“Surət Hüseynovu lənətləməyə nə var ki...- Belələrini yetişdirən mühiti bitirmək gərək...”
9-08-2023, 16:50

“Bir sözlə, inanın ki, nəfsimizi lənətləyə bilsək, ona qalib olsaq, arxivlər açılmasa belə, haqqında danışdığımız bu müdhiş imperiya şəbəkəsi də qarşımızda davam gətirə bilməz və həmin mühiti də bitirərik...”
“Bir yaxşı-yaxşı ətrafımıza baxaq, bu Vətənə, bu xalqa, bu dövlətə Surət Hüseynovdan qat-qat güclü və çox zərbələr vurmuş, elə sağlıqlarında da, gəbərəndə də milyon-milyon lənət yağdırılası neçə-neçə cəmdəklər var...”
-FİKİR SAVAŞI...-
Ötən 10 gün ərzində avqustun 31-də vəfat etmiş Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov haqqında çoxları ürəyini boşaltdı və əksəriyyət son 30 ildə xalqımızın başına gələnlərə görə ona lənət oxudu... Lənətləmə üzrə açıq yarış gedirdi... Hətta “lələ”ni onun korpus komandiri, “Milli Qəhrəman”, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, baş nazirin müavini kimi yetişməsində müstəsna rolları olanlar da söydü onu... Məsələn, elə keçmiş baş nazir Pənah Hüseynov... Çox az məxluq Surəti təriflədi... Məsələn, “azadlıq aşiqi” Nemət Pənahlı... O Nemət Pənahlı ki, bu il 30 iyunda yazdığım kimi, 30 il öncə - 1993-cü ilin eyni günündə Ali Sovetdə Surət Hüseynovun həmin vaxt yenicə spiker seçilmiş Heydər Əliyev tərəfindən baş nazir kimi təqdim olunma mərasiminə digər partiya sədirlərindən fərqli olaraq buraxılmışdı...
*** *** ***
Yaxşı, Surətin cəmdəyinə doyunca döşədik... Həyatımızda müsbətə doğru nəsə dəyişdi?.. Özümüz və cəmiyyətimiz, yaşayışımız, güzəranımız, həyat tərzimiz, dünyaya baxışımış dəyişdimi? Bir yaxşı-yaxşı ətrafımıza baxaq, bu Vətənə, bu xalqa, bu dövlətə Surət Hüseynovdan qat-qat güclü və çox zərbələr vurmuş, elə sağlıqlarında da, gəbərəndə də milyon-milyon lənət yağdırılası neçə-neçə cəmdəklər var... Özü də onlar məhz Surət Hüseynovdan yararlanaraq, faydalanaraq sərvətlərimizi talamaq, rüşvət və korrupsiya imkanlarına yiyələniblər.... Fəqət, belələrinin yetişməsində, boyunlarının ətlənməsində günahkar yalnız Surət Hüseynovdur məgər?.. Onları bu gün ifşa edib Surət kimi qazamata basdıra bilirikmi? Xeyr. Ona görə ki, onları yetişdirən mühiti bitirə bilməmişik hələ? Elə özümüzün günahlarımız, xətalarımız sayəsində yetişdirdiyimiz mühiti...Ona görə ki, özümüzü dəyişə bilməmişik hələ... Çünki həmin boynu yoğunları pisləsək də, xeylimiz nəfsimizin dərinliyində onların yerində olaraq var-dövlət, yağ-bal içində “xoşbəxt” yaşamağı arzulayırıq... Nəfsimizə min lənət!..
