QMİ-nin 15 manat fitrə pulu narazılıq yaratdı - AÇIQLAMA

19-04-2023, 19:09           
QMİ-nin 15 manat fitrə pulu narazılıq yaratdı - AÇIQLAMA
Ramazan ayı bütün dünya müsəlmanları üçün müqəddəs aydır və İslam dinində bu ayda möminlərin oruc tutmaları, fitrə zəkat vermələri buyurulub.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında bu ilki fitrə məbləği açıqlanıb. Belə ki, fətvada adambaşına 10-15 manat fitrə verilməsi tövsiyə olunub.

Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

Bəs bu fitrə zəkat kimlərə verilməlidir? Hər kəs göstərilən məbləğdə fitrə zəkat verməyə məcburdur?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya bu barədə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, şəxs orucluq ayı ərzində nə ilə qidalanıbsa, o qida növündən fitrə verməlidir:

"Bizdə ildən-ilə anlaşılmazlıq olur. Hər dəfə yeni pul məbləği elan edirlər. Tutaq ki, adambaşına 15-20 manat yığırlar, bu da insanlarda narazılıq yaradır. Bəziləri deyir ki, buna imkanım yoxdur. Bunun tam təsfilatı da verilmir. Fitrə zəkatın mahiyyəti ondan ibarətdir ki, oruc tutan şəxs 30 gün ərzində günorta yemədiyi yeməkləri toplayıb həmin vəsaiti və ya qidaları kasıb, fəqir insanalara verməlidir. Ölçü məsələsinə qaldıqda, burada bir neçə seçim qoyulub. Xurma, kişmiş, buğda, qarabaşaq və sair ərzaq məhsulları siyahıda var. Bunun da səbəbi odur ki, o dönəmdə Ərəbistanda başqa ərzaq məhsulları yox, sadaladığım məhsullar vardı. Artıq bunu dövrümüzdə olan ərzaq məhsulları ilə əvəz edə bilərik".

Onun sözlərinə görə, burada ziddiyyətli görünən daha başqa məsələ çəkidir:

"Xurmanın 1 kiloqramı 15-17 manat, buğdanınkı isə 40-50 qəpikdir. Bunu necə müqayisə edək? Hər bir insan imkanına görə, xurmadan, buğdadan ayıra bilər. Adam var ikra yeyir, onun fitrə zəkatı adambaşına 100 manat olacaq. Adam da var, düyü qaynadıb yeyir, yeməyə heç nəyi yoxdur. Buna görə qiymət açıqlamaq düzgün deyil, hamı öz evində olan, öz qidalandığından fitrə verməlidir. Şəxs orucluq ayı ərzində nə ilə qidalanıbsa, o qida növündən fitrə verməlidir. 30-40 gün buğda yeyən adam ayın axırında xurma fitrəsi verə bilməz. Hər kəs öz ailəsində bunu müəyyən etməlidir".

Tural İrfanın sözlərinə görə, ortaq məbləğ açıqlamaq düzgün deyil:

"Bu, şəriətə, dinə, insanların sosial vəziyyətinə də ziddir. Məsələn, elan edirlər ki, bu ilki fitrə adambaşına 15 manatdır. Bu, qətiyyən düzgün deyil. Adam var onun heç 3 manata imkanı çatmır, sən necə onun boynuna qoya bilərsən ki, 15 manat verməlisən? Adamların əksəriyyəti oruc tutur, amma onlara fitrə vermək düşmür. Çünki onun da meyarı, ölçüsü var. Fitrəni yalnız maddi imkanı yol verən insanlar ödəməlidir. Adam var oruc tutur, lakin fitrə onun özünə düşür. Hərə öz yediyi qidalardan adambaşına 3 kq verməlidir. Dində belə deyil ki, hökmən 15 manatı verməlisən, yoxsa ibadətin qəbul olmayacaq. İmkanı çatan verə bilər, imkanı çatmayan da verməsin".

O bildirib ki, bayramdan öncə də fitrə vermək məqbuldur:

"Fitrə kasıb, yolçu, səfərdə olanlara, yetimlərə, ehtiyacı olanlara verilməlidir. Fitrə elə bir tərzdə verilməlidir ki, onun qüruru, şəxsiyyəti alçalmasın. Yaxşı olardı ki, fitrə zəkatı bayramdan əvvəlki gün, axşam gün batandan sonra verilsin. O da ona görədir ki, bayram günlərində həmin o kasıbın da evində bir qazan qaynasın. Əsas odur, fəqir insanlara yardım edilsin. Hədislərdə var ki, bayramdan öncə də fitrə verə bilərlər".

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan (Fitr) bayramı aprelin 21-dir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.