Müttəfiqləri ABŞ-ı tərk edir - TƏHLİL

2-08-2016, 15:34           
Müttəfiqləri ABŞ-ı tərk edir - TƏHLİL
II Dünya Müharibəsindən sonra dünyanın lider ölkələrindən biri kimi özünü təsdiqləyən Birləşmiş Krallıq beynəlxalq münasibətlərdə, daha konkret desək, qlobal siyasətdə ABŞ-la birgə hərəkət edən ölkə kimi tanınır. Eyni fikirləri Yaponiya haqqında da demək olar. Amma indi vəziyyət ciddi şəkildə dəyişir...

İngilis bayrağı başqa səmtə dalğalanır

Britaniyanın uzun illər Avropa Birlyinin vahid valyutası olan Avro sisteminə qoşulmaması, AB-dən çıxmaqla bağlı başlatdığı kampaniya, Suriya məsələsində hərbi hərəkata bütünlükdə qatılmaması, habelə ABŞ-ın etirazlarını heçə sayaraq, Çin ilə çox ciddi münasibətlər qurması, eləcə də Rusiya oliqarxlarının Britaniya ərazisində əmlak almasına icazə verməsi, eyni zamanda, Rusiyanın Ukraynadakı fəaliyyətinə qarşı tətbiq olunan iqtisadi sanksiyaların bir hissəsinə qoşulmaması və bütünlükdə ABŞ-a qarşı dayanması müəyyən mənada Vaşinqton-London ziddiyyətlərindən xəbər verir.

Bütün bunlara rəğmən, ABŞ-ın Britaniyanı Avropa Birliyindən çıxmamağa çağırması, Prezident Barak Obamanın "Brexit"i müzakirə etmək üçün Londona səfər etməsi, ABŞ-ın başçılığı ilə 5 liderin qatıldığı "Hannover konfransı"nın təşkil olunması və konfransda Britaniyanın Aİ-ni tərk etməsi məsələsinin müzakirəsi onu göstərir ki, Vaşinqton Britaniyanın Birliyi tərk etməsinə isti baxmayıb.

Bütün bunların timsalında 2010-cu ildən 2015-ci ilə qədərki dövr ərzində sürətlə yüksələn Britaniya-Çin münasibətləri ingilis rəsmilərinin ifadə etdiyi kimi, "qızıl dövrü"nü yaşamağa başlayıb. "Brexit"in keçirilməsindən 1 il öncə Çin rəhbərinin Britaniya səfəri münasibətləri ən yüksək həddə çatdırdı. Səfər zamanı Devid Kameron çıxışında bildirmişdi ki, Britaniya Çinin Qərbdə ən böyük və ən güclü əməkdaşı olmağa hazırdır.

Çox maraqlıdır ki, Çin mediası Britaniya-Çin əlaqələrini "21 əsrdə qlobal müstəvidə yüksələn strateji ortaqlıq" adlandırır. Çin rəhbərinin 2015-ci ildə Böyük Britaniyaya baş tutan 4 günü 46 milyonluq investisiyanı əhatə edən səfəri çox ciddi mətləblərdən xəbər verirdi. Belə ki, həmin səfərdə "China General Nuclear Power Group" şirkəti Britaniyanın "Hinkley Point" atom stansiyasının 33,5% hissəni aldı, Çin İnşaat Bankının London şöbəsi rəsmən quruldu.

Britaniyanın maliyyə naziri Corc Osbornun geniş bir heyətlə Çinə etdiyi rəsmi səfəri də unutmaq olmaz. İngilis hökuməti hər vəchlə Çin kapitalını ölkəyə daha çox çəkməyə çalışır. Osborn Çin səfəri zamanı olduqca mühüm, dəyəri 11,8 milyard funt sterlinq olan nəhəng sürət qatarı xətti layihəsini Çinə təklif etdi. 2017-ci ildə inşasına başlanılacaq bu layihə London, Birminqham, Lids və Mançester şəhərlərini bir-birinə bağlayacaq. Layihəyə Çinin də maliyyə yatıracağı proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, Britaniya Çində pozulan insan haqlarına heç zaman ciddi münasibət bildirməyib, qətiyyən sərt reaksiya göstərməyib. Bu mövzuda Britaniya ABŞ-dan fərqli olaraq, Çinə qarşı çıxış etməyib. Təbii ki, Vaşinqtonu Britaniyadan narazı salan nüanslardan biri də elə budur.

Ağ Evi narahat edən faktlardan biri də Britaniyanın maliyyə sektorunda Çin ilə çox sıx əməkdaşlıq etməsidir. Birləşmiş Ştatlar bu əməkdaşlığa çox sərt şəkildə reaksiya verib. Məsələn, 2015-ci ildə Çinin yaratdığı "Asiya İnfrastruktur və İnvestisiya Bankı"na Böyük Britaniyanın üzv olmasını ABŞ çox kəskin tənqid etmişdi. Əlbəttə, Britaniya da bu sərt münasibətə biganə qalmayaraq, ABŞ-a cavabında bildirmişdi ki, “biz bəzən tamamilə fərqli maraqlara uyğun hərəkət edirik”.

Bəzi kəşfiyyat sənədlərinə görə, Britaniya və Çin Liviya məsələsində kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı əməkdaşlıq ediblər. Təxminən 2003-cü ildən Çin kəşfiyyatı Britaniya xüsusi xidmət orqanı "MI-6" ilə “Uyğur məsələsi”ndə, eləcə də islamçıların Çində yarada biləcəyi təhdidlərlə bağlı ilə əməkdaşlıq edib.