*** *** ***
Bəs 32 illik müstəqillik(!) dövrümüzdə Surət Hüseynovları yetişdirən və bu gün də sağlam qalan mühiti formalaşdıran əsas amillər hansılar oldu? Düşünürəm ki, burada əsas iki amil böyük rol oynayıb. Bunlardan birincisi, ölkədə vaxtında “lüstrasiya” – təmizlənmə, arınma, paklanma haqqında qanunun qəbul olunmaması... Və Rusiya imperiyasının -SSRİ kəşfiyyat arxivlərinin, yəni ən azı, Bakıda xeyli hissəsinə əlimiz çata biləcək “KQB” arxivlərinin açılmaması... İkincisi isə əksəriyyətimizin Sovetlər həbsxanasından çıxan “möhtərəm”, acgöz nəfsimizə yiyəlik edə bilməməyimiz... Nə olsun, fəxr edirdik ki, 1988-ci ilin payızındakı məşhur Meydan hərəkatında 1 milyondan çoxumuz bu gün yalnız “Formula” yarışları üçün açıq olan Azadlıq meydanına toplana bildik. Həmin meydana indi artıq hərəsi böyük bir oliqarx olan və bizləri saya salmayan, xalqı çapıb talayan o vaxtın varlı, vəzifəlilərinin, katiblərinin, komsomollarının, artistlərinin, din xadimlərinin pulları hesabına gətirilən peraşkiləri, sosiskaları, kababları və s. acgözcəsinə yedik... Sonra da cumduq azad şəkildə kinoteatrlar və zirzəmilərdə gizli-açıq nümayiş etdirilən erotik filmlərə baxmağa... Bir az keçdi alverə də azadlıq verildi... Və çoxumuz əlimizə keçəni halal-haram demədən başladıq alıb-satmağa, ləzzətlə bir-birimizə kələk gəlməyə... Yalanı, kələyi, fırıldağı və s. vicdanı qəbul edənlər böyüyə-böyüyə oldular iş adamı, biznesmen, ev aldılar, maşın aldılar, hətta vəzifə, deputat mandatları da aldılar.... Və bu qazandıqları xatirinə hər şeydən keçməyə, hətta Vətəni, dövləti, xalqı satmağa hazır oldular... Yəni meydandakı milyonumuz parçalandı, bölündü və orada səsləndirilən şüarlar, ideallar unuduldu...
Dediyimiz mühiti yetişdirən əsas amillərdən birincisi, yəni imperiya arxivlərinin vaxtında açılmaması ikinci amillə, yəni nəfsimizə, tamahımıza yiyəlik edə bilməməyimizlə birləşərək, çuğlaşaraq Rusiyanın ölkəmizdəki casus, agentura şəbəkəsini dəfələrlə gücləndirdi və nəticədə bu gün qarşısında girinc qaldığımız nəhəng “KQB”-“FSB”-“QRU”-“PKK”- korrupsiya şəbəkəsi formalaşdı. Bu şəbəkə o dərəcədə qudurub harınladı ki, bütöv nazirlikləri ələ keçirdi... 2015-ci ildə dağıtdığımız quldurluq, xəyanətkarlıq yuvası - MTN-in dağıntılarını hələ də təmizləyib qurtara bilməmişik...
*** ***
...Bunu dəfələrlə danışmışam, bir daha təkrarlamağa məcburam. 1994-cü ilin avqustunda Kələkidə mərhum eks-prezident Əbülfəz Elçibəydən soruşdum ki, bəy, hakimiyyətdə olanda arxivləri niyə açdırmadınız...Cavab verdi ki, açsaydıq – ölkədə vətəndaş müharibəsi olacaqdı... Öz növbəmdə cavab verdim ki, bəy, “KQB” arxivləri açılmadı, amma düzdü, Azərbaycan Güney Qafqazda ilk dəfə olaraq Rusiya ordusunu ərazisindən çıxardı, fəqət, əvəzində hər biri bir orduya bərabər “KQB” və “QRU” generalları başda olmaqla Moskvanın on minlərlə agent, xəfiyyə və çuğulundan ibarət agentura şəbəkəsi ölkəmizdə qaldı... Son nəticədə Surət Hüseynovun başçılığıyla törədilmiş olaylardan sonra sizin rəhbəri olduğunuz hakimiyyət də devrildi və ardınca Azərbaycanın daha 6 rayonu işğal edildi və minlərlə soydaşımız həlak oldu, minlərlə insanımız əsir düşdü, yarım milyona yaxın insanımız doğma yurd-yuvasından didərgin düşdü... Vətəndaş savaşı olsaydı belə, bundan çoxmu ziyan vurardı Azərbaycana?..
