Hazır olmayan binalar sonradan başağrısına çevrilir... - Xəbərdarlıq
2-08-2016, 14:14
"Hazır olmayan binalardan mənzil almayın". Bu barədə Savash. org-a tanınmış hüquqşunas Müzəffər Baxış deyib.
Onun sözlərinə görə, bu cür mənzil alarkən bağlanan alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun deyil: "Bünövrə qoyulanda artıq müqavilə imzalayıb satış həyata keçirirlər. Həmin müqavilə isə notarial qaydada təsdiq edilmir. Sonradan isə bu məsələlər ciddi problemlər yaradır. Dəfələrlə çoxmərtəbəli, çoxmənzilli binalarda evlərin satılması ilə bağlı əhalinin aldadılması halları baş verir. Bu cür qanunsuzluqlara yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı hallar da çoxdur. Hüquqi baxımdan hazırkı vəziyyət göstərir ki, həmin binalarda mənzil almaq düzgün deyil. Heç kim onlara təminat vermir ki, ona satılan mənzil başqa birinə də satılmayıb və yaxud satılmayacaq”.
Hüquqşünas diqqətə çatdırıb ki, şirkətin və ya tikinti ilə məşğul olan şəxsin maliyyə vəziyyəti çətinləşəndə istər-istəməz o maxinasiyalar etməyə başlayır: “Vəziyyətdən çıxmaq üçün mənzilləri bir neçə şəxsə satmaq məcburiyyətində qalır. Düşünür ki, bu yolla vəziyyətdən çıxacaq və gələcəkdə problemini digər yollarla həll edəcək. Amma bu kimi hallar üst-üstə yığılır və gələcəkdə məlum olur ki, bir mənzil beş-altı adama satılıb. Həmin şəxslərin özlərinin də arasında problem yaranır. Əldə olan müqaviləyə əsasən ilkin olaraq mənzil kimə satılıbsa, ona çatır. Şirkət və yaxud hüquqi və ya fiziki şəxs elə müflisləşmiş vəziyyətdə olur ki, həmin şəxslərə hər hansı pul ödəmək imkanı olmur. Pulun ödənilməsi ilə bağlı məhkəmənin hökmü və yaxud qətnaməsi ola bilər. Müflis olan şirkətdən və yaxud hansısa şəxsdən pulun alınması mümkün deyil. Ona görə məhkəmənin verdiyi qərarın da icrası mümkün olmur”.
Mövcud problemlərin həlli üçün atılmalı olan addımlara gəldikdə isə ekspert deyib ki, bu sahədə Azərbaycanda xüsusi nüfuz qazanmış şirkətlər çalışmalıdırlar: "Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin tikililərin aparılmasına müvafiq sərəncam verilməlidir. «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» qanunda, Mülki Məcəllədə əvvəlcədən qeydiyyat institutu var. Sonra həmin tikili vahid smeta sənədlərinə uyğun olaraq əvvəlcədən qeydiyyata alınmalıdır. Daha sonra həmin tikililərdə mənzillərin konkret şəxslərə satışı notarial qaydada həyata keçirilməlidir. Belə olan halda mənzilin başqa şəxsə satılması mümkün deyil. Bizdə təkliflər var və qanunda da bu imkanların nəzərdə tutulmasına baxmayaraq, tətbiqinə başlanılmır».