Qozbel qəbirdə, cinayətkar türmədə düzələr - Bəs təkrar cinayət törədənlərin babalı kimin boynundadır?

22-08-2023, 16:51           
Qozbel qəbirdə, cinayətkar türmədə düzələr - Bəs təkrar cinayət törədənlərin babalı kimin boynundadır?
Tədqiqatlar göstərir ki, həbsxana insanların yenidən cinayət törətməsi riskini azaltmır. Bəzi hallarda bu, onların gələcəkdə cinayət törətmə ehtimalını nəinki azaldır, hətta artırır. Bəzən keçmiş məhbuslar yenidən cinayət əməli törədirlər. Buna səbəb nədir? Həbsxanalar cinayətkarları həqiqətən islah edir, yoxsa onları müəyyən vaxt ərzində daha da aqressivləşdirib buraxır? Yoxsa problemin tamamilə başqa, bilmədiyimiz tərəfləri var?
TEREF.AZ bildirir ki, Publika.az mövzu ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bizə deyilənləri sizə təqdim edirik:

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ölkəmizdə həbsxanaların islah yerinə çevrilməsi hələ uzun müddət alacaq:

“Çünki orada olan şərtlər o qədər uyğun deyil. Hesab edirəm ki, indi həbsxana sistemində çox müsbət dəyişikliklər baş verib. Ən azı rəhbərlik səviyyəsində həbsxananın problemlərini daha dərindən anlayan və burada islahatlar keçirməyə qadir olan bir yanaşma görəcəyik. Düşünürəm ki, ondan sonra artıq həbsxana mühitindən insanların daha sağlam şəkildə, daha islah olunmuş şəkildə çıxacağını görəcəyik. Hələ ki, bu, müşahidə olunmur. Ona görə də bu məsələdə ümidverici bir şey söyləmək çətindir”.

Deputat həbsdən sonra reabilitasiyanın vacibliyi məsələsinə də toxunub: “Həbsxanadan çıxandan sonra çoxunun reabilitasiya imkanları yoxdur, iş imkanı yoxdur və başqa məsələlər mane olur ki, onlar normal fəaliyyət göstərib keçmiş həyata, yenidən həbsxanaya qayıtmasın. Bu, reabilitasiya prosesini və cəmiyyətin sosial dəstəyini zəruri edən məsələlərdir. Təəssüf ki, bunlar da yoxdur. Ona görə də bu insanlar yenidən ora qayıtmalı olurlar”.

Hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki, yenidən cinayət törətmənin səbəbləri müxtəlifdir:

“Bəzən cinayət əməlini törədən şəxsin keçmişinə baxdıqda görürük ki, həmin şəxslər əvvəllər də məhkum olublar və onlar yenidən cinayət əməli törədiblər. Belə halların müxtəlif səbəbləri var. Məsələn, narkotik maddələrin istifadəsi, satışı və ya becərilməsi ilə məşğul olanlar arasında təkrarlanması və ya oğurluq cinayətlərinin təkrarlanması halları çoxdur. Bəzən şəxsiyyət əleyhinə yönələn qətl və s. cinayət əməllərində də şəxsin keçmiş məhbus olması faktı ilə qarşılaşırıq. Bu, islah proseslərin gedib-getməməsindən asılı olmayaraq baş verir”.

O qeyd edib ki, bu təkrarlanmanın sosial səbəbləri də var:

“Məsələn, məhkum olunmuş şəxs azadlığa çıxdıqda, məşğulluğunu təmin edə bilmir, əvvəlki iş yerini itirib, peşə vərdişini itirib. Penitensiar müəssisələrdə bəzi peşə vərdişlərinə yiyələndirirlər. Amma bu həmişə kifayət eləmir, ya da bəzi texniki peşə məktəblərində formal xarakter daşıyır. Amma Penitensiar Xidmətin özünün təşkil etdiyi kursları bitirənlər, məsələn, kompyuter kursları və s. bəzən iş tapa bilirlər. Azadlığa çıxan məhkumların bir çoxunun mənzilləri yoxdur. Penitensiar müəssisələrdə cəza çəkmiş şəxslərin sosial reabilitasiyası haqqında qanuna görə, mənzili olmayan şəxslər yataqxana ilə təmin olunmalıdır. 2007-ci ildən bu yana tikilməli olan yataqxana hələ də tikilib başa çatmayıb. Onlar bəzi situasiyalarda küçədə qalırlar. İş yeri yox, yaşayış yeri yox və beləcə yenidən cinayət törətməyə meyllənirlər. Bunu artıq sosial səbəb adlandırmaq olar. Təbii ki, burada psixoloji və digər səbəblər də var”.