Amma maraqlıdır ki, AXC hakimiyyəti dövründə Elçibəydən sonra ikinci şəxs olan sabiq parlament sədri və keçmiş Müsavat başqanı İsa Qəmbər ondan təxminən 8 ay öncə -1994-cü ilin yanvarındakı müsahibəsində bəndənizin oxşar sualına “Mən və dostlarım DTK arxivlərinin açılmasından ehtiyat etmirik” cavabını vermişdi…
Həmçinin AXC iqtidarında milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər də sonuncu dəfə 2013-cü ildə bəndənizə verdiyi müsahibədə “KQB” arxivlərininn açılması ilə bağlı suala cavab olaraq demişdi ki, mən şəxsən müvafiq qanun və prosedurlar çərçivəsində arxivlərin açılmasının tərəfdarı idim...
*** *** ***
Bu gün bəziləri Surət Hüseynovu Rusiyanın agenti adlandırır, bəzi araşdırmaçılar da deyir ki, Surət özü birbaşa Moskvanın agenti deyildi, amma onun ətrafındakı əsas fiqurların “KQB”-nin, yaxud “QRU”-nun agentləri olması və onun lazımi plan və ssenari üzrə yönləndirilməsi ehtimalı böyükdür...
Bəlkə arxivlər vaxtında açılsaydı, Surətin öz kimliyi bilinər, yaxud onun Rusiya kəşfiyyatı ilə heç bir əlaqəsi olmadığı halda onun ətrafındakıların bu imperiyanın agentləri olduğu üzə çıxar və onlar Surəti ölkədə dövlət çevrilişi etməyə yönləndirə bilməzdi... Və ümumiyyətlə, arxivlərin açılması yalnız Surət Hüseynovun deyil, çoxlarının kimliyini dəqiqləşdirər və AXC hakimiyyətinin rəhbərləri də tamam başqa şəxslər olar, bu da həmnin iqtidarın taleyini də dəyişdirərdi...
Bütün hallarda Surət Hüseynovun “KQB”-“FSB” strukturları ilə bu və ya digər formada əlaqəsi olması haqqında son 30 ildə elə bir ciddi fakt və hüquqi sənəd aşkar edilməyib. Ancaq sabiq baş nazirin “QRU”-nun təsiri dairəsində olması ehtimalını artıran bir yazılı sənəd olub…
1995-ci ilin martında bu sətirlərin müəllifi “Təzadlar” qəzetinin baş redaktor müavini kimi redaksiyanın poçtuna “Əbülfəz Elçibəyin milli təhlükəsizlik məsələləri üzrə məxfi müşaviri” imzasıyla göndərilmiş və əsasən Surət Hüseynovun AXC hakimiyyəti dövründəki fəaliyyətinə həsr olunmuş bir məktubu redaktə edərək çapa vermişdi. Məktubda göstərilirdi ki, AXC hakimiyyəti dövründə Surət Hüseynovun baş nazirin müavini, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi və korpus komandiri təyin olunmasında Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsindən və ya “QRU”-dan pul bahasına ələ keçirilmiş sənədlər böyük rol oynayıb. Həmin sənədlərdə S.Hüseynov müsbət xarakterizə olunurmuş. Və o zaman baş nazir Pənah Hüseynovun S.Hüseynovun müavin vəzifəsinə namizədliyini təqdim etməsində eyni sənədlərin böyük təsiri olub...
AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər 2013-cü il aprelin 30-da bəndənizin “Həftə içi” qəzeti üçün götürdüyü müsahibədə “O dövrki Milli təhlükəsizlik nazirinin müavini kimi bu barədə məlumatınız olubmu?” sualını belə cavablandırdı:
“Rusiya “QRU”-dan Surət Hüseynov barədə müsbət fikirlərin olduğu bir sənədin ələ keçməsi haqda məlumatım olmuşdu. Və mən bunu Azərbaycan hakimiyyətini yanıltmaq, yönləndirmək cəhdi kimi qiymətləndirmişdim...”
15 may 2013-cü ildə “Həftə içi” qəzeti üçün bəndənizə müsahibəsində 1992-1993-cü illərdə baş nazir olmuş Pənah Hüseyn sabiq prezidentin məxfi müşaviri kimi təqdim olunmuş şəxsin kimliyini və Surət Hüseynovun vəzifəyə necə təyin olunmasına aydınlıq gətirdi. O, “həmin yazını “məxfi müşavir” imzasıyla mən yazmışam”- deyə cavab verdi. Onu da qeyd edək ki, o məktubun göndərildiyi dövrdə dövrdə sabiq baş nazir Pənah Hüseyn 1993-cü ilin 4 iyun faciəsi ilə bağlı həbsdən gizlənmək üçün qaçaq həyatı yaşayırdı... Elçibəy isə Kələkidə idi...
