Kredit biznes üçün risklidir?

Bu gün, 16:08           
Kredit biznes üçün risklidir?
İnsanlar biznesə başlayan zaman əlində yetəri qədər vəsait olmadığı üçün kredit götürməyi düşünürlər. Bəzən biznesi tamamilə kredit üzərində qururlar, bəzən isə lazım olan məbləğ tam çatmadığı üçün kiçik həcmdə kredit götürürlər. Biznes quranlar bəzən kredit götürməkdə ehtiyat edirlər. Bunun əsas səbəbi isə krediti vaxtında ödəyə bilməmək qorxusudur. Onlar düşünürlər ki, krediti vaxtında ödəyə bilməyəcəklər və nəticədə biznesləri borc bataqlığına düşüb iflas edəcək.

Bəs həqiqətən kredit biznes üçün risklidirmi?

Biznes konsultant Pərviz Əzimov Valyuta.az-a açıqlamasında bildirir ki, biznesdə fərqli təcrübələri görə bilərik. Bu gün onun üçün risk kimi görmədiyimiz bir nüans sabah biznesin iflasına səbəb ola bilər:

“Bu gün bank hesabımızda uzun müddət xərclərimizi qarşılayacaq qədər vəsaitin olması bizneslərin ən böyük arzularındandır. Amma bir gün görərik ki, devalvasiya oldu və milli valyuta ilə saxladığımız pul əslində iflasımıza səbəb oldu. Buradan yola çıxsaq, o zaman kimsə deyə bilər ki, bu məntiqlə vaxtı-vaxtında borcunu ödəyən debitorda vəsaitin qalması daha etibarlıdır, ancaq bir gün də görərik ki, ən etibarlı debitorumuz iflas edib və beləliklə, biz böyük risk altında qalmış olarıq. Bu səbəbdən biznesdə atılacaq hər bir addım risklidir. Ancaq peşəkar idarəetmə də məhz bizdən bunu istəyir: riskləri dəyərləndirmək və xətanı minimuma endirərək biznesimizi inkişaf etdirmək”.

“Müasir ekosistemdə kreditlər biznesin inkişafının vacib bir parçasıdır. Bizneslərin 90%-i kreditlərdən faydalanır. Kredit götürərkən nəyə diqqət etmək lazımdır məsələsi isə çox vacibdir. Məsələn, borc bağlamaq üçün borc götürmək çox riskli bir addımdır. Hələ-hələ gəliriniz qeyri-sabitsə, o zaman az qala bu biznesin sonu deməkdir. Məcburiyyət qarşısında qalıb yüksək faizlərlə kredit götürmək də riskimizi olduqca artıran amildir. Qısamüddətli kreditin uzunmüddətli layihələrə yönəldilməsi də çox riskli hesab olunur. Bu kimi layihələri dərindən analiz etmək lazımdır. Zəif maliyyə planlaşdırması da problem yaradır. Götürüləcək kreditin necə istifadəsi ilə bağlı dəqiq planlama olmayanda da risk çox yüksək olur və s. Beləliklə, kreditlər biznesin ayrılmaz hissəsidir. Saysız bizneslər kreditlər sayəsində öz işlərini böyüdüb. Ancaq tam əksi də ola bilir. Bunun üçün ən vacib olan odur ki, risk analizi doğru edilsin və risklər minimuma endirilsin” - deyə P.Əzimov qeyd edir.

Tənzilə Ağabalayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru