Azərbaycanda STEAM təhsil modeli – Biz nədə geri qalırıq? -ARAŞDIRMA

19-04-2023, 00:01           
Azərbaycanda STEAM təhsil modeli –
Çağdaş dünya təhsilində təhsilalanların təhlil və tədqiqatyönümlü bacarıqlarının, proseslərə yaradıcı yanaşma vərdişlərinin inkişaf etdirilməsi və bunun effektli tətbiqinin həyata keçməsi istiqamətində prioritet addımlar atılmışdır.

Çağdaş dünya təhsilinin simasını müəyyən edən belə yanaşmalardan biri də STEAM təhsil modelidir. STEAM şagirdləri XXI əsrə hazırlayan və “Gələcəyin təhsili” adını alan strateji modeldir. 5 sahənin birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulan bu model çağdaş təhsil sisteminin texnoloji dünya, ixtiraçılıq, mühəndislik istiqamətlərində kreativ yanaşmalarının əmək bazarına tətbiqini əsas götürür.

STEAM təhsil modelini təşkil edən 5 ana xətt - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Math) şagirdlərdə problemə tam fərqli baxış müstəvisində yanaşmanı, praqmatik düşüncə ilə yanaşı, yaradıcı kontekstdə qərarqəbuletməni əsas götürür.

Azərbaycanda STEAM təhsil

Təhsil modeli 2019-2020-ci tədris ilindən etibarən ölkəmizdə “STEAM Azərbaycan” layihəsi adı altında tətbiq edilir. Heydər Əliyev Fondunun dəstəyi ilə start götürən layihə 2021-ci ildə 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə etmişdir. Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı, Bərdə, Lənkəran, Sabirabad və Ağdaşda STEAM Mərkəzləri fəaliyyətə başlamışdır.

2022-ci ildə isə layihənin miqyası daha da genişlənmiş, təhsil modeli 318 ümumtəhsil məktəb və 19 STEAM Mərkəzini əhatə etmişdir. Ümumilikdə 135 000-ə yaxın şagird STEAM tədrisinə cəlb olunmuşdur.

İl ərzində Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala, Saray qəsəbəsində STEAM mərkəzləri fəaliyyətə başlamışdır.

05.01.2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirakı və yeniliklərlə tanış olmaları bu tədris modelinin inkişafına göstərilən diqqətin böyük nümunəsidir.

Azərbaycan məktəblərində tədris olunan STEAM modelinin əsas məqsədləri:

-təhsilalanlarda kreativlik meyillərinin inkişafı;

-tənqidi və çoxvariantlı düşüncə tərzinin formalaşdırılması;

-proseslərin icrası zamanı komandadaxili əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişaf etdirilməsi;

-proqramlaşdırma dillərinin tətbiqi və İKT avadanlıqlarından səmərəli istifadə bacarıqlarının öyrənilməsi.

STEAM dərsləri VI sinifdən başlayaraq, həftədə iki dəfə keçirilir. Dərslərdə aşağıdakı metodların mənimsənimləsinə xüsusi diqqət yetirilir:

- Layihə əsaslı öyrənmə - PBL (Project Based Learning);

- Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary);

- Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning);

-Oyun əsaslı öyrənmə (Gamification);

-Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies),

-Mobil əsaslı öyrənmə (Mobile learning),

Beynəlxalq təcrübə

Beynəlxalq təcrübədə STEAM modeli əsas təhsil strategiyası kimi qəbul edilir. Bu istiqamətdə ilk addım atan ölkə ABŞ olmuşdur. STEM konsepsiyasına “A” əlavəsinin (ART) artırılaraq STEAM modelinə çevrilməsinin ideya müəllifləri də ABŞ alimləridir. 2008-2009-cu illərdə yaranan iqtisadi böhran zamanı o zamankı ABŞ prezidenti Barak Obama təxirəsalınmaz təhsil islahatlarının aparılmasını bildirmiş və yerli mütəxəssislər bu istiqamətdə müxtəlif ölkələrin (xüsusilə də inkişaf edən Asiya dövlətlərinin) təhsil sistemlərini tədqiq edilərək ümumi nəticəyə gəlmişdilər. Tədqiqatlar zamanı ortaya çıxan ən zəruri detal isə bu olmuşdur: incəsənətin dəqiq elmlərlə inteqrasiyası və bir arada tədris edilməsi.

2009-cu ildə Con Hopkins Universitetinin apardığı nevroloji tədqiqatlar sənətlə elmi biliklərin inteqrativ əlaqələrinin bir çox müsbət tərəflərini üzə çıxardı. Beynin hər iki yarımkürəsin

in paralel şəkildə işlənməsinin–məntiqi düşüncə ilə yaradıcı təfəkkürün ortaq iş mexanizminin öyrənmə bacarıqlarının inkişafına, yaddaşın və diqqətin güclənməsinə səbəb olması müəyyənləşmişdir.

Üstəlik, STEAM-ın əsas nüvəsini təşkil edən bu tendensiyanın (məntiqi təfəkkürlə, yaradıcı düşüncənin) “4 K sistemi” adı verilən proseslərə müsbət təsiri aşkarlanmışdır. 4 K prinsipi-kreativlik, kommunikasiya, kritik düşünmə və kooperasiya (əməkdaşlıq)-təhsil modelinin əsas faydalılıq göstəricisi kimi qəbul edilmişdir.

