Ermənistan Qarabağdan guya 100 minə yaxın hayk köçdüyünü deyir... - Bəs biz nə deyirik?..

30-09-2023, 13:16           
Ermənistan Qarabağdan guya 100 minə yaxın hayk köçdüyünü deyir... -
Ermənistanın hökumət saytında dərc olunan rəsmi məlumatda deyilir ki, guya dünən -sentyabrın 29-u saat 20.00-a olan məlumata görə, Qarabağın dağlıq hissəsindən Ermənistana 98 min 625 məcburi köçkün gəlib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, sözügedən məlumatı Ermənistanın aparıcı agentlik və saytlarıyla yanaşı, beynəlxalq statuslu “Kavkazskiy uzel” nəşri də təsdiləyib.

“Ermənilərin bölgədən kütləvi köçü başlamazdan əvvəl Qarabağ dağlıq hissəsindəki erməni əhalinin sayı hakimiyyət orqanları tərəfindən 120 min nəfər hesab edilirdi.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanın brifinqdə qeyd etdiyi kimi, bu günədək Həkəri körpüsündən 20 min 892 avtomobil keçib. O əlavə edib ki, İrəvandan Dağlıq Qarabağ sakinlərini aparmağa 46 avtobus göndərilib”- xəbərdə belə deyilir.

Zəruri şərh:

Yəqin ki, Azərbaycanın müvafiq dövlət qurumları ermənilərin bu, sözsüz ki, şişirdilmiş “rəsmi rəqəm”lərini nə vaxt və necə cavablandıracağını hamıdan yaxşı bilir...

Amma biz də vətəndaş və jurnalist marağımızla yanaşı, narahatlığımızı da ifadə etməyə borcluyuq.

Artıq 10 gündür ki, Azərbaycanın rəsmi qurumları, o cümlədən Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədimizdən keçən könüllü(!) köçkün hayların sayı haqda heç bir məlumat vermir. Lakin, sözsüz ki, “Laçın” sərhəd-nəzarət məntəqəsindən keçən hər bir şəxsin qeydiyyatı aparılır...

Dediyimiz kimi, rəsmi erməni mənbələrinə görə, artıq guya 100 minə yaxın hayk Qarabağdan Ermənistana köçüb. Belə getsə, uzağı, oktyabrın 1-də məlumat verəcəklər ki, artıq 120 min erməni Qarabağdan Ermənistana gəlib. Və Azərbaycanın susması qarşılığında bununla guya indiyədək Qarabağın dağlıq hissəsində 120 min hayk yaşadığı beynəlxalq ictimaiyyətin gözündə “təsdiq”ini tapacaq. İkincisi də artıq Azərbaycan torpağında erməni qalmadığı, yəni guya “etnik təmizləmə” aparıldığı “sübut” olunacaq...

Ümid edirik ki, tezliklə bu problemə də bir tutarlı əncam çəkiləcək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.