Pullu yolun qiyməti gözlənilmədən 2 dəfə artıb? - AÇIQLAMA
16-11-2023, 16:48

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib.
Belə ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib.
Qeyd edək ki, hazırda bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsində gediş haqqının 12 manatdan 20 manata qaldırıldığına dair məlumatlar paylaşılıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Cebhe.info-ya bildirib ki, sosial şəbəkədə gediş haqqının artımı ilə bağlı yayılan iddialar əsassızdır:
“Çünki Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müəyyənləşdirilmir. Məhz qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilir”.