“Ucuz qiymətə təklif olunan məktəbli formaları butulka və şüşədən hazırlanıb” – BAKI TİKİŞ EVİ

8-08-2023, 15:51           
“Ucuz qiymətə təklif olunan məktəbli formaları butulka və şüşədən hazırlanıb” – BAKI TİKİŞ EVİ
“Əgər məktəbli köynəyinin qiyməti 15 manatdan ucuz təklif olunursa, demək ki, o forma butulka, şüşə və ya mənşəyi məlum olmayan materialdan sifarişlə hazırlanıb”.

TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov BTE-yə aid olmayan mağazalarda, xüsusilə Sədərək ticarət mərkəzində satışı çoxalan və ucuz qiymətə təklif olunan formalardan danışarkən qeyd edib.

Onun sözlərinə görə təsadüfi yerlərdən məktəbli formasının alınması düzgün deyil və valideynlər forma alanda ilk növbədə keyfiyyətə əmin olmalıdırlar:

“Sədərək ticarət mərkəzinə mal vermirik və onlarla heç bir əlaqəmiz yoxdur. Heç vaxt da ora mal verməmişik. Kim əgər orada bizim malımızdan satırsa, onlar saxtadır. Sadəcə geyimin üzərində bizim etiketi vurub satırlar.

Yüz faiz pambıq olan kofta necə 9 manat ola bilər? Ola bilər ucuz formalara üz tutanlar çox olsun. Amma hər adam da eyni fikirləşmir. Övladını düşünən və qədrini bilən, təbii ki, keyfiyyətli formaya üstünlük verir”.

Etibar Əzimovun sözlərinə görə BTE-nin istehsal etdiyi şalvar və ətəklərin 60 faizi yun, 40 faizi isə polyesterdir:

“20-25 manatdan aşağı şalvar və ətəklərin satışı mümkün deyil. Yun parçanın 1 metrinin qiyməti 10 dollardan aşağı deyil. Azərbaycana gətiriləndə isə 35 faiz gömrük idxalına görə vergi tətbiq edilir. Bunu necə 9-10 manata satmaq olar? Ola bilər ki, kiçik sex və zirzəmilərdə tikilib satılır. Adını da qoyurlar ki, Bakı Tikiş Evinin istehsalıdır”.

BTE rəsmisi davam edən istehsaldan da danışıb. O, deyib ki, artıq satışda artım müşahidə olunur:

“Ətraf qəsəbələr də daxil omaqla 10 satış mərkəzimiz var. Heç kim deyə bilməz ki, həmin mağazalarda hansısa ölçü və ya rəngdə forma çatışmazlığı var. Geyimlərimiz satılır və hələlik heç bir şikayət yoxdur.

Hər şey qaydasında gedir. Hədəfimiz 300 min məktəbli forması hazırlamaqdır və davam edir. Üstəlik anbarlarımız da doludur”, - deyə Etibar Əzimov əlavə edib.

Xatırladaq ki, ötən ilin mart ayında baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.

Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib və məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.