Gəncə hansı səbəblərdən “İmam Hüseyn şəhəri” adlandırılır?

11-08-2023, 12:04           
Gəncə hansı səbəblərdən “İmam Hüseyn şəhəri” adlandırılır?
Gəncənin hansı səbəblərdən “İmam Hüseyn şəhəri” adlandırılması haqqında bir neçə versiya mövcuddur. Şəhərin belə adlandırılmasının tarixi kökləri tam araşdırılmayıb, bu səbəbdən versiyalardan daha dəqiq və düzgün olanını göstərmək çətindir.
İlk mülahizələrdən biri Gəncə İmamzadəsində dəfn edilmiş İmam Məhəmməd Baqirin oğlu İbrahimin məhz İmam Hüseynin də mənsub olduğu Peyğəmbər nəslinin nümayəndəsi olması fikridir. Həmçinin ehtimal edilir ki, Gəncənin belə adlandırılması sakinlərin İmam Hüseynə və ümumiyyətlə, İmam şəcərəsinə olan ehtiramlı münasibətindən irəli gəlir.
Bu ad haqda başqa bir versiya da mövcuddur. Həmin versiyaya görə, Gəncə şəhərinin ruslar tərəfindən işğal olunması ilə Kərbəla döyüşünün arasında oxşarlıqlar var. Kərbəla şəhərində Yəzidin qoşunları İmam Hüseyn və onun məsləkdaşlarını mühasirədə saxlayaraq, onların su ehtiyatlarını məhv edərək və su verməyərək, bu yolla təslim olmalarını istəmişdilər.
Belə ki, Sisianovun əmri ilə mühasirədə olan Gəncə də xəyanət nəticəsində su ehtiyatlarından məhrum olmuş, lakin şəhər əhalisi sona qədər təslim olmamışdır.
Bundan əlavə, şəhərin belə adlandırılmasını İmam Hüseyn və Cavad xanın apardıqları mübarizənin hər ikisində Vətənin qorunmasına, ədalətsizliyə qarşı yönəlməsinə bağlayırlar. Bu versiyaya əsasən, Gəncə məhz bu hadisədən sonra “İmam Hüseyn şəhəri” adlandırılmağa başlayıb.
Digər ehtimallardan biri Kərbəla faciəsindən sonra İmam Hüseynin ölümünün qisasını almaq üçün qiyam etmiş Muxtar Səqəfinin köməyinə Gəncədən Farisi Türk adlı bir şəxsin rəhbərliyi ilə könüllü dəstənin gəlməsidir.
Gencexeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.