"Banff dağlarının havası milyonluq bazara çıxdı"
Bu gün, 16:04

Kanadanın Edmonton şəhərində iki dostun zarafatla başlatdığı iş bu gün beynəlxalq media tərəfindən diqqət mərkəzinə çəkilən qeyri-adi biznes modelinə çevrilib.
Valyuta.az xəbər verir ki, Moses Lam və Troy Paquette 2014-cü ildə qurduqları “Vitality Air” şirkəti ilə təmiz dağ havasını şüşələrə doldurub Çinə və digər böyük şəhərlərə sataraq tanındılar.
İdeya bir zarafatla başlayıb. Qurucular əvvəlcə eBay-də plastik torbaya doldurulmuş havanı cəmi 1 dollardan az qiymətə satmağa çalışıblar. Gözlənilmədən bu “hava torbası” alıcı tapıb və beləliklə, dostlar ideyanı daha ciddi layihəyə çevirmək qərarına gəliblər.
Şirkət Banff Milli Parkı kimi Kanadanın ən təmiz bölgələrindən toplanan havanı alüminium qutulara dolduraraq bazara çıxardı. İlk böyük sifariş Çindən gəldi. 500 ədədlik partiya cəmi dörd günə satıldı. Bu uğurdan sonra tələb sürətlə artdı və şirkət digər Asiya ölkələrindən də sifarişlər aldı.
“Vitality Air” müxtəlif ölçülü hava qutuları təklif edir. Üç litrlik qablaşdırmalar təxminən 14-20 dollar arasında satılır. Böyük qutular isə 160 nəfəsə qədər istifadə imkanı verir. 2015-ci ildə təxminən 30 min qutu satılmışdı, 2017-ci ildə isə bu rəqəm 200 mini keçdi. Şirkətin illik gəliri bir neçə yüz min dollara yaxınlaşdı.
İlk dövrlərdə hava sadə üsullarla toplanırdı. Sonradan xüsusi avadanlıqlar quruldu. Məsələn, 200 litrlik cihazla bir dəqiqədə 20-dən çox hava qutusu doldurmaq mümkündür. Bu texnologiya həm məhsuldarlığı artırdı, həm də beynəlxalq bazarlara çıxışı asanlaşdırdı.
“Vitality Air” qeyri-adi məhsulu ilə böyük maraq doğurdu. Xüsusilə havanın çirkli olduğu Pekin, Şanxay və Dehli kimi şəhərlərdə insanlar bu məhsulu həm təmiz hava, həm də “luks hədiyyə” kimi alırlar. Media da bu ideyanı tez bir zamanda məşhurlaşdırdı və şirkət pulsuz reklam qazandı.
Amma problemlər də az deyil. Qutudakı hava çirkli şəhərlərin uzunmüddətli sağlamlıq risklərini aradan qaldıra bilmir. Məhsullar bahalıdır və logistika xərcləri çox yüksəkdir. Həmçinin, sağlamlıq iddiaları elmi baxımdan sübuta yetirilmədiyi üçün bəzən tənqid olunur.
“Vitality Air” göstərdi ki, sadə görünən, amma insan ehtiyacına toxunan ideyalar böyük biznesə çevrilə bilər. Şirkət hələlik nisbətən kiçik bazarda fəaliyyət göstərsə də, şəhərlərin hava çirkliliyi artdıqca potensial müştəri sayı da çoxalır. Mütəxəssislər hesab edir ki, bu cür məhsullar “novelty” və “luks” seqmentində mövqeyini daha da gücləndirə bilər.