Vaqnerin rəhbəri Priqojin: təhlükələrlə dolu həyat yolu

25-08-2023, 11:24           
Vaqnerin rəhbəri Priqojin: təhlükələrlə dolu həyat yolu
Paul Kirby
BBC

İki ay əvvəl Rusiyada Yevgeni Priqojinin qiyamı uğursuzluğa düçar olandan bəri daim belə bir fikir mövcud olub ki, uzun müddət ərzində bu qədər təhlükəli həyat yaşayan insan öz imkanlarını sınağa çəkib.

Bu uzun illər boyunca Vladimir Putin Priqojinin xidmətlərindən yararlana bilirdi.

O, elə bir insan idi ki, yetkinlik illərinin əvvəlini Sankt-Peterburqdakı həbsxanada keçirsə də, 1990-cı illərdə iaşə biznesi sayəsində sərvət əldə etməklə yanaşı cənab Putinin şəxsi himayəsini də qazanmağa müvəffəq olub.

Priqojinin Afrika, Suriya və Ukraynadakı muzdlularının fəaliyyəti onu hərbi fiqura çevirdi, lakin Rusiya Ukraynada müharibəyə başlayanda dinamika dəyişdi və Prezidentin keçmiş aşpazı təkcə sərvət deyil, həm də hakimiyyətə sahib oldu.
Təsdiqlənməmiş məlumatlara görə, onun Embraer Legacy təyyarəsi hava hücumundan müdafiə sisteminin iki zərbəsinə məruz qalıb.

Əgər o, qəsdən vurulsaydı, bu, çox az adamda təəccüb doğurardı, çünki Priqojinin düşmənləri az deyildi. Sərnişinlər siyahısında Priqojinin Vaqnerdəki ilk komandiri olan Dmitri Utkinin adı əks olunub.

Belə görünür ki, 62 yaşlı Priqojin Kremlə qarşı qısamüddətli qiyamdan sonra cəzadan yayına bilib.

Qiyamın dayandırılması ilə bağlı razılaşmaya əsasən, bir çox Vaqner döyüşçüsünə Belarusdakı düşərgəyə getməsinə icazə verildi, Priqojinin özü isə Rusiyada səyahət edirdi, o, Afrika liderlərinin son sammiti zamanı Sankt-Peterburqda keçirilən tədbirdə nəzərə çarpdı.

Onun Rusiya müdafiə qurumunun nöqsanlarına qarşı zəki, lakin sərt video çıxışları sona çatdı və dövlət televiziyası ilə onun Sankt-Peterburq yaxınlığındakı dəbdəbəli imarətinə reyd görüntüləri nümayiş olundu.

Lakin Priqojin heç vaxt sakitcə Belarusdakı təhlükəsiz sığınacağa çəkilmək niyyətini güdməyib və uğursuz qiyamdan sonra onun ilk video mesajı bu həftə yenidən ortaya çıxdı.
Çəkilişin Afrikada baş tutmasının təsdiqi kimi səhranın ortasında duran hərbi geyimli Priqojin istilərin 50°C dərəcəyə çatdığını deyib əlavə edir ki, Vaqner qrupu Rusiyanı “bütün qitələrdə daha da böyük, Afrikanı isə daha da azad etmək üçün yeni döyüşçülər cəlb edir”.

Belə görünürdü ki, Priqojin, Rusiyanın Mərkəzi Afrika Respublikası ilə Suriyadakı müttəfiqlərini dəstəkləyən, habelə Malidə Fransanın nüfuzuna meydan oxuyan Vaqner şirkəti ilə bağlı əvvəlki fəaliyyətinə qayıdır.

Priqojin Sankt-Peterburq şəhərində diqqəti çəkməyən adi bir ofis binasında Kremlpərəst bloqçuların “trol fabriki”ni yaratmışdır, hərçənd ki, o, illərdir bunu inkar edirdi. Lakin bu il Priqojin belə ideyanın müəllifi olduğunu etiraf edib.

“O, Rusiya informasiya məkanını Qərbin bayağı və aqressiv anti-Rusiya təbliğatından qorumaq üçün yaradılmışdı”, - Priqojin deyib.

ABŞ Priqojinin İnternet Araşdırmaları Agentliyini 2016-cı ildəki Prezident seçkilərinə müdaxilədə günahlandırır.

