Azərbaycanda maşınlara “qara qutu” qoyulacaq? - Ekspert danışır...
1-02-2024, 00:02

Avropa İttifaqında satılan bütün yeni avtomobillərdən 2024-cü ilin iyul ayından etibarən “qara qutu” tipli hadisələrin qeydə alınması (EDR) cihazı ilə təchiz edilməsi tələb olunacaq.
Bu barədə Avropa Komissiyasının sənədlərinə istinadən məlumat yayılıb. EDR avtomobilin markası və modeli, həmçinin avtomobildə quraşdırılmış avadanlıq haqqında məlumatları saxlayacaq. Cihaz müxtəlif məlumatları, o cümlədən sürət, əyləc və təhlükəsizlik sistemləri haqqında məlumatları qeyd edəcək.
EDR-nin quraşdırılması tələbi səkkiz yerə qədər oturacağı olan M1 sinifli minik avtomobillərinə, həmçinin N1 sinfinə aid kommersiya avtomobillərinə, o cümlədən çəkisi 3,5 tona qədər olan pikap və furqonlara şamil ediləcək. ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, ölkədə satılan yeni avtomobillərin 99,5%-i artıq analoji qurğularla təchiz olunub.
Maraqlıdır, ölkəmizdə avtomobillərə “qara qutu” quraşdırıla bilər?
Sözügedən məsələ ilə bağlı “Cebhe.info”-ya nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı bildirib ki, ölkəmizdə avtomobillərə “qara qutu”nun quraşdırılması real görünmür:
““Qara qutu”nu daha çox yük avtomobillərinə və sərnişin daşıyan avtobuslara quraşdırmaq lazımdır. Ölkəmizdə hələ onlara indiyə qədər “qara qutu”nun quraşdırılması həyata keçirilməyibsə, o zaman minik avtombillərinə quraşdırılması qeyri -realdır. Düşünmürəm ki, qısa müddət ərzində ölkəmizdə bütün nəqliyyat vasitələrinə “qara qutu” quraşdırılsın”.
Bununla belə o, yeni gətirilən avtomobillərdə “qara qutu”nun quraşdırılmasını itisna etməyib:
“Yəni zavod buraxlışında yeni qayda və ya norma kimi standart tələb qoyulsun. Əgər elə olarsa, o zaman kütləvi şəkildə quraşdırıla bilər”.