Diversantın saxlanma görüntüsü yalan çıxdı - Müdafiə Nazirliyindən açıqlama + VİDEO (Yenilənib)

16-08-2023, 21:10           
Diversantın saxlanma görüntüsü yalan çıxdı - Müdafiə Nazirliyindən açıqlama + VİDEO (Yenilənib)
Azərbaycan Müdafiə Nazirliyi erməni diversantın saxlanılması ilə bağlı Ermənistan tərəfinin yaydığı videogörüntülərə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur:

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal “UAZ- 390945” markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır”.

***

Ermənistanın daha bir yalanının üstü açıldı. Caliber.Az-ın verdiyi məlumata görə, bu gün Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılan erməni diversant Qagik Voskanyan ərazidən UAZ markalı avtomobillə çıxarılıb.

Ermənistan Müdafiə Nazirliyinin guya həmin diversantın saxlanılması adı ilə yaydığı videonun isə bugünkü təxribatla heç bir əlaqəsi yoxdur.

Bu görüntülərlə Ermənistan tərəfi bu gün törətməyə cəhd göstərdiyi diversiya aktının üstünü ört-basdır etməyə çalışıb. Amma göründüyü kimi, bu əməlin də üstü açıldı.

***

Məlum olduğu kimi, bu gün Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan ərazisinə sızmağa cəhd edib.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində diversiya qrupunun bir üzvü - 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç saxlanılıb.

Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi terrorçunun saxlanma anını əks etdirən video yayımlayıb.

Sözügedən videonu təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.