Bakı sakini yol polisinə qalib gəldi - NÜMUNƏ

30-06-2016, 17:28           
Bakı sakini yol polisinə qalib gəldi - NÜMUNƏ
Bir müddət əvvəl avtomobili ayıq sürücü xidməti tərəfindən yaşadığı evin qapısınadək gətirilsə də, yol polisi tərəfindən cərimə meydançasına aparılan paytaxt sakini Ramiz Cəfərov Bakı şəhər Dövlət Yol Polisini məhkəmədə udub. Lent.az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən iclasda Cəfərov Ramiz Cəfər oğlunun şikayəti təmin edilib və yol polisinin qərarı ləğv edilib. Həmçinin inzibati xəta tərkibi olmadığından başlanmış icraata xitam verilib.

Bundan başqa Ramiz Cəfərovun Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətə də baxılıb. İdarənin Daxili Təhqiqatlar Şöbəsinin rəisi Əziz Hidayevin imzası ilə R.Cəfərova ünvanlanmış məktubda bildirilib ki, Yol Patrul Xidməti Alayının Yol Patrul Xidmətinin inspektorları Rasim Əliyev və Toğrul Həsənəliyev tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətə Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən baxılıb. Martın 5-də R.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə əsassız protokol tərtib etdiyinə görə Rasim Əliyevə ciddi xəbərdarlıq olunub və protokolun ləğv edilməsi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə həvalə edilib.

Eyni zamanda Ramiz Cəfərovun prokurorluğa etdiyi şikayətə də baxılıb. Sabunçu rayon prokurorunun böyük köməkçisi Əsvər Cəfərovun icraatında baxılmış məsələ ilə bağlı qərar verilib ki, adları yuxarıda qeyd edilən yol polisi inspektorları ilə bağlı intizam icraatı başladılsın.

Ramiz Cəfərov Lent.az-a bildirib ki, qərar iyunun 14-də qüvvəyə minsə və yol polisi qərardan hər hansı apelyasiya şikayəti verməsə də, ona məxsus olan 90 AM 409 nömrə nişanlı “Ford Escape” markalı avtomobilə qeyri-qanuni yazılmış cərimə sistemdən çıxarılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhər Sabunçu rayon Birinci Zabrat qəsəbə sakini Ramiz Cəfərov avtomobilinin yol polisi tərəfindən qeyri-qanuni şəkildə cərimə meydançasına aparılması və özünün cərimə edilməsi ilə bağlı Lent.az-a müraciət etmişdi. Müraciətlə bu linkdən tanış ola bilərsiz: http://news.lent.az/news/239021












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.