Sürücülərə məsləhət: "Hər dəfə usta yanına gedib, vaxt itirməkdənsə..."

25-08-2023, 10:04           
Sürücülərə məsləhət:
Bakıda "Saxta avtomobil ehtiyat hissələrinin tədarükü və satışı"na qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsi, “Hyundai-Mobis Korporasiyası”ndan gələn ekspertlər, avtomobil sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri və avtomobil sahəsi üzrə fəal olan bir çox media təşkilatlarından olan jurnalistlərin iştirakı ilə “Otoplaza Mall Avtomobil şəhərciyi”ndə çox tərəfli seminar-təlim keçirilib.

Tədbirdə saxta ehtiyat hissələri ilə hansı şəkildə mübarizə aparmaqla yanaşı, bu məsələdə qarşıda duran vacib məsələlər və problemlər müzakirə olunub. Daha sonra, tədbirin gedişatında “Hyundai” avtomobillərinin misalında orijinal ehtiyat hissələrini saxta ehtiyat hissələrindən asanlıqla fərqləndirməyin yolları “Hyundai-MOBİS” mütəxəssisləri tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Nəqliyyat üzrə ekspert Rövşən Həsənov Demokrat.az-a açıqlamasında sürücülərə saxta avtomobil ehtiyat hissələri ilə bağlı tövsiyə verib:

"El arasında bir deyim var: ucuz ətin şorbası olmaz. Hər dəfə usta yanına gedib, vaxt itirməkdənsə bir dəfə orijinal məhsul alsınlar, büdcələrinə də qənaət etmiş olarlar. Orijinal olmayan ehtiyat hissələrinin satışına məhdudiyyət yoxdur. Bunları saxta da adlandırmaq olmaz. Var orijinal ehtiyat hissəsi, var orijinala bənzər, "podoriginal". Alıcı artıq özü seçim edir.

Sürücülərə məsləhətim odur ki, saxta mal ardıyca düşməsinlər. İstehsalçı ölkə brend məhsulun dəyərini və keyfiyyətini bildiyi üçün yüksək qiymət qoyur. Daşınma qiyməti də üstünə gələndə ola bilər ki, gözə baha görünsün. Lakin gələcəkdə həm texniki nöqteyi-nəzərdən, həm də büdcə baxımından problemlər yaşanmır".

Törə Zeynallı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.