Sərhədçiyə atəş açan iranlı sərt cəzalandırıldı
15-08-2023, 09:16

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda və digər cinayətlər törətməkdə təqsirləndirilən İran vətəndaşı Ağacan Nadirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Teref.az Pravda-ya istinadla xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bu il avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındaİrandan Azərbaycan istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd pozucularına “dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin bədəməllər odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb.
İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-ci il təvəllüdlü İran vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən olunub. Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.
Fakt üzrə Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb.