Xaricdən idxal olunan meyvələr bu xəstəliklərə yol açır - Yerli və təbii məhsullar niyə tapılmır?
5-03-2024, 18:18

Elə bir dövrə gəlib çatmışıq ki, ilin hər fəslində bazarlarda, marketlərdə istənilən yerli və xarici meyvə-tərəvəzi tapmaq çox rahatdır. Doğrudur, mövsümi olmayan, idxal edilən məhsullar digərləri ilə müqayisədə çox bahadır. Amma almağa imkanı olanlar çox rahatlıqla qışın oğlan çağında alça, çiyələk, yayın qızmarında nar, heyva tapa bilər.
Mövsümi olmayan, xaricdən idxal edilən meyvə-tərəvəz hansı şəraitdə yetişdirilir və saxlanılır? Onların insan orqanizminə hansı zərərləri var?
Qida eksperti Ağa Salmanov TNS-ə açıqlamasında bildirib ki, bütün meyvə-tərəvəzlər təbiət tərəfindən mövsümə uyğun kodlaşdırılıb: "Məsələn, heyva qış meyvəsidir. Yəqin ki, yayda heç kim heyva yemək istəməz. Meyvələri fəslində yeməyimiz genetik kodlarla üst-üstə düşür”.
Ekspertin sözlərinə görə, təbii olmayan şəraitdə yetişdirilən meyvə-tərəvəzlər insana zərər verməsə belə, faydası yoxdur: “İstixanalarda yetişdirilən məhsullar da buraya daxildir. Həmin istixanalarda məhsulların yetişdirilməsi üçün müəyyən preparatlardan istifadə olunur. Bəzən kimyəvi dərmanlardan zəhərlənmə halları baş verir. Yayda yeyilən xiyarla istixanada yetişən xiyar arasında böyük fərq var. Hər bir meyvəni, tərəvəzi mövsümdə yeməyin insan orqanizminə faydası böyükdür. Digərləri isə dərmanlı məhsullardır. Onlar yuyulmadan yeyildiyi təqdirdə daha ağır fəsadlara yol açır. Bunlar mədə xorası, allergik xəstəliklərə gətirib çıxarır”.
Ağa Salamov qeyd edib ki, xaricdən idxal olunan bəzi meyvələr adətən pestisidlərlə yetişdirilir: “Bu preparatdan məhsulların gəmiricilərdən qorunması, yarpaqları solmaması, meyvə-tərəvəzin üstündə ləkələrin əmələ gəlməməsi üçün istifadə olunur. Ölkəyə idxal olunan hibrid meyvə və tərəvəzlərin heç bir faydası yoxdur. Dərmanlar sayəsində qidaların dadı da tamam itir. Mövsümi olmayan meyvələrin qiyməti də kifayət qədər yüksəkdir".
Kənd məhsullarının bazarda geniş yayılması üçün hansı addımların atılmasının lazım olduğuna gəlincə, ekspert qeyd edib ki, ən yaxşı çıxış yolu kənd təsərrüfatı sahəsini gücləndirmək, kəndlilərə maliyyə baxımından yardım etməkdir: "Onlara yardım şəklində pul verilə bilər ki, onlar sırf torpaqla məşğul olsunlar. Kəndlilərdə işlərinə qarşı maraq oyatmaq lazımdır. Məhsulu əkib-becərəndə harda, necə satacaqlarını bilməlidirlər. Marketlərdə yerli kənd məhsullarının yerini üstü kağızlı xarici məhsullar alıb. Şərait yaratmaq lazımdır ki, kənd adamları məhsullarını rahat Bakıya gətirib sata bilsinlər. Belə olduğu halda, rəqabət də artacaq. Sağlam rəqabət mühitində isə qiymətlər fantastik olmayacaq. Stimul olmasa, yerli məhsullar qıtlaşacaq. Yerli məhsullar azaldıqca yerinə dərmanlı məhsullar keçəcək".