İnternet üzərindən distant təhsil... - Ekspert danışır

19-09-2023, 00:10           
İnternet üzərindən distant təhsil... - Ekspert danışır
Hər il analitiklər ən keyfiyyətli ali təhsilin harada olduğunu öyrənmək üçün araşdırmalar aparırlar. Ekspertlər araşdırmalar zamanı effektivlik, əlçatanlıq və aparıcı universitetlərin reytinqi kimi göstəricilərə əsaslanırlar. Araşdırmalara görə, Finlandiya təhsil sistemi dünyanın ən yaxşılarından biri hesab olunur. Hazırda ölkədə iki paralel ali təhsil sistemi, universitetlər və politexnik institutları mövcuddur. Bütün təhsil müəssisələri dövlətə aid olduğu üçün burada təhsil xarici tələbələr də daxil olmaqla hamı üçün pulsuzdur. Finlandiyada tədris fin və isveç dillərində aparılır. Bəzi ixtisaslar üzrə ingilis dilində də təhsil almaq mümkündür. Bunu üçün dili yaxşı bilməli, TOEFL və ya IELTS dil imtahanının nəticələrini təqdim etməlisiniz.
Böyük Britaniya ali təhsil müəssisələri dünyanın ən yaxşı universitetlərinin bütün reytinqlərində birinci yerləri tutur. Uzun illərdir ki, Britaniya universitetləri yüksək təhsil standartları nümayiş etdirirlər. Böyük Britaniyada ali təhsil bakalavr və magistr proqramlarına bölünür. Norveçdə ali təhsil diplomu bütün dünyada yüksək qiymətləndirilir. Ölkədə ali təhsil pulsuzdur. Bununla belə, bəzi özəl universitetlər təhsil haqqı tələb edə bilər. Elmi dərəcələr sistemi Boloniya təhsil standartına uyğunlaşdırılıb. Bu ölkələrdə müxtəlif təhsil proqamları da həyata keçirilir.

Bəs Azərbaycanda vəziyyət necədir? Təhsil proqramları hansı səviyyədə həyata keçirilir və ya keçirilirmi?
TEREF.AZ-ın məlumatına görə, təhsil eksperti İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kütləvi təhsil proqramlarının reallaşması yalnız distant təhsil formatında mümkündür. Ekspert vurğulayıb ki, bu gün dünyada sözün həqiqi mənasında fasiləsiz təhsil həyati bir zərurətə çevrilib. İnformasiyaların artma tempi, inkişafın dinamik olması hər bir mütəxəssisdən daim öz üzərində işləməyi tələb edir.

“Bunu bəzən müəssisə və şirkətlər də öz əməkdaşları üçün təşkil edir, bəzən də fərdi qaydada özünütəhsil formatında, qeyri-formal təhsil kimi də azsaylı insanlar edirlər. Belə fasiləsiz peşə təkmilləşməsi, ixtisasartırma kursları kütləvi olmalıdır. Çünki, bu gün ixtisasından asılı olmadan hamının, nəinki mürəkkəb peşə, hətta sadə peşə sahiblərinin də fasiləsiz təhsilinə ehtiyac var. Necə deyərlər, dərd verən, dərman da verir. İnformasiyanın sürətlə artması və fasiləsiz təhsilə zərurət yaradan müasir texnoloji inkişaf, mükəmməl təhsil texnologiyaları da yaradıb. Bu gün internet üzərindən distant təhsil almaq imkanları insanların fasiləsiz təhsilinə çox kömək edir”-deyə İlham Əhmədov əlavə edib. O, bildirib ki, dünyanın bütün mütərəqqi ölkələri artıq 20 ildir müxtəlif ixtisaslar üzrə, müxtəlif səviyyələrdə distant kurslar yaradıblar. Bunların arasında pullu olanlar da var, pulsuz olanlar da var. Əgər kimsə xarici dil bilirsə, bundan rahat faydalana bilər. Ancaq təəssüf ki, azərbaycan dilində belə yetərli sayda internet resurslar yoxdur. Çünki, Təhsil Nazirliyi 25 ildir distant təhsilin ölməmizdə yaradılması və inkişafı üçün nəinki heç nə etmir, hətta bunun qarşısını almaq üçün mümkün olan və olmayan hər şeyi çox inadkarlıqla edir. Təkcə bu strateji səhvin ölkəmizdə insan kapitalının formalaşması və inkişafına vurduğu ziyanın həcmi 100 milyonlarladır.

Ekspertin fikrincə, hətta pandemiya və postpandemiya müddətində də, bütün dünya distant təhsilin inkişafı üçün xeyli layihələr icra etsə də, Azərbaycanda Təhsil Nazirliyi bu istiqamətdə heç nə etməyib.

“Sadəcə “Teams MS” platforması üzərindən vebinar tipli məşğələlər etməklə kifayətləndi. O zamanlarda təhsil naziri öz müsahibələrinin birində deyirdi ki, bizim məqsədimiz ölkədə distant təhsil yaratmaq deyil, məqsədimiz pandemiya dövründə tədrisi qurmaqdır. Sual olunur: bütün dünya 20 ildir bu təhsil texnologiyasından yüksək səmərə ilə istifadə etdiyi halda, niyə bizim gənclərimiz bu imkandan məhrum olmalıdır? Mən bu sualı son 15 ildə 4 təhsil nazirinə ünvanlamışam. Onlardan üçü bu suala heç cavab verməyib, biri isə deyib ki, mənə distant təhsil lazım deyil. Ölkənin milli təhlükəsizlik məsələsi olan təhsili, bizim nazir özünün özəl sferası hesab edir, deyəsən. Sonrakı illər göstərdi ki, distant təhsil lazımdır, özü də hamıya. Biz 2006-cı ildə ölkədə distant təhsilin yaradılması üzrə strategiya hazırlayıb nazirliyə təqdim etmişdik. Heç bir nəticəsi olmadı bunun da”-deyə ekspert vurğulayıb.

Qeyd edək ki, yazıda sözügedən fikirlərlə bağlı Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.