Sovet dönəminin son illərində Priqojin, quldurluq və dələduzluğa görə on ilə yaxın həbsdə yatıb.

Lakin yeni Rusiya öz sovet keçmişindən uzaqlaşarkən, o, əvvəlcə hotdoq satıcısı kimi iaşə xidmətinə, sonra isə Sankt-Peterburqda bir neçə dəbdəbəli obyekt açmaqla daha yüksək səviyyəli restoran biznesini qurur.

Bunlar, o zaman şəhər merinin müavini olan cənab Putinin diqqətindən yayınmayıb. “Vladimir Putin mənim köşkdən necə bir biznes qurduğumu gördü”, illər sonra Priqojin qeyd edəcəkdi.

Prezident olduqdan sonra cənab Putin fransalı həmkarı Jacques Chirac kimi dünya liderlərini əylənmək üçün Priqojinin restoranlarına dəvət edərdi. Bu minvalla iaşə biznesinin sahibi "Putinin aşpazı" adını qazanmış oldu.

Hərbi muzdlularla bağlı biznes Priqojinə hərbi nüfuz və pul qazandırırdısa, onun iaşə sahəsindəki fəaliyyəti bu ilə qədər daim sərvətinin əsasını təmin edib.

Uğursuz Vaqner qiyamından bir müddət sonra çıxış edən Prezident Putin dedi ki, Priqojinin özəl ordusuna 12 ay ərzində dövlət tərəfindən 1 milyard dollar verilib və daha 1 milyard dollar hərbiyyənin iaşəsi ilə məşğul olan Priqojinin “Concord” adlı şirkətinə ayrılıb.

Bu yalnız bir ili əhatə edən rəqəmlərdir, lakin bəzi məlumatlara görə, Priqojin 2014-cü ildən bəri dövlət müqavilələri sayəsində 18 milyard dollardan çox pul alıb.

Kremlin təbliğatçısı Dmitri Kiselyova əsasən, böyük pullar Priqojini “relsdən” çıxarıb, lakin ona cəzasızlıq hissini qazandıran muzdlularının döyüş meydanında göstərdiyi şücaətlər olub.

“O, müdafiə nazirliyinə, dövlətin özünə və şəxsən Prezidentə meydan oxuya biləcəyini düşünürdü”.

Priqojin üçün bütün bunların təsiri keçən il həlledici bir məqama çatdı. Onun Vaqner döyüşçüləri Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirmək üçün qanlı döyüşlərin aparıcı qüvvəsinə çevrildi.
Sentyabr ayında Rusiyadakı həbsxanalara baş çəkən Priqojin məhbuslara Vaqnerdə xidmət müqabilində cəzalarının yüngülləşdirilməsini təklif edirdi.

Baxmut uğrunda döyüşlərdə minlərlə insan həlak olub, onların çoxu təcrübəsiz, zəif silahlanan keçmiş məhbuslar idi.

Baxmutda qarşıdurma zirvə nöqtəsinə çatarkən ölən muzdluların cəsədləri arasında duraraq hərbi sursat tələb edən Priqojinin bir videomüraciəti yayıldı.

O, Prezident Putinin sadiq müdafiə naziri Sergey Şoyqunu və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovu tənqid edirdi.

"Şoyqu! Gerasimov! Hanı... sursat?... Onlar könüllü kimi gəlib və sizin qırmızı ağacdan hazırlanmış kabinetinizdə piylənməniz üçün ölürlər!"

Priqojin Prezidenti birbaşa tənqid etməkdən çəkinirdi, o, daima komandanlara irad tuturdu.

Lakin Vaqner qüvvələrini və digər “könüllü birləşmələri” əsas komandanlıq strukturuna daxil etmək planları açıqlananda Priqojin hərəkətə keçdi.

O, "ədalət yürüşü"nə başlamağa hazırlaşarkən, Ukraynaya genişmiqyaslı müdaxiləni şübhə altına aldı və müdafiə nazirinin minlərlə rus əsgərinin ölümünə görə məsuliyyət daşıdığını vurğuladı.

Priqojin qiyamının Putinin hakimiyyətini sarsıtdığı barədə iddialar Kremldə “isteriya” kimi təsvir olunur.

Bu ən azı Priqojinin Putinin liderliyinə qeyri-adi və uzun müddətli təsirinin sonunun başlanğıcı idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.