Anardan Ayaz Salayevədək: - Rasim Balayevin sədrliyi ilə bağlı nə dedilər?
5-03-2024, 19:08

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilib.
İki ittifaq birləşərək sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılıb. Yeni yaradılan kino ittifaqının sədri isə Xalq artisti Rasim Balayev seçilib.
"Cebhe.info" bundan sonrakı fəaliyyətlə bağlı ittifaq üzvlərinin fikirlərini öyrənib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bildirib ki, başqa alternativ yox idi:
"Mehribanlıq şəraitində konfrans keçirildi və Rasim Balayev yekdilliklə Azərbaycan Kinomotaqrafçılar İttifaqının sədri seçildi. Biz də onun namizədliyini irəli sürmüşdük. Şəfiqə xanım ürəkaçıqlığı ilə, comərdliklə öz namizədliyini geri götürdü. Azərbaycan kinosunun milli brendi, milli siması Rasim Balayevdir. Alternativ yox idi. Biz birliyə can atırıq, güc birlikdədir. İttifaqın birləşməsi də bu birliyi təcəssüm etdirir. Azərbaycan kinosunun inkişafına dəstək vermək üçün çalışacağıq".
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli deyib ki, əsas odur, kino adamı sədr seçilib:
"Kino təşkilatları məmur müdaxiləsindən sonra iki yerə parçalanmışdı. İndi isə bu təşkilatlar birləşdi. Rasim Balayev sədr seçildi, buna çox müsbət yanaşıram. Əsas odur ki, kino adamı seçildi. Əsas odur ki, kinodan kənar bir şəxs gətirilməyib. Geriyə kinonun inkişafına real dəstək vermək, kinomuzu beynəlxalq arenaya çıxarmaq, Azərbaycan kinosunu yenidən dirçəltmək qalır. Bu işdə də bütün kino adamlarına uğurlar arzu edirəm".
Yazıçı Anar isə bundan xəbərsiz olduğunu deyib:
"Hələ mənim bundan xəbərim yoxdur. Sabah bu barədə danışaram".
Kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev isə heç vaxt bu barədə danışmayacağını bildirib:
"Qurultayla bağlı heç nə danışmıram, heç nə danışmaq istəmirəm, heç vaxt danışmayacağam da".