Əsgər payını oğurlayan erməni generalın daha bir dəhşətli cinayəti
30-11-2023, 15:28
Dörd illik məhkəmə prosesindən sonra İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi 2020-ci ildə ölən Xocalı canisi, Ermənistan müdafiə nazirinin keçmiş müavini, general-leytenant Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Əmiryanın işi üzrə hökmü elan edib.
Bakupost.az Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbər verir ki, məhkəmə generalı və onun dul arvadını bir çox cinayətlərdə təqsirli bilib və onların əmlakının müsadirə olunması ilə bağlı qərar çıxarıb.
"Hraparak" yazır ki, cinayət işində epizodlardan biri xüsusilə külli miqdarda əmlakın qəsb edilməsi haqqındadır. Söhbət Manvel Qriqoryanın 2004-cü ildə təzyiq və hədə-qorxu ilə Petros Torosyandan aldığı Eçmiədzindəki Baqramyan-Spandaryan küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsindən gedir. Məhkəmənin qərarına əsasən, yanacaqdoldurma məntəqəsi zərərçəkmişin varisi Hayk Torosyana qaytarılacaq. Petros Torosyanın oğlu Hayk atasının ədalətin qələbəsini görmədiyi üçün təəssüfləndiyini bildirib. Çünki cinayət işi başlanarkən o, dünyasını dəyişib.
Hayk Torosyan sözügedən məhkəmə qərarının "həyatının ən böyük qələbəsi" adlandırıb:
"Amma atamın bunu görmədiyi üçün çox təəssüflənirəm. Beş ildir ki, ona məxsus olan əmlakı qaytarmaq üçün mübarizə aparmışıq və Allaha şükür, buna nail olmuşuq. Bütün bunları atam başlayıb, amma mən bitirdim. Onun ölümündən sonra and içdim ki, ailəmizə məxsus olan əmlakı qaytaracam. Bu, mənim üçün şərəf və ləyaqət məsələsinə çevrildi. Çox heyf ki, bu yolda atamın çox yaxşılıq etdiyi ailə dostlarımızdan birini itirdim. O yəqin ki, təzyiqlərə tab gətirə bilmədi və məhkəmədə əleyhimizə ifadə verdi. Amma təkzibedilməz dəlillər var idi və məhkəmə ədaləti bərpa etdi".
Qeyd olunur ki, 2003-cü ildə tikilən sözügedən yanacaqdoldurma məntəqəsinin kadastr dəyəri 37 milyon 101 min dramdır (təxminən 92 min dollar). Torosyanın vəkili Qaqik Melikyanın dediyinə görə, bir il sonra, 2004-cü ildə o vaxt müdafiə nazirinin müavini olan Manvel Qriqoryan Torosyanları qorxudaraq, əmlaklarını əlindən alıb.
“Təzyiq və təhdidlər altında Petros Torosyan Manvel Qriqoryana bahalı mülk satdığı barədə sənədi imzalayıb. 2007-ci ildə isə Petros Torosyanın yanacaqdoldurma məntəqəsini “Eçmiədzin Vuştyun” MMC-yə sərmayə qoyması ilə bağlı başqa bir sənəd ortaya çıxıb. Amma çoxlu sübutlar var ki, Torosyan bunu təzyiq altında, öz iradəsinə zidd edib və buna görə heç bir təzminat almayıb. Bu barədə məhkəmədə 10-a yaxın şəxs də ifadə verib”, - deyə Qaqik Melikyan bildirib.
Torosyanlar ailəsinin vəkili deyib ki, o, əvvəldən məhkəmədə qalib gələcəyinə əmin idi:
“Şübhəsiz ki, biz davanı udacaqdıq, sübut bazası o qədər güclü idi ki, məğlubiyyət haqqında düşünmürdük. Əks "sübutlar" isə vəkillik taktikasının tətbiqi nəticəsində yaranan situasiya həlləri idi, onlar bizim danılmaz faktlarımız qarşısında əzilirdi”.
"Hraparak" qeyd edir ki, Qriqoryan ailəsinin hökmə etiraz edib-etməyəcəyi məlum deyil:
"Lakin sözügedən yanacaqdoldurma məntəqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Dövlət İnzibati Məhkəməsi vasitəsilə zərərçəkmişin varisinə qaytarılacaq".
Xatırladaq ki, 2018-ci il iyunun 16-da general Manvel Qriqoryanın evində silah və sursat saxlaması barədə məlumat yayılmışdı. Axtarış zamanı onun evindən xetyli miqdarda konservlər, tualet kağızı, universal maşınlar, qumbaralar, əsgərlərə verilən yeməklər və s. tapılmışdı. 2018-2020-ci illərdə istintaq təcridxanasında saxlanılan Qriqoryan 19 noyabr 2020-ci ildə öldü.