ABŞ-də STEAM təhsil modelinin tətbiqindəki uğurun əsas səbəbi onun tədrisinin artıq məktəbəqədər təhsil müəssisələrində, 3 və daha yuxarı yaş qruplarına keçirilməsidir. Uşaqların şəxsiyyətyönümlü inkişafı üçün ən vacib yaş aralığında tədris olunan STEAM onlarda yaradıcı yanaşma, müşahidə aparmaq qabiliyyəti, fərqli və kreativ mühakimə irəli sürmək bacarıqlarını irəli aparmış oldu. Müqayisə üçün deyək ki, Azərbaycanda heç bir məktəbəqədər təhsil müəssisəsində STEAM metodu tədris olunmur, ümumiyyətlə bu prosesə orta ümumtəhsil məktəblərinin VI sinfindən etibarən başlanılır. 3-12 yaş aralığında STEAM yanaşmasından kənarda qalmaq isə azyaşlıların birbaşa şəxsiyyətyönümlü inkişafına, onların gələcəkdəki elmi və işgüzar karyeralarındakı uğurlarına mənfi təsirini göstərmiş olacaqdır.

ABŞ məktəbəqədər təhsil müəssisələrində STEAM yanaşması ilə 3 yaşdan etibarən tanış olmuş fərddə özünəinam, özünüifadə kimi xarakterik göstəricilər yaxşı inkişaf edir və o ibtidai siniflərdə artıq layihə əsaslı işlərdə komandadaxili faydalar barəsində düşünə bilir. Bu zaman 4 K qaydası təhsilalanlar tərəfindən daha effektiv həyata keçmiş olur.

Asiyanın yüksək təhsil göstəriciləri ilə fərqlənən ölkələrində (Çin, Sinqapur, Yaponiya) də STEAM yanaşması məktəbəqədər dövrdən başlayır. Əsaslı fərq isə Asiyanın STEAM təcrübəsində “Art” (sənət) bəndinə xüsusi diqqətin yetirilməsidir. Bu ölkələrdə yaradıcı düşüncə uşaqların yenilikçi qabiliyyətlərinin formalaşması üçün əsas mexanizm hesab edilir. Çin təhsil sistemində yaradıcı düşüncənin innovasiya problemlərinin həllindəki rolu 45%, biznes bacarıqlarına tətbiq göstəricisi isə 23% kimi göstərilir.

Dünya təhsilinin yaradıcılıq, innovasiya və dizayn mərkəzi hesab edilən Sinqapurda isə təhsil islahatlarının əsas faktoru yaradıcı yanaşma meyillərinin gücləndirilməsi və bunun dəqiq elmlərə, innovativ meyllərə tətbiqidir.

Avropada STEAM-in daha çox inkişaf etdiyi ölkələrdən biri İtaliyadır. Təhsil metodu burada da məktəbəqədər dövrdən tədris edilməyə başlanır. Bu yaş qrupunda STEAM tədris modelinin oyun əsaslı metodlarına xüsusi önəm verilir. Azyaşlılara xəyal dünyasında səyahət, nağıl qəhrəmanlarının imitasiya, xüsusi situasiyalarda plan qurma bacarıqları elə bu yaşdan etibarən öyrədilir.

Orta məktəblərdə isə Leonardo STEAM Laboratoriyası şagirdləri STEAM təhsilə yönləndirən yoldur. Burada uşaqlar dahi alimin yaradıcılığı ilə yaxından tanış olur, robot texnikası və kodlaşdırma elementlərini öyrəndikdən sonra görülən işləri sənədləşdirən Leonardo maşını qururlar və fərdiləşdirirlər.

Qeyd edək ki, İtaliyanın STEAM təhsil modeli təcrübəsi başqa Avropa ölkələrində- Bolqarıstan, İspaniya, Polşa, Rumıniya, Şimali Makedoniyada da tətbiq olunur.

Qonşu ölkələr arasında STEAM təhsil modeli ən effektiv şəkildə qardaş Türkiyədə tədris edilir. Şagirdlərin Beynəlxalq Qiymətləndirmə Proqramlarında (PISA, TIMSS)-də zəif nəticə göstərməsi qardaş Türkiyədə STEAM tədris modelinə keçidin əsas şərti olmuş və bu qısa zaman ərzində öz müsbət nəticəsini vermişdir. Türkiyədə əsasən ali təhsil pilləsində STEAM yanaşmalarına xüsusi önəm verilmiş, böyük universitetlərdə STEAM mərkəzləri və universitetləri yaradılmışdır. Bu mərkəzlərdə NASA və ABŞ-ın STEAM proqramlarından istifadə, oranın mütəxəssisləri ilə təcrübə mübadiləsinin aparılması tezliklə bu modelin faydalılıq göstəricisinin artmasına səbəb olmuşdur.

Təsadüfi deyil ki, ölkəmizdə yaradılan STEAM təhsil mərkəzlərində qardaş Türkiyə təcrübəsindən yararlanmış, onların mütəxəssisləri ilə məsləhətləşmələr aparılmışdır.

Rusiyada isə STEAM təhsil modeli qardaş Türkiyə qədər inkişaf etməsə də, hazırda bu istiqamətdə müəyyən addımlar atılır, əsasən ABŞ təcrübəsindən istifadə edilir. Uşaq mərkəzlərində 3 yaşdan başlayaraq azyaşlılar özlərini mühəndis kimi sınaya, texnologiyalarla tanış ola, təcrübə qoya və kəşf edə bilərlər.

Qonşu Gürcüstan Respublikasında STEAM təhsil modeli yeni tətbiq olunmaqdadır. Sevindirici haldır ki, Gürcüstan bu məsələdə Azərbaycan təcrübəsindən də istifadə edir. Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Gürcüstanda STEAM layihəsinin həyata keçməsi ilə bağlı razılığa da gəlinib. Mərkəzin soydaşlarımızın yaşadığı Marneuli rayonunda salınacağı bildirilir.

Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı
moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.