Qəddar diktatorların acı sonu – Onlar necə ölüb?

8-08-2023, 11:39           
Qəddar diktatorların acı sonu –
Qəddarlıq insanın içərisində yatan və oyanarkən cilovlamağın çətin olduğu hisslərdən biridir. Tarixdə də qəddarlığı ilə seçilən, heç vaxt ölməyəcəkmiş kimi davranan liderlər olub.

Teref.az həmin liderlərdən bəzilərinin həyatı və faciəli sonları barədə yazını təqdim edir:

Başıaşağı asılan Benito Mussolini...

Avropanın ilk faşist lideri Benito Mussolini 1922-ci ildə İtaliyanı ələ keçirdikdən sonra terrora başlayıb. Rəhbərlik etdiyi faşist partiyasından başqa digərlərini bağlamaq, qəzetlərə senzura tətbiq etmək, birlikləri qanunsuz elan etmək kimi bir əməlləri ilə xatırlanır. Adolf Hitlerlə müttəfiq olan Mussolininin apardığı təcavüzkar daxili və xarici siyasət 400 min insanın ölümünə səbəb olub. Roma İmperiyasını dirçəltmək iddiasında olan Mussolini cəbhədə və daxili siyasətdə uğursuzluqlarından sonra 25 aprel 1945-ci ildə kommunist partizanları tərəfindən ələ keçirilib. O, aprelin 28-də məşuqəsi Klara Petaççi ilə birlikdə güllələnib. Ertəsi gün Mussolini, sevgilisi və bir neçə ardıcılının cəsədləri Milanın Loreto meydanındakı yanacaqdoldurma məntəqəsinin damından başıaşağı asılıb.

Arvadı ilə sianid kapsulu içən Adolf Hitler

O, Milli Sosialist Alman Fəhlə Partiyasının qurucusu və rəhbəri olub. A.Hitler Almaniyanın başçısı olanda əvvəlcə daxili təmizləmə ilə məşğul olaraq rəqiblərini vəhşicəsinə qətlə yetirib, qalanlarını həbsxanalara atıb. Sonra həm 6 milyon yəhudinin qətlə yetirildiyi Holokostu təşkil edib, həm də 10 milyonlarla insanın həyatını itirdiyi İkinci Dünya Müharibəsini başladıb. O, tarixin ən qanlı faşist diktatorlarından biri idi. Müharibədə uduzduğu və Sovet ordusunun Berlinə girdiyi dəqiqləşəndə isə o, yeni evləndiyi Eva Braunla birlikdə intihar edib. Braun sianid kapsulunu dişlədikdən bir neçə saniyə sonra ölüb. Hitler isə əvvəlcə sianid kapsulunu dişləyib, sonra xidməti silahı ilə başına atəş açaraq intihar edib.

Qaçarkən yaxalanan Rumıniya lideri...

1965-ci ildə Rumıniyanı ələ keçirən Nikolae Çauşesku hakimiyyətə gələr-gəlməz fikir və ifadə azadlığına müharibə elan edib. O, var-dövlət içində üzərkən və çox dəbdəbəli həyat sürərkən insanlar çörək tapmaqda çətinlik çəkiblər. 1989-cu ildə başlayan dinc nümayişlər zamanı etirazçılara atəş açıldıqdan sonra Ruminiyada etirazlar daha da şiddətlənib və proses ordunun iştirak etdiyi inqilaba çevrilib. Qaçmağa cəhd edən Nikolae Çauşesku və həyat yoldaşı Yelena Çauşesku 1989-cu il dekabrın 25-də mühakimə olunaraq edam edilib.

2 milyon insanın ölümündə günahkar olan Səddam Hüseyn...

30 illik dönəmdə İraqın 5-ci prezidenti olan Səddam Hüseyn 1970-ci illərdən başlayaraq tədricən dövləti ələ keçirməyə başlayıb. Bu dövrdə sünni ərəblər İraq əhalisinin yalnız beşdə birini təşkil etmələrinə baxmayaraq, bir çox əsas inzibati vəzifələrə təyin olunublar. O, dəfələrlə hökuməti devirməyə, müstəqilliyə cəhd edən şiələri və kürdləri qorxutmağa çalışıb. Bu proseslərdə 5000 adamın öldüyü Hələbcə qətliamında kimyəvi silahlara da əl atıb. 2003-cü ildə ABŞvə İngiltərənin başçılıq etdiyi koalisiya qüvvələri İraqı işğal edir. Əməliyyatın başlamasından üç həftə sonra, 2003-cü il aprelin 9-da paytaxt Bağdad koalisiya qüvvələrinin əlinə keçəndə Səddam Hüseynin hakimiyyəti sona çatır. Bu hadisələrdən təxminən səkkiz ay sonra Hüseyn gizləndiyi sığınacaqda yaxalanıb. 2006-cı il noyabrın 5-də ölüm hökmü çıxarılarkən o, 2 milyona yaxın insanın ölümünə görə məsuliyyət daşıyıb. İraq lideri 2006-cı il dekabrın 30-da asılaraq edam edilib.

Oğlu ilə birgə işgəncə verilərək öldürülən Qəddafi...

42 il Liviyanı idarə edən polkovnik Müəmmar Qəddafi ərəb hökmdarlarından hakimiyyət başında ən çox qalan lider olub. 1969-cu ildə hakimiyyəti ələ keçirmiş polkovnik Qəddafi istər Yaxın Şərqdə, istər Afrikada və Qərbdə həmişə səciyyəvi xüsusiyyətləri ilə gözə çarpan ziddiyyətli şəxsiyyət kimi tanınıb. Bir çox ölkələrdə illər boyu hesab ediblər ki, o, terrorçuluğu dəstəkləyib. 2003-cü ildə Qəddafi gözlənilmədən öz mövqeyini dəyişib və kütləvi qırğın silahından imtina edib.

Muəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə Sirt şəhəri yaxınlığında qətlə yetirilib. Elə orada da oğlu Mötəsim öldürülüb. Qəddafinin mühasirəyə alınmış Sirtdən qaçmağa çalışdığı avtomobil karvanı NATO-nun hava hücumuna məruz qalıb. Yaralı Qəddafi drenaj qurğusunda gizlənib, ancaq Liviyanın Milli Keçid Şurasının (MKŞ) dəstələrindən biri onu taparaq əsir götürüb. Bəzi məlumatlara görə, Qəddafi və Mötəsim işgəncələrə məruz qalaraq öldürülüb.

Məhkəmə zamanı ölən, “Balkan qəssabı” Miloşeviç...

O, keçmiş Yuqoslaviya və Serbiyanın prezidenti olub. “Balkan qəssabı” kimi tanınan hərbi cinayətkar Slobodan Miloşeviç Bosniyada həyata keçirdiyi vəhşi qırğınlarda 250 min insanın ölümünə səbəb olub. Müharibə cinayətləri ilə yanaşı, ona qarşı bir çox korrupsiya ittihamlarında da ittiham olunub. Yenilməz olduğunu düşünən Miloşeviç "məni məhv edə bilməz" deyirdi. 2000-ci il seçkiləri və ondan sonrakı üsyanla hakimiyyəti itirən Miloşeviç əvvəlcə Belqrad həbsxanasına göndərilib. Hollandiyanın Haaqa şəhərində yaradılmış Müharibə Cinayətləri Tribunalında mühakimə olunub. Miloşeviç 2006-cı il martın 11-də Haaqada müharibə cinayətlərinə görə mühakimə olunarkən vəfat edib.(Sfera.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.