Şabaş sözü necə yaranıb.

19-11-2023, 08:23           
Şabaş sözü necə yaranıb.
Üzərində düşündüyüm bir layihə ilə bağlı Səfəvi dövrünün mənbələrini gözdən keçirirəm. İndi oxuduğum "Venesiyalılar Şah Təhmasibin sarayında" (Tərcümə və şərhlər Oktay Əfəndiyev) adlı kitabda 1539-40-cı illərdə Səfəvi ölkəsində olmuş Michele Membre adlı venesiyalı səyyahın səfəvilərdə toy adəti ilə bağlı maraqlı qeydlər var. Onlardan biri “şabaş” sözünün necə yaranmasına işıq tuta bilər.
“[…]Sufilər and içəndə “Şah başı” deyirlər, yəni “Şahın başına” və biri başqasına təşəkkür edəndə “Şah muradın versin” deyir. Ata minəndə “Şah” deyirlər, atdan enəndə “en, Şah” deyirlər. Yəni buralarda “şah”dan başqa heç nə eşitmək mümkün deyil.[…]
Mən tez-tez toylarda da olurdum, orda ilk etdikləri iş otağın bir başından o biri başına qədər gözəl xalçaların üstündə sırayla oturmaq və əvvəl Allahı, sonra Şah Təhmasibi öymək olur. Əvvəl xəlifə başlayır, sonra hər kəs La İlahə İlləllah kəlməsini bir saat təkrarlayır. Sonra başlayırlar Şah İsmayıl və Şah Təhmasibin yazdığı, şahı öyən, "Xətai" adlanan məşhur mahnıları oxumağa.
Bu ifa da bitəndən sonra əlində tənbur olan başlayır iştirak edənlərin adını bir-bir, möhkəm səslə çəkməyə, hər bir adı çəkilən də “Şah baş” deyir. Adı çəkilən hər kəs özünə layiq bildiyi qədər adını çəkənə pul verir.
Bundan sonra hər kəs bir-bir şaha eşqini bildirmək üçün ortaya çıxaraq yerə uzanır, xəlifə möhkəm çubuqla onun kürəyinə zərbə vurur. Sonra xəlifə onun əlindən və ayağından öpür, o isə ayağa qalxaraq dəyənəyi öpür. Bu hamıyla təkrarlanır. Mən də orda olduğum üçün mənim də növbəm gəldi və o parça şalvarlı yaramaz mənə elə zərbə vurdu ki, indiyə qədər yeri ağrıyır. Onlar bunu şahın əmri ilə edirlər.”
P.S. Rəsm: İsfahandakı Çehel Sütun sarayındakı freskadan fraqment.
Firudin Allahverdi
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.