*** *** ***
Xülasə, bir-birimizin başını çox ağrıtmağa dəyməz. Olan-oldu, keçən keçdi... Surət 30 il öncə Gəncədən sürətlə Bakıya gəldi və 30 il tamam olandan sonra, adətən məxfi orqanların bir sıra məxfi sirləri açması məqamı gələndə beqafıl, sürətlə dünyasını dəyişdi... Onun Azərbaycan dövlət himninin sədaları, Azərbaycan və Türkiyə bayraqları altında dəfn olunmasına da təəccüblənməyə və ya məyus olmağa dəyməz... Hələ ölənləri demirik, eyni himn, eyni bayraqlar altında bizlərə zülm edən, sərvətlərimizi talayan və hələ də vəzifə kürsülərində əyləşən boynuyoğunlar var ki... Onlara bir söz deyə bilirikmi?..
*** *** ***
Nə isə... Ona korpus komandiri, baş nazir müavini vəzifələri, Milli Qəhrəman adı vermiş “Hər şeyin zamana ehtiyacı var” deyən eks-prezident Əbülfəz Elçibəy kimi bəlkə Surət də bir sıra sirrləri özü ilə apardı... Artıq onun təbii ölümlə, yoxsa hansısa məxfi güclərin və ya Rusiya kəşfiyyatın zəhərləməsi nəticəsində ölməsini araşdırmağın da faydası yoxdur... Artıq Surət Hüseynov yoxdur və ondan heç bir sualımıza cavab ala bilməyəcəyik... Biz isə hələlik yalnız Allaha məlum olan müddətdə bu dünyada, bu ölkədə yaşamalı olacağıq... Surət Hüseynovları yetişdirən mühitin hələ də mövcud olduğu Azərbaycanda...
*** *** ***
Bütün hallarda mübarizədən çəkinməməliyik. Və ilk növbədə öz nəfsimizlə, tamahımızla savaşda qalib olmağa çalışmalıyıq. Çünki öncəki yazılarımızda da dəfələrlə dediyim kimi, Şeytana və ona bağlı bütün düşmən gücləri, o cümlədən “KQB”-“FSB”-“QRU”-korrupsiya şəbəkəsini qidalandıran məhz nəfsimizdir... Bunun sxemi çox sadədir: hansı məqamda olmağına rəğmən yalan söyləmə, kələk gəlmə, badalaq vurma, oğurluq etmə, rüşvət vermə, rüşvət alma, sələm alma, sələm vermə, , çoxunun arxasında məhz bu korrupsiya şəbəkəsi dayanan banklardan kredit götürmə, ruhunu bir qarın çörəyə, evə, maşına, pula və s. sataraq saxtakarlığa, riyakarlığa, çoxüzlülüyə, məddahlığa, yaltaqlığa qurşanma... Düzdür, bunları etməyə böyük iradə, mənəvi-ruhi güc lazımdır... Amma, özünütərif olmasın, nümunə üçün olan faktı deyirəm: bəndəniz 55 illik ömrünü, xüsusən son 22 ili çox kiçik istisnalarla məhz bu sxemə uyğun yaşayıb... Və gördüyünüz kimi, sağam və sizlər kimi fani dünyada hələlik nəfəs alıram...
*** *** ***
Bir sözlə, inanın ki, nəfsimizi lənətləyə bilsək, ona qalib olsaq, arxivlər açılmasa belə, haqqında danışdığımız bu müdhiş imperiya şəbəkəsi də qarşımızda davam gətirə bilməz... Və nəticədə Surət Hüseynovları, Ramiz Mehdiyevləri, Eldar Mahmudovları və s. yetişdirən mühiti də bitirərik... Əks halda, yəni hər birimiz özümüzü dəyişməsək, cəmiyyətimiz dəyişməsə, başımız hələ çox bəlalar çəkəcək...
Allah amanında...
modeerator.az
Sultan Laçınlı