Hələ 2014-cü ildə Çin-Britaniya əlaqələrinə toxunan baş nazir Devid Kameron vurğulamışdı ki, iki ölkə arasındakı ticarət həcmi 100 milyard dollara qədər qalxacaq. Ümumiyyətlə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar keçirdiyi referendumdan sonra Londonun hədəfləri daha aşkar görünməyə başlayıb. Maraqlıdır ki, Britaniyanın xarici ticarətinin 60%-i Avropa Birliyinə üzv olmayan ölkələrin payına düşür.

Vaşinqtonda fəaliyyət göstərən "Brookings" beyin mərkəzinin Asiya və Avropanın iqtisadi-siyasi əlaqələr üzrə analitiki, eyni zamanda əvvəllər Fransanın müdafiə nazirliyinin sözçüsü olaraq çalışmış Flipp Le Korre məqaləsində qeyd edir ki, Çin Britaniyanın "Hitrou" hava limanının 10% səhmlərini alıb. Bundan əlavə, Çinin Avropada təqribən 20-30 milyard avro yatırımları var.

Yaponiya da ABŞ-ı tək qoyur

II Dünya Müharibəsindən bəri Yaponiya ABŞ-ın Asiya-Sakit Okean regionundakı ən etibarlı müttəfiqlərindən biri sayılır. Amma 2010-cu ildə "Finansial Tayms" Yaponiyanın ABŞ-dan qopub, Çinə yaxınlaşması ilə bağlı dərc etdiyi yazıda qeyd edirdi ki, Hatoyama hökuməti fəaliyyətə başladığı ilk gündən Okinava adasındakı ABŞ hərbi bazasını ləğv etdirməyə çalışır və bu, əslində Yaponiyanın ABŞ-a qarşı dəyişən diplomatiyasından xəbər verir.

O zamankı baş nazir Yukiyo Hatoyama ABŞ-ın anti-Çin davranışlarına qətiyyən müsbət yanaşmırdı. Həmin ərəfədə 600 nəfərlik Yaponiya nümayəndə heyətinin Çinə səfərini siyasi analitiklər ABŞ-a ünvanlanmış bir mesaj kimi də yozurdular. Həmin səfərin ardından Yaponiya imperatoru ilə Çin rəhbərinin gözlənilmədən görüşməsi (halbuki, protokol qaydalarına görə, belə görüş 30 gün öncədən təyin olunmalıdır) ciddi nüanslardan xəbər verirdi. Bütün bu arqumentlər rəsmi Tokionun heç də Vaşinqtonla əla münasibətdə olmadığını göstərir.

Yaponiyanın gələcəkdə ABŞ-ın onu Çin təhlükəsindən qoruya bilməyəcəyini öncədən düzgün qiymətləndirməsi və nəticədə Pekin ilə yaxınlaşmaya üstünlük verməsi çox ciddi məqamlardan xəbər verir. Qeyd etmək lazımdır ki, son bir ildə Çin ilə Yaponiya bank sektoru, eləcə də maliyyə məsələri ilə bağlı çox sıx əməkdaşlığa başlayıblar, hətta istisna edilmir ki, Yaponiya Çinin yaratdığı Asiya İnfrastruktur və İnvestisiya Bankına üzvlük üçün müraciət etsin.

Okinava hərbi bazası ABŞ üçün böyük strateji əhəmiyyət daşıyır. Çünki Çin, Şimali və Cənubi Koreya, həmçinin Tayvana ən yaxın bazadır. Bu adada ABŞ-ın bölgədəki hərbi kontingentinin 75%-i toplanıb. Bu bazanın Körfəz savaşı zamanı, həmçinin İraq və Əfqanıstan müharibələrində çəkisi çox böyük olmuşdu. Digər tərəfdən, baza ABŞ-a Hind okeanı və Orta Şərq bölgəsində öz gücünü qorumağa imkan verir.

Okinavada hərbi bazanın olmasına görə yerli əhali bərk narahatçılıq keçirir. Maraqlıdır ki, adanın 20%-də yerləşən bu hərbi bazanın 70% xərcini Yaponiya qarşılayır. 1995-ci ildə bu bazada amerikalı əsgərlər 12 yaşlı qızı zorlamış və bu, 80 min nəfərin ABŞ-a qarşı etiraza qalxmasına səbəb olmuşdu. 1996-cı ildə referendum keçirən yaponlar 89% səslə Amerika bazasının ləğvini istədilər. 2010-cu ildə adada 90 min nəfərin iştirakı ilə ABŞ-a qarşı böyük bir etiraz aksiyası da baş tutmuşdu.

Amma bənzər hadisə yenidən təkrarlandı: 2012-ci ildə iki amerikalı hərbiçi tərəfindən yapon qadının cinsi zorakılığa məruz qalmasına görə ABŞ rəsmi səviyyədə Yaponiyadan üzr istədi. Fəqət eyni hadisə 2016-cı ilin 19 iyun tarixində yenidən baş verdi: 20 yaşında bir yapon qadının Amerika əsgərləri tərəfindən zorlanaraq öldürülməsi bölgədəki gərginliyi daha da artırdı. Etirazlara çıxan on minlərlə insan "Səbrimiz daşdı", "Amerika, əsgərləri bölgədən çıxart" kimi şüarlar səsləndirməyə başladılar. Xüsusi bir məqam da odur ki, okianavalılar özlərini yapon saymırlar və Çin ilə tarixi bağlılıqları var.

Ümumiyyətlə, 2009-2010-cu illər Tokio-Vaşinqton münasibətlərində ciddi gərginlik kimi qiymətləndirilir. 2016-cı ildə yenidən ABŞ-Yaponiya münasibətlərində soyuqluq yaşanır və aradakı uçurumun getdikcə böyüyəcəyini görünür.

AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.