Daha bir Rusiya zabiti Litvaya qaçdı – Ukraynaya qarşı döyüşmək istəmir

13-08-2023, 08:45           
Daha bir Rusiya zabiti Litvaya qaçdı –
Daha bir Rusiya zabiti Litvaya qaçaraq oradan siyasi sığınacaq istəyib.

“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, onun adı İvan Korolevdir, artilleriya qoşunlarının leytenantıdır. Korolev deyib ki, o, Rusiyanı “dövlətin Ukraynaya qarşı apardığı qanlı müharibədə” iştirak etmək istəmədiyi üçün tərk edib.

Leytenant BBC müxbirinə deyib ki, o, birbaşa Ukraynada vuruşmayıb, onun xidmət etdiyi hissə Rusiya qoşunlarını sursatla təmin etməklə məşğuldur. O, Litva ilə sərhədi qanunsuz keçib və avqustun 10-da Vilnüsdəki avtovağzalda sərhədçilər tərəfindən saxlanılıb.

Avqustun 11-də o, miqrasiya mərkəzinə göndərilib və sığınacaq ərizəsinə baxılarkən orada qalacaq.

İyun ayında Rusiya döyüş aviasiyasının pilotu Dmitri Mişov analoji şəkildə Litvaya qaçmışdı. O, Ukrayna müharibəsində iştiraka razı olmadığını da bildirib. Sənədlərinə baxılarkən ona Litvada yaşamağa icazə verilib.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Aİ ölkələri döyüşməkdən imtina edən ruslara – həm hərbi qulluqçulara, həm də səfərbərlikdən qaçanlara siyasi sığınacaq verib-verməməsi məsələsini müzakirə edir.

Bu məsələdə konsensus yoxdur. Almaniyanın bir sıra nazirləri səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına Almaniyanın müvəqqəti sığınacaq verəcəyini bəyan ediblər. Eyni zamanda, Çexiya, Estoniya və Latviya kimi bir sıra Aİ ölkələri hərbi xidmətdən yayınanların mühafizəsinin təmin edilməsinə qarşı çıxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru