"Microsoft" dünyanın ən böyük məlumat mərkəzini açır
Bu gün, 16:24

"Microsoft" ABŞ-da qurduğu yeni nəsil məlumat mərkəzinin 2026-cı ildə istifadəyə veriləcəyini açıqlayıb.
Şirkət layihəni həm miqyası, həm də istifadə olunan avadanlıq quruluşu ilə gələcək süni intellekt tədqiqatlarına zəmin hazırlayacaq bir addım kimi təqdim edir.
Viskonsin ştatında inşası davam edən və “Fairwater” adını daşıyan bu nəhəng məlumat mərkəzinin dəyəri 3,3 milyard dollar təşkil edir. Layihə keçmişdə uğursuz sərmayənin simvoluna çevrilmiş köhnə "Foxconn LCD" fabriki ərazisində həyata keçirilir. 2017-ci ildə böyük ümidlərlə elan olunan həmin zavod qısa müddət sonra istifadəsiz qalmışdı.
"Fairwater" 315 hektar ərazidə yerləşir və üç böyük binadan ibarətdir. Ümumi qapalı sahəsi isə 1,2 milyon kvadratmetri keçir. "Microsoft"un baş direktoru Satya Nadella bildirib ki, bu binalarda yerləşdiriləcək yüz minlərlə "Nvidia" GB200 GPU nəhəng bir fiber şəbəkə ilə bir-birinə bağlanacaq. Onun sözlərinə görə, bu şəbəkənin uzunluğu Yer kürəsini 4,5 dəfə dolaşmağa bərabərdir.
"Microsoft"un iddiasına görə, "Fairwater"ın GPU klasterləri mövcud ən sürətli superkompüterlərdən on dəfə daha güclüdür. Bu infrastruktur, xüsusən də böyük miqyaslı süni intellekt modellərinin təlimi və tətbiqi proseslərini əhəmiyyətli dərəcədə sürətləndirəcək.
"Fairwater" təkcə lokal bir sərmayə kimi görülmür. "Microsoft"un açıqlamasına əsasən, ABŞ-ın müxtəlif bölgələrində buna bənzər məlumat mərkəzlərinin inşası davam edir. Bu isə şirkətin süni intellekt infrastrukturu strategiyasını qlobal miqyasda genişləndirmə planlarının bir hissəsidir.
Mərkəzin nəhəng ölçülərinə baxmayaraq, ətraf mühitə təsirin minimuma endirilməsi hədəflənib. Xüsusi qapalı dövriyyəli soyutma sistemi sayəsində su istifadəsi minimum səviyyədə saxlanılacaq. Sistem yalnız bir dəfə doldurulur və buxarlanmanın qarşısını almaq üçün tamamilə bağlanır, beləliklə, davamlı su sərfiyyatının qarşısı alınır.
"Microsoft"un prezidenti Bred Smit layihənin təqdimatında davamlılıq prinsipini xüsusi vurğulayıb. Bu, süni intellektin artan enerji tələbi və ekoloji təsirləri ilə bağlı narahatlıqların yüksəldiyi bir dövrdə diqqət çəkən bir mesaj kimi dəyərləndirilir.