Psixoloq Fuad Əsədovun sözlərinə görə, insanlar genetik, bioloji və psixoloji olaraq cinayətə meyilli ola bilirlər. Bəzi insanlar onları daha aqressiv edən genlərlə doğulurlar:

"Bəziləri isə uşaqlıqdan elə bir mühitdə böyüyürlər ki, onların cinayətə və deviant davranışlara yönəlmə ehtimalı digər insanlara görə daha çoxdur. Bu baxımdan bir dəfə cinayət törətmiş insanın yenə cinayət törətməsi gözləniləndir, çünki onun belə bir meyilliliyi var. Bundan başqa, insan türmədə, cinayətkar mühitində qaldıqda artıq onun psixologiyası müəyyən kriminal təsirlərə məruz qalır, əsəb sistemi pozulur və onun irəlidə cinayət törətməsi yenə də gözlənilən bir hal olur. Bundan başqa, insanların həbsxana həyatından çıxdıqdan sonra normal həyata adaptasiya ola bilməməsi problemi yaşanır. Onlar hətta bəzən həbsxana üçün darıxa bilirlər və həbsxanaya düşmək üçün cinayətə üz tuturlar. Və ya bəzən onların həbsxanada olduğunu bilən insanlar onları işə götürmür, ya da onlara sosial dəstək olmur və onlar yenə də bu psixoloji yükün ağırlığı ilə cinayətə, oğurluğa və s yönələ bilirlər. Bununla bağlı bir çox ölkələrdə də müzakirələr var ki, biz cinayətkarları, həqiqətən, həbsxanaya salmalıyıqmı və həbsxanalar onları islah etmək cəhətdən nə dərəcədə effektivdir?"

Psixoloq bildirib ki, cinayəti törədən şəxsin anlaqsız olması cəzanı yüngülləşdirici bir fakt olaraq qəbul edilir və ya ümumiyyətlə anlaqsız vəziyyətdə törədibsə heç cəzalandırılmır:

"Burada belə bir məsələ var ki, bu daha çox hüquq psixologiyasında istifadə olunan bir anlayışdır. Şəxs cinayəti törədərkən nə qədər anlaqlı olub, nə qədər anlaqsız olub? Tutaq ki, bir insanın hər hansısa bir şiddətli davranışa qarşı genetik, psixoloji, bioloji, yəni beyində baş verən proseslərdən dolayı meyilliliyi varsa, o gedib cinayət törədibsə, biz onu nə qədər məsul tuta bilərik? Bu nə qədər doğrudur? Bu, həqiqətənmi özündən asılı idi, yoxsa onun bədəni, beyni, psixologiyası, illərlə ona yeridilən ideologiya, ya da genləri onu bura doğru sürüklədi? Bununla bağlı dünyada təklif olunan proqramlar da var. Psixologiya və hüquq proqramları var ki, burada onlar müdafiə edirlər ki, cinayət edən insanları həbsxanaya salmaq yox, müəyyən reabilitasiya mərkəzlərinə göndərmək lazımdır ki, onlar müalicə alsınlar və onları bu davranışa sürükləyən faktorların təsirindən qurtulsunlar. Təbii ki, burada etik məsələlər də var. Məsələn, kimsə bir nəfəri öldürüb, ya bir nəfərə təcavüz eləyib və biz deyirik ki, onu həbsxanaya salmayaq, reabilitasiya edib cəmiyyətə bərpa edək, cəzalandırmayaq. Bəs, bu zaman o qurbanın ailəsi nə qədər razı olacaq, nə qədər ədalətli sayacaq bu qərarı? Belə olduqda, “ədalət” anlayışı sual altına düşür və “nə qədər etikdir?” sualı formalaşır. Daha fəlsəfi mövzulardı bunlar, amma nəticədə dünyada müzakirə olunan bir sistemdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.