanda təhsil alan xarici tələbə olub. Sosial şəbəkədə qısa tanışlıqdan sonra onu “Qanlı göl”ə çağıran dəstə üzvləri 1500 manatlıq telefonunu və 100 manat pulunu əlindən alıblar. Zərərçəkənin şəxsiyyətini alçaldan videolar çəkərək hədələməklə polisə şikayət etməməsini tələb ediblər. Əks halda videolarının yayılacağı ilə hədələyiblər.

Ötən il noyabrın 26-da baş verən bu hadisədən sonra xarici vətəndaş polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd, dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə videoya çəkib, polisə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.