"Rosneft"in rəhbəri Rusiyada ən zəngin top-menecerdir...
11-08-2023, 00:06

"Seçinin cah-cəlalı, yaxtaları, nəhəng imarətləri "Rosneft"in hesabına alınıb..."
"Seçinin ikinci həyat yoldaşı "Putin zümrəsinin məşuqələri" reytinqində ikinci yerdədir..."
"Rosneft" rəhbərinin vergi reyestrində ayaması və onrəqəmli ədədlə ifadə edilən məvacibi müəyyən edilib
Rusiyanın "Rosneft" dövlət korporasiyasının rəhbəri İqor Seçin RF Federal Vergi Xidmətində ayama adı altında gizlənir.
Moderator.az xəbər verir ki, bunu Aleksey Navalnının komandası müəyyən edib və "Putinin dostunun sirrini açırıq. Seçinin məvacibi nə qədərdir?" adlı videoda danışıb.
Təqiqat müəllifləri iddia edir ki, vergi işçiləri üçün "Rosneft"ə Terentyev Sergey Andreyeviç rəhbərlik edir. Jurnalistlər diqqəti ona yönəldib ki, Terentyevin pasport və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) Seçinin bu sənədlərilə üst-üstə düşür. Əslində isə Terentyev soyadı yoxdur, saxta şəxs "Rosneft" rəhbərinin məvacibini gizlətmək üçün yaradılıb.
Bu "ayama" sayəsində Seçin illik 3, 3 milyard rubl gəlirini gizlədib, tədqiqatda iddia edilir. Vergi reyestrinə görə, Sergey Terentyev il ərzində "Rosneft"dən 3, 07 milyard rubl, "Rosneft"in tərkibində olan Ümumrusiya regionların inkişaf bankından 244 milyon, həmçinin "Rosneft"in səhmdarı "Rosneftqaz"dan daha iki milyon rubl əldə edib.
"Rosneft" ölkənin əsas neft şirkətidir. İqor Seçin 10 ildən artıqdır ki, onun rəhbəridir. Onun bütün cah-cəlalı, bütün yaxtaları, nəhəng imarətləri "Rosneft"in hesabına alınıb. Bunlar səhmlərinin yarısının dövlətə, yəni Rusiyanın bütün vətəndaşlarına məxsus olan şirkət hesabına əldə edilib. Biz hamımız "Rosneft"in səhmdarlarıyıq", - tədqiqat müəllifləri vurğulayıb.
2013-cü ildə "Forbes" jurnalı Seçinin illik gəlirinin 50 milyon dollar olduğunu dəyərləndirib və güman edib ki, "Rosneft"in rəhbəri Rusiyada ən zəngin top-menecerdir. Bundan sonra Seçin nəşrə qarşı şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı iddia qaldıraraq, dərc edilən məlumatların təkzib edilməsini tələb edib.
Terentyevin adına yazılan gəlirlər ildə təxminən 35 milyon dollar təşkil edib.
Bu ilin iyul ayında jurnalistlər "Putin zümrəsinin məşuqələrinin" reytinqini tərtib edib. Burada "Seçinin ikinci həyat yoldaşı" Olqa Rojkova ikinci yeri tutub, birinci yerə isə Rusiyanın "VTB" bankının rəhbəri Andrey Kostinin "məşuqəsi" Nailə Əsgərzadə layiq